четверг, 5 октября 2017 г.

Müəllimlik müqəddəs peşədir



«Mənə bir hərf öyrədənin köləsi olaram». Bu sözlər Islam dünyasının parlaq simalarından olan Həzrəti Əliyə məxsusdur.
XX əsrin dahi şəxsiyyəti, böyük dövlət xadimi Heydər Əliyevin müəllimlik peşəsi haqqında dediyi sözlər öz  xüsusi dəyəri, əhəmiyyəti və  peşəyə verdiyi yüksək qiyməti ilə seçilir:
“Mən yer üzündə müəllim adından yüksək bir ad tanımıram! Özünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır. Müəllim vəzifəsi ona görə şərəflidir ki, o, cəmiyyət üçün ən dəyərli, bilikli, zəkalı, tərbiyəli, vətənpərvər vətəndaşlar hazırlayır.”
   Heydər Əliyev


Bu qiymətli sözlər Ulu Öndərimizin  müəllimlik peşəsinə sıx bağlı  olmasından, bu peşəyə yaxından bələd olmasından,  ilk peşə ixtisasının  müəllimlik  olmasından və ilk vəzifə təyinatının da müəllimlik olmasından irəli gəlir.
Gənc nəslə sistemli, dərin bilik, təhsil, təlim və tərbiyə verən müəllimlərdir.
Müəllim elm, bilik xəzinəsinin qapısını insanların üzünə açan bir varlıqdır.
        Deyirlər ki, hər kəsin taleyində müəllimin yeri var. Bu, həqiqətən belədir. Ona əlindən tutub əlifbanın ilk hərfini, «ana» kəlməsini yazmağı, saymağı öyrədən ilk müəllimini kim xatırlamır? Məktəb partası arxasında keçən illərdə müəllimlər bizə qətrə-qətrə Vətənə, torpağa sevgi hissi aşılayırlar. Biz Azərbaycanın keşməkeşli tarixi, ana yurdumuzun təbiətinin gözəllikləri, xalqımızın dostları və düşmənləri barədə müəllimlərimizdən çox şey öyrənmişik. Sevimli müəllimlərimiz bizə şifahi xalq yaradıcılığının, dastanlarımızın ruhunu aşılayıblar, eləcə də, yazılı ədəbiyyatımızın görkəmli nümayəndələrinin - Nizaminin, Füzulinin, M.Ə.Sabirin, S.Vurğunun, C.Məmmədquluzadənin, H.Cavidin əsərlərinin incəliklərini öyrədiblər. Biz onların sayəsində bütün varlığımızla xalqımızın əsrlərin sınağından çıxan adət-ənənələrinə, milli-mənəvi dəyərlərinə bağlanmışıq, dünyagörüşümüz, həyata sağlam baxışımız formalaşıb.
         Elə buna görə də cəmiyyətdə müəllimlik çox şərəfli, müqəddəs peşə hesab olunur. Alim də, sərkərdə də, bir sözlə, həyatda tutduğu mövqedən asılı olmayaraq hər kəs müəllimi qarşısında baş əyir, ona səcdə qılır, onu həmişə xoş duyğularla yada salır. Aşağıdakı misralarda şair insanların ilk müəllimləri ilə bağlı xoş arzularını səmimi şəkildə ifadə etmişdir:

Günəşə çatsa da nurlu taleyim,

Səninlə bağlıdır arzum, diləyim.
Nə bir dərdim olar, nə də bir qəmim,
Sən yüz il yaşasan, ilk müəllimim!