ABŞ-ın sabiq prezidenti Bill Klintonun fəxri rəhbəri olduğu
"Varkey GEMS" Fondu tərəfindən təsis olunmuş "Dünya Müəllimi
Mükafatı"nın 50 namizədi arasında Balakən rayonundakı akademik Zərifə
Əliyeva adına 3 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Məhəmməd
Qarakişiyevin də adı var.
Trend-in Təhsil
Nazirliyinin mətbu orqanı olan “Azərbaycan müəllimi” qəzetinə istinadən
verdiyi məlumata görə, mükafat fondu 1 milyon ABŞ dolları olan və dünya
təhsil ictimaiyyətində "məktəb müəllimləri üçün Nobel mükafatı" kimi
qiymətləndirilən müsabiqənin ilkin mərhələsində dünyanın 150-dən artıq
ölkəsindən 5000 müəllim iştirak edib. Müsabiqəyə ABŞ, Böyük Britaniya,
İtaliya, Keniya, Uqanda, Hindistan, Əfqanıstan, Avstraliya, Argentina,
Meksika, İordaniya və digər ölkələrdən olan müəllimlər qatılıblar.
Növbəti mərhələyə onlardan 1300-ü keçib.
Final
mərhələsinə isə M.Qarakişiyev də daxil olmaqla 50 müəllim çıxıb. 50
finalçı bütövlükdə 26 ölkəni təmsil edib. Bu müsabiqədə Azərbaycanı
təmsil edən M.Qarakişiyev postsovet məkanı ölkələrindən yeganə namizəd
olub.
Müsabiqənin qalibi 2015-ci il martın
15-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində elan olunacaq.
Növbəti mərhələdə 50 namizəd arasından 10 nəfər seçiləcək və onlardan
bir nəfər 1 milyon ABŞ dolları həcmində "Dünya Müəllimi Mükafatı"nı
alacaq.