Bu gün Azərbaycanda Dövlət Bayrağı günüdür. Azərbaycanın üçrəngli
bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti (AXC)
Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub.
1920-ci
il aprelin 27-də bolşevik işğalından sonra AXC-nin bayrağı Azərbaycan
SSR-in qırmızı rəngli oraq-çəkicli bayrağı ilə əvəzlənib. 1990-cı il
noyabrın 17-də Naxçıvan MR Ali Məclisinin qərarı ilə bərpa olunaraq
muxtar respublikanın dövlət bayrağı kimi qəbul olunub. 1991-ci il
fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarı ilə hazırkı üçrəngli və
ay-ulduzlu bayraq müstəqil respublikanın dövlət bayrağı elan edilib.
Azərbaycan
prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı
sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı günü kimi qeyd olunur.
Prezident həmçinin Dövlət Bayrağı günü münasibətilə Əmək Məcəlləsinə
dəyişiklik edilməsi üçün parlamentə təklif göndərib. Təklifi
dəyərləndirən Milli Məclis Əmək Məcəlləsinə müvafiq dəyişiklik edib və
dəyişikliyə əsasən Dövlət Bayrağı günü qeyri-iş günü hesab olunur.
2010-cu
il sentyabrın 1-də Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə
Dövlət Bayrağı Meydanının - Bakı şəhərinin Bayıl sahəsində yerləşən
memorial abidə-istirahət parkının təntənəli açılışı olub. Bayraq
dirəyinin hündürlüyü 162 m, bünövrəsinin diametri 3,2 m, bünövrənin üst
hissəsinin diametri 1,09 m-dir. Qurğunun ümumi kütləsi 220 tondur.
Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadrat metr,
çəkisi isə təqribən 350 kiloqramdır. Meydanda qurulmuş Azərbaycan
Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl
suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də
yaradılıb.
Qeyd edək ki, müstəqil Azərbaycanın
dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki
milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən
“Türkçülük, islamçılıq və müasirlik” formulunun müəllifi görkəmli
Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir.
Azərbaycan
Respublikasının dövlət bayrağından istifadə Azərbaycan
Konstitusiyasının 23-cü və 75-ci maddələri, “Azərbaycan Respublikasının
Dövlət bayrağı haqqında” Azərbaycan Respublikasının Qanunu, eləcə də
həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət bayrağı
haqqında Əsasnamə” əsasında tənzimlənir. Azərbaycan Respublikasının
Dövlət bayrağının rəngli və sxematik təsviri adı çəkilən Qanun və
Əsasnamə ilə təsdiq edilib.
Əsasnaməyə görə,
Azərbaycan Respublikasının Dövlət bayrağı eni və uzunluğu bərabər olan
rəngli üç üfüqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq
mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir.
Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və
səkkizguşəli ulduz təsviri var. Bayrağın eninin uzununa nisbəti 1:2-dir.
Ayparanın və səkkizguşəli ulduzun təsvirləri tərəflərinin nisbəti 3:4
olan düzbucaqlının içərisində yerləşir; düzbucaqlının diaqonalı bayrağın
eninin 1/2-nə bərabərdir. Ayparanın təsviri konsentrik (eyni mərkəzli)
olmayan iki dairənin hissələri şəklindədir; böyük dairənin diametri
xarici düzbucaqlının eninə, kiçik dairənin diametri isə bayrağın eninin
1/4-nə bərabərdir. Kiçik dairənin mərkəzi bayrağın həndəsi mərkəzindən
sol tərəfdə, bayrağın eninin 1/60-nə bərabər olan məsafədə yerləşir.
Səkkizguşəli ulduzun təsviri ayparadan sağda yerləşir, ulduzun xarici
dairəsinin diametri bayrağın eninin 1/6-ni, daxili dairəsinin diametri
isə 1/12-ni təşkil edir.