Mübariz
İbrahimov 1988-ci il 7 fevral-Biləsuvar
rayonunun Əliabad kəndində anadan olub. 1994-cü il şəhid
M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orada orta
təhsilini başa vurub
Həmin il həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini
Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı
Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində
başa vurub.
Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust
ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət
sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə
başlayıb.
Təsdiq edilməmiş versiyalara görə 18 iyun 2010-cu il tarixində
gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu
arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin
çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir. Sonra isə
düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək
döyüşur. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə
çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına
həlak olur.
Azərbaycan Prezidenti İlham
Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz
Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı"
adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb. Şəhid gizirə bu
ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub
saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib.
Prezidentin başqa bir sərəncamı ilə Milli Qəhrəman Mübariz Ağakərim oğlu
İbrahimovun xatirəsini əbədiləşdirmək məqsədilə aşağıdakılar qərara alınmışdır:
Rəsmi məlumatda Mübariz Ağakərim oğlu İbrahimov Azərbaycan
Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında
müstəsna xidmət və rəşadət göstərərək qəhramancasına həlak olduğu göstərilmişdir.
Atası Ağakərim İbrahimovun dediklərindən: "Hadisənin səhəri günü tezdən
saat 5-6 arasında mənə zəng gəldi. Soruşdular ki, oğlunuz evə gəlməyib ki. Hətta
bildirdilər ki, çoxlu silah götürüb və ərazidən uzaqlaşıb. Dedim, mən oğlumu
tanıyıram, sərhədə tərəf gedin. Sonra da məktubunu tapmışdılar..."
Son məktubu
"Canım, atam və anam. Məndən sarı darıxmayın.
İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə
artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar.
Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın.
Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə
yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah
böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin".
Комментариев нет:
Отправить комментарий