Ölkə üzrə azyaşlı uşaqların məktəbəqədər
təhsilə cəlbolunma səviyyəsini artırmaq məqsədilə Təhsil Nazirliyi
tərəfindən müəyyən tədbirlər həyata keçirilməkdədir. Azərbaycan
Respublikası təhsil nazirinin müvafiq əmrinə əsasən, paytaxtın 89
ümumtəhsil məktəbində məktəbəhazırlıq qrupları artıq fəaliyyətə
başlayıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin verdiyi məlumata görə,
oktyabrın 15-dən mayın 25-dək davam edəcək, həftədə 4 gün fəaliyyət
göstərəcək hazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə
hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması, müəyyən bilikləri
əldə etməsidir.
Qeyd edək ki, artıq 89 məktəbdə 135 məktəbəhazırlıq qrupu fəaliyyətə
başlayıb. Burada uşaqlarla məşğələləri aparan təcrübəli, bacarıqlı,
intellektual, müəllimlərin bilik və səriştəsinin Sınaq
Qiymətləndirilməsində yüksək nəticə göstərən ibtidai sinif müəllimləri
həmçinin xüsusi təlim keçiblər.
2015-ci il dekabrın 31-dək 6 yaşı tamam olan uşaqların təhsil aldıqları
məktəbəhazırlıq qrupları ödənişli əsaslarla aparılır və onun aylıq
qiyməti 40 AZN təşkil edir. Bu proses valideynlə məktəb arasında
bağlanan ikitərəfli müqavilə əsasında ödəniş haqqının təhsil
müəssisəsinin bank hesabına köçürülməsi ilə həyata keçirilir. Hazırlıq
qrupunu bitirən uşağa sonda rəsmi sənəd - arayış veriləcəkdir.
Verilən məlumatda o da qeyd olunurdu ki, müəyyən səbəblərdən hazırlıq
qrupuna vaxtında başlaya bilməyən uşaqlar üçün valideynlərin
müraciətlərinə əsasən, dərs ilinin ikinci yarısından etibarən əlavə
qruplar təşkil oluna bilər. Qruplar təşkil olunduğu halda yanvar ayının
10-dan başlayaraq iyun ayının sonunadək davam edəcəkdir.
Bəs görəsən layihəni həyata keçirmək uçün müəyyənləşdirilmiş
məktəblərdə bu iş necə təşkil olunur? Təhsil müəssisələrində
məktəbəhazırlıq qruplarının fəaliyyəti üçün nə kimi işlər görülüb? Bu
məqsədlə paytaxtın bir neçə məktəbində olduq.
Bu qruplar uşaqların məktəbə daha tez adaptasiyasına kömək edəcək
Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbdə artıq bir neçə gündür
ki, məktəbəhazırlıq qrupları fəaliyyətə başlayıb. Azərbaycan bölməsində
13, rus bölməsində 15 usaq olmaqla bütövlükdə 28 uşaq burada məşğul
olur. Məktəbin tərbiyə işləri üzrə direktor müavini Elmira İbrahimova
ilə həmin qruplarda olduq. Hər iki qrupda uşaqların rahat məşğul
olmaları üçün hər cür imkan yaradılıb. Uşaqlarla məşğul olanlar
müəllimlərin bilik və səriştəsinin Sınaq Qiymətləndirilməsində yüksək
nəticə göstərmiş, təcrübəli, peşəkar ibtidai sinif müəllimləri Pərvanə
Qasımova və Rəna Nəsirovadır. Müəllimlər bu qrupların məhz təhsil
müəssisəsində açılmasının uşaqların məktəbə daha tez adaptasiya
olunmasında, onların sosiallaşmasında əhəmiyyətli rol oynayacağını
bildirdilər.
Məktəbdə bu qrupların fəaliyyəti xüsusi diqqətdə saxlanılır
Olduğumuz digər təhsil müəssisəsində - İlqar Əbilhəsənov adına 42
nömrəli tam orta məktəbdə də məktəbəhazırlıq qruplarının fəaliyyətinin
xüsusi diqqətdə saxlanıldığının şahidi olduq. Məktəbin direktoru
Firəngiz Həmidova bizi həmin qruplarla tanış etdi. Təhsil ocağında
məktəbəhazırlıq qruplarının fəaliyyəti ilə bağlı zəruri təşkilati işlər
görülüb. Fəaliyyət göstərən 3 məktəbəhazırlıq qruplarında bir rus və 2
Azərbaycan bölməsi olmaqla 42 usaq məşğul olur və həmin məşğələlər dərs
cədvəlinə uyğun olaraq həftənin I, II, IV və V günləri aparılır.
Məktəbin təcrübəli, peşəkar və müəllimlərin bilik və səriştəsinin Sınaq
Qiymətləndirilməsində yüksək nəticə göstərmiş ibtidai sinif müəllimləri
bu qruplara cəlb olunub.
Direktor məktəbəhazırlıq qruplarının uşaqların kollektivçiliyə, digər
həmyaşıdları ilə birgə məşğul olmağa öyrəşməsində, məktəb həyatına
müəyyən qədər hazır olmasında əhəmiyyətli rol oynadığını söyləyərək bir
təhsil işçisi kimi Təhsil Nazirliyi tərəfindən belə bir layihənin həyata
keçirilməsini məktəbəqədər təhsilin inkişafında uğurlu bir addım kimi
qiymətləndirdi.
Qrupların açılması valideynləri müəyyən problemlərdən azad edib
Mirzə Xosrov Axundzadə adına 102 nömrəli tam orta məktəbdə
məktəbəhazırlıq qruplarının fəaliyyəti üçün lazımi avadanlıqlarla təchiz
olunan iki kabinet ayrılıb. Məktəbin direktoru Mailə İsmayılova təhsil
müssisəsində 2 məktəbəhazırlıq qrupunun fəaliyyət göstərdiyini, onlardan
birinin rus, digərinin isə Azərbaycan bölməsi olmaqla ümumilikdə 30
uşağın burada məşğul olduğunu bildirdi. Məktəbdə bu qrupların fəaliyyəti
ilə bağlı bütün təşkilati işlərin görüldüyünü, valideynlərlə məktəb
arasında ikitərəfli müqavilələrin bağlanıldığını söyləyən direktor həmin
qruplarda müəllimlərin bilik və səriştəsinin Sınaq
Qiymətləndirilməsində yüksək nəticə göstərmiş, təcrübəli, bacarıqlı
ibtidai sinif müəllimlərindən olan Sevinc Güləlizadənin və Məlahət
Məmmədovanın məşğələ apardığını söylədi. Həftədə 4 gün 3 saat olmaqla
keçirilən məşğələlərdə uşaqların ətraf aləmlə tanışlığı təmin olunur,
onların nitqinin, bədii, məntiqi və sadə riyazi təfəkkürünün, həmçinin
təsviri fəaliyyətinin, musiqi və fiziki mədəniyyətinin inkişafı ilə
bağlı müəyyən işlər aparılır. Hər iki müəllimin uşaqlarla apardığı
məşğələlərdə iştirak etdik. Məktəbəhazırlıqla bağlı xüsusi təlim keçən
müəllimlər "Məktəbəqədər təhsil müəssisələri üçün təlim materiallarının
təxmini planlaşdırılması ( metodik tövsiyə)", "Azərbaycan
Respublikasında məktəbəqədər təhsilin proqramı (kurikulumu) 3-6 yaş" və
digər tövsiyə olunan kitablardan istifadə edirdilər. Məşğələlərdə
uşaqların fəallığı xüsusi hiss olunurdu.
Məktəbin direktoru Mailə İsmayılova məktəbəhazırlıq qruplarının
açılmasının təqdirəlayiq olduğunu deyərək hazırlıq qruplarının fəaliyyət
göstərməsinin xüsusilə valideynləri müəyyən problemlərdən azad etdiyini
bildirdi. Belə ki, onsuz da valideynlər uşaqlarını müəyyən bir bəlli
yaşdan sonra müxtəlif məktəbəhazırlıq kurslarına qoymağı düşünürlər. Bu
zaman oradakı təhsil haqqı heç də əksər valideynlərin cibinə uyğun
olmadığı üçün ancaq müəyyən bir təbəqə həmin xidmətlərdən istifadə edə
bilirdi. Bəzən isə yolun uzaqlığı və ya müxtəlif adlar altında fəaliyyət
göstərən məktəbəqədər hazırlıq kurslarında uşaqların çox yüklənməsi də
valideynləri narahat edirdi. Valideynlər məhz məktəbdə məktəbəhazırlıq
qruplarının açılmasından, məşğələlərin təcrübəli ibtidai sinif
müəllimləri tərəfindən aparılmasından və xidmət haqqının onlar üçün
münasib olmasından olduqca razıdırlar."Azərbaycan müəllimi" |
|
|
|