1997-ci ilin 15 iyun tarixindən bayram edilən, 1998-ci ildən isə dövlət bayramı statusu alaraq hər il rəsmi bayram kimi qeyd edilən 15 iyun xalqımızın Milli Qurtuluş günüdür.
Bu şanlı tarix səhifəsini yaradan isə
yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna
rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insan –
Heydər Əliyevdir.
1991-ci ilin oktyabr ayında Azərbaycan
yenidən öz müstəqilliyini əldə etdikdən sonra Ermənistanın işğalçılıq
niyyəti güdən təcavüzü respublikada vəziyyəti gərginləşdirirdi.
Vətənin bu ağır dövründə Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri olmuş (1969-1982), daha
sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi
Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini,
1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri
Heydər Əliyev hakimiyyətə qayıtdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev
Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun
Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.
Məhz buna görə də tariximizə Milli
Qurtuluş kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu
qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir.
Xalqımızı Milli Qurtuluş günü münasibətilə təbrik edir, dövlətimizə əbədi və sarsılmaz müstəqillik arzulayırıq!