Azadlıq, müstəqillik həm
ayrıca bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən
müqəddəs, ən şirin nemətdir. Biz azadlığımızın, müstəqilliyimizin yolunu
illərlə gözləmişik, mübarizə aparmışıq, bu yolda minlərlə şəhid vermişik.
Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə onu qoruyub
saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. Qüdrətli və möhkəm
dövlət olmadan azadlıq və müstəqillik də yoxdur
Tariximizə Milli
Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu
qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini,
xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan,
hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi,
Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə
yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna
rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir
insandır
-
Heydər Əliyev.
Heydər Əliyevin müstəqil,
tarazlı və cəsarətli siyasət yeritməsi bütün Azərbaycan xalqının
diqqətini cəlb edir, ona ümidləri artırırdı. Iqtidar isə onun siyasətini
separatçılıq kimi qiymətləndirir və Naxçıvan Muxtar Respublikasında
hakimiyyət çevrilişi etməyə, qeyri-demokratik yolla Xalq Cəbhəsini
hakimiyyətə gətirməyə cəhd edirdi. Bu elə bir dövr idi ki, daşnaklarin
“Böyük Ermənistan” yaratmaq niyyətləri, Azərbaycanı Qafqazın siyasi
xəritəsindən silmək planları reallaşmaq üzrə idi. Azərbaycan torpağı
etnik əlamətə görə parçalanıb yox olmaq təhlükəsi qarşısında qalmışdı.
1992-ci il oktyabrın 24-də
Xalq Cəbhəsi yerli qurumlarına məxsus silahlı dəstələr Daxili İşlər
Nazirliyi binasını, televiziya studiyasını ələ keçirdi.
Qiyamçılar xalqa
televiziya ilə müraciət edib mövcud hakimiyyət əleyhinə bəyanatlar
verdilər. Əhalinin böyük əksəriyyəti Heydər Əliyevin çağrışı ilə ayağa
qalxdı. Silahlılar dövlət idarələrindən qovulub çıxarıldı.
Xalq xilas yolunu Heydər
Əliyevin ölkəyə rəhbərliyində gördüyü halda iqtidarda olan və olmayan
Xalq Cəbhəsi üzvləri, habelə hakimiyyəti itirmiş qüvvələr və onların
əlaltıları arasında didişmə, satqınlıq, xəyanət yolu ilə hətta
Azərbaycanın müstəqilliyi bahasına hakimiyyəti ələ keçirmək cəhdləri baş
alıb gedirdi.
Gəncədə 1993-cü il iyun
qiyamı vəziyyəti daha da ağırlaşdırdı. Burada hökumətə tabe olmayan bir
qrup zabit “hərbi birlik” yaratmışdır. Onlara Surət Hüseynov rəhbərlik
edirdi. 709 saylı hərbi hissə Müdafiə Nazirliyinə tabe olmurdu. Iqtidar
hərbi müxalifətin öhdəsindən gələ bilmirdi.
Iyunun 4-də səhər hərbi
qiyamı yatırmaq üçün hökümət Gəncəyə 3 minədək canlı qüvvə, güclü hərbi
texnika yeritdi. Iki qardaş üz-üzə dayandı. 709 saylı hərbi hissənin
kazarmaları dağıdıldı, hərbi təyyarələr havaya qalxıb hava limanını
darmadağın etdi. Lakin qiyamçılar daha fəal hərəkət etdilər. Onlar qan
tökmək istəməyən qvardiyaçıları şəhədən çıxarmaq adı altında avtobusa
doldurub güllələdilər. Hökumət qüvvələri məğlub edildi. Qiyamçı hərbi
hissələr Bakıya doğru yeriməyə, prezidentin və hökumətin istefaya
getməsini tələb etməyə başladılar və müqavimətə rast gəlmədən paytaxta
yaxlınlaşdılar.
Iyunun 14-də Nəvahi
yaxınlığında ordular üz-üzə dayandı. Danışıqlar nəticəsində qiyamçıları
Lökbatan yaxınlığında və Şamaxı yolunun 75 kilometrliyində saxlamaq
mümkün oldu. Yaranmış vəziyyətlə əlaqədar parlamentin sədri, baş nazir,
üç güc nazirliyinin rəhbərləri istefaya getməyə məcbur oldular. Ölkənin
qabaqcıl adamları, ziyalılar, sadə əməkçilər böyük fəlakətin
yaxınlaşdığını hiss edirdilər.
Bununla yanaşı xalqın
sağlam qüvvələrinə arxalanan qurtuluş hərəkatı meydana gəlir və sürətlə
genişlənirdi. Bu hərəkat zamanın böyük siyasətçisi Heydər Əliyevin
ətrafında toplaşırdı. Ziyalı insanlar dəfələrlə Naxçıvana gedib yenidən
böyük siyasətə qayıtmasını xahiş etmişdilər.
1992-ci il oktyabrın
16-da Azərbaycanın 91 nəfər nüfuzlu ziyalısı-alimlər, müəllimlər,
jurnalistlər, hüquqşünaslar, həkimlər “Səs” qəzeti vasitəsilə Heydər
Əliyevə Qurtuluş hərəkatına rəhbərlik etməsi barədə rəsmi müraciət etdi.
Yeni Azərbaycan uğrunda siyasi hərəkat genişlənirdi.
Heydər Əliyevin
rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan
Partiyası (YAP) təşkil edildi. AXC-Musavat iqtidarı uzun müddət öz
yarıtmaz fəaliyyəti ilə ölkəni parçalanmaq həddinə çatdırdı. Vətəndaş
müharibəsi üçün zəmin yarandı. Başlanmış bu təhlükəli proseslərin
qarşısını ala bilmədiyini dərk edən iqtidar son anda kömək üçün Heydər
Əliyevə müraciət etdi.
Azərbaycanın
görkəmli oğlu böyük vətənpərvər Heydər Əliyev xalqın bu ağır günündə,
şübhəsiz, kənardan baxa bilməzdi. O, xalqın və respublikanın hakim
dairələrinin təkidli dəvətini qəbul edib iyunun 9-da Bakıya gəldi.
Bununla da daxili və xarici düşmənlərimizin bütün planları iflasa uğradı.
Xilaskarlıq missiyasını öz üzərinə götürən bu nəhəng şəxsiyyət həyatını
təhlükə altında qoyaraq Gəncəyə getdi. Hadisələrin daha faciəli
nəticələrə gətirib çıxarmaması üçün öz ağsaqqal sözünü dedi. Indi inamla
söyləyə bilərik ki, Heydər Əliyevin Gəncəyə səfəri vətəndaş
qarşıdurmasının genişlənməsinin qarşısını aldı. Ümummilli liderimiz
Gəncədə baş verən hadisələrə münasibət bildirərkən demişdi: “Hadisələr
dəhşətlidir. Qan tökülüb, cinayət edilib. Bunlar araşdırılmalıdır və
qanunu pozmuş bütün adamlar, cinayətdə iştirak etmiş adamlar, cinayəti
təşkil etmiş, hansı tərəfdən asılı olmasına baxmayaraq qanun qarşısında
məsuliyyət daşımalıdırlar”. Bütün Azərbaycan xalqı bu gəlişi böyük ümid
və sevinclə qarşıladı.
1993-cü il iyunun 15-də
Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu
gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi
ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.
Dövləti olmayan xalq
ölümə məhkumdur. Dövlətçilik xalqın “ölüm, ya olum” məsələsidir.
Heydər Əliyevin
xalqımızın və tariximizin qarşısında ən böyük xidmətləri kəskin
geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan
dövlətçiliyini xilas etməsində, Azərbaycan varlığını parçalanıb yox
olmaq təhlükəsindən qurtarmaqda idi. Dövlətimizin qorunub saxlanılması
isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir,
qurtuluş deməkdir!
Azərbaycan dövlətçiliyi
ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli liderin qətiyyəti
xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və
əmin-amanlıq yaratdı. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana
rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edilmiş, onun
qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz
xaosdan xilas olmuş, sivil demokratik inkişaf yolu ilə inamla
irəliləyərək böyük nailiyyətlər qazanmışdır. Heydər Əliyev öz gücünə,
təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur
kəlamına sadiq qaldığını sübut etdi ki, “Azərbaycanın dövlət
müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”.
Tarixin, dövrün, zamanın yazıları, əsrlərlə silinməyən, daim xatırlanan
yaddaşı olduğu kimi, zaman da tarixin yol yoldaşı, bələdçisidir. Zamanı,
bütöv bir dövrü, bəzən bir anı tarixləşdirən, əbədiləşdirən isə qüdrətli,
müdrik, dahi şəxsiyyətlərdir. Tarix əbədiliyi, zaman dolğunluğu,
keşməkeşliyi, bəşəriyyət isə azad, firavan həyatı üçün belə insanlara,
şəxsiyyətlərə borcludur.