İNCƏSƏNƏT GİMNAZİYASININ ibtidai sinif müəllimi ƏZİMZADƏ YAQUTUN metodik bloqu
Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvarında
ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar
hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından
hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti
etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş
hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib
çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf
və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından
keçərək şəhidlik zirvəsinə ucaldılar.
Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi
Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana
qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can
atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu
nümayiş etdirdi. Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda
olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi.
Bu
qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni
daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir.
Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsini respublikamız hər il ümumxalq hüzn günü kimi geniş qeyd edir.