12 DEKABR AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİYEVİN ANIM
GÜNÜDÜR
Mərhum prezident 2003-cü ildə dünyasını dəyişib.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 11 il keçir.
Azərbaycanın bütün bölgələrində, o cümlədən paytaxt Bakıda ümummilli
lider Heydər Əliyevin anım mərasimləri təşkil olunur.
Dövlət qurumları, siyasi partiyalar,
qeyri-hökumət təşkilatları, media orqanları və ictimaiyyətin
nümayəndələri bu günlərdə Heydər Əliyevin Fəxri xiyabandakı məzarını
ziyarət edirlər.
Azərbaycanın xarici ölkələrdə fəaliyyət
göstərən diaspor təşkilatları da Heydər Əliyevin vəfatının 11-ci
ildönümü ilə əlaqədar anım mərasimləri təşkil edirlər.
Qeyd edək ki, Heydər Əlirza oğlu Əliyev
1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən
təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən
Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi
sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib,
general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda
xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət
Universitetinin tarix fakültəsini bitirib. Azərbaycan SSR Kommunist
Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev
Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi
seçilib. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası
Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ
Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və
SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev 1987-ci ilin
oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi
Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz
əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.
Heydər Əliyev 1990-cı ilin 20 yanvarında
sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün
Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək,
Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və
icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda
yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü
siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı
Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı ilin iyulunda
Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda
yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O,
1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri,
Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub.
Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan
Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın
sədri seçilib. 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri
seçilən Heydər Əliyev iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan
Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 1998-ci il oktyabrın
10-da keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan
Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də
keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsinə
razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar
seçkilərdə iştirak etməkdən imtina edib.
Uzun müddət ABŞ-ın Klivlend klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişib.