четверг, 3 ноября 2016 г.

“AKADEMİYA” və OLİMPİYA OYUNLARI sözlərinin mənası



Yəqin ki, “akademiya” sözü sizə tanışdır. Bu sözün kökü Qədim Yunanıstana gedib çıxır. Sən demə, Yunanıstanın paytaxtı Afina şəhərində əfsanəvi qəhrəman Akademin adını daşıyan səfalı bir təpəcik var imiş. Məşhur alim Platon bu təpəcikdə öz məktəbini yaratmışdı və şagirdlərinə burada dərs keçirdi. Məktəb yerləşdiyi təpəciyin adı ilə “Akademiya” adlandırılırdı. Elə o vaxtdan da böyük və mötəbər elmi müəssisələri akademiya adlandırırlar.
Çox güman ki, siz Beynəlxalq Olimpiya Oyunları haqqında da çox eşitmisiniz. Növbə ilə dünyanın müxtəlif ölkələrində keçirilən bu möhtəşəm idman yarışlarının kökü də çox qədimdir.
Qədim Yunanıstanın Olimpiya şəhərində 4 ildən bir baş allah Zevsin şərəfinə xüsusi yarışlar keçirilirmiş. 5 gün davam edən bu yarışlarda qədim yunanlar müxtəlif idman növlərində güclərini sınayırdılar. Yarışlar keçirilən müddətdə ölkədə müharibə aparılmamalı idi. Buna görə Olimpiya oyunları sülhün, barışın rəmzi hesab edilir. İndiki olimpiadalar da, Qədim Yunanıstanda olduğu kimi, 4 ildən bir keçirilir, lakin 5 gün deyil, daha uzun müddət davam edir. Axı müasir olimpiadalarda bir çox ölkələrdən gələn idmançılar iştirak edir. Bundan başqa, olimpiadaların proqramına getdikcə daha çox idman növü daxil edilir. Hər olimpiadaya qədim Olimpiya şəhərində günəş şüalarından alovlandırılmış məşəl gətirilir və bu məşəl yarışların sonunadək yanır. Olimpiadaya daxil olan yüngül atletika idman növlərindən biri 42 km 195 m uzunluğunda məsafəyə qaçış - marafon qaçışıdır. Niyə marafon və niyə məhz bu məsafə? Əfsanəyə görə, uzun müddət davam edən müharibədə yunanlar iranlılar üzərində Marafon adlı bir kənddə qələbə çalmışdılar. Bu xəbəri Yunanıstanın paytaxtına gətirən döyüşçü həmin məsafəni durmadan qaçmışdı.