Oktyabrın 29-da Bakıda Gənclər siyasəti üzrə birinci
qlobal forumun rəsmi açılış mərasimi olub. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev mərasimdə
iştirak edib. Forumun açılışında çıxış edən Prezident
İlham Əliyev təhsillə bağlı maraqlı fikirlər
səsləndirib:
"Bizim üçün mühüm prioritetlərdən biri də təhsildir.
Fərəhlənirik ki, Azərbaycanda savadlılıq səviyyəsi demək
olar ki, yüz faiz təmin edilib. Gənclər siyasətinə
gəldikdə, həmçinin olduqca mükəmməl qanunvericilik
bazası mövcuddur. Gənclər siyasəti ilə bağlı qanun var.
Azərbaycanda gənclərlə bağlı iki Dövlət Proqramı qəbul
edilib və uğurla həyata keçirilib. Bu yaxınlarda biz
Gənclər Fondunu yaratmışıq. Dövlət büdcəsindən bu fonda
ayrılan vəsaitlər gənclərə özlərini cəmiyyətdə təqdim
etməyə şərait yaradır. Onlar mədəniyyət, təhsil və
sosial sahələrə, eləcə də siyasi islahatlara aid olan
layihələr üzərində işləyirlər. Başqa sözlə desək, bu
fond gənc nəslə öz istedadını müəyyən etməyə, özünü
cəmiyyətə təqdim etməyə və beləliklə, ölkəmizin
inkişafına töhfə verməyə yardım edir.
Təhsil və savadlılıq məsələlərinə toxundum. Həmçinin
bildirmək istəyirəm ki, təhsil də hökumətimiz üçün əsas
prioritetlərdən biridir. Çünki biz tamamilə əminik ki,
yalnız təhsilli, müxtəlif sahələrdə biliklərə malik
insanlar həm ölkənin, həm özlərinin inkişafına kömək edə
bilərlər. Əgər dünyada inkişaf etmiş ölkələrin keçdiyi
yola və əldə etdiyi nailiyyətlərə nəzər yetirsək,
görərik ki, uğurlu inkişafın əsas vasitələri enerji
sərvətləri, mineral ehtiyatlar, neft və qaz yox, məhz
təhsil, elm və texnoloji yeniliklərdir. Yalnız təhsil,
bilik və texnologiya bütün bəşəriyyətin aparıcı
qüvvəsidir. Bütövlükdə bəşəriyyət innovasiyalardan,
müasir texnologiyalardan faydalanır. Buna görə də təhsil
Azərbaycanda prioritetlərdən biridir. Hesab edirik ki,
beynəlxalq təhsil mərkəzləri ilə sıx əməkdaşlıq edərək
biz daha böyük nailiyyətlər qazana bilərik. Bu səbəbdən
uzun illər ərzində hökumətimiz gənc nəsillərimiz üçün
dünyanın aparıcı universitetlərində təhsil proqramlarını
maliyyələşdirir. Bu il təqribən 40 milyon avroya yaxın
vəsait gənclərimizin xaricdə təhsili üçün sərf edilib.
Eyni zamanda, biz Azərbaycanda təhsilin səviyyəsini
artırmaq üçün bu sahəyə böyük sərmayələr yatırırıq və
universitetlərimizlə dünyanın aparıcı təhsil ocaqları
arasında beynəlxalq əlaqələri daha da artırmağa
çalışırıq.
Biz bu siyasətin faydasını görürük. Bu gün Azərbaycanın
gənc nəsli yeni, müasir və müstəqil ölkənin qurulmasında
fəal iştirak edir".