TƏHSIL
PROBLEMLƏRI İNSTITUTU NÖVBƏTI UĞURA IMZA ATIB
|
Noyabrın
17-də Azərbaycan Respublikası Təhsil Problemləri
İnstitutunda Milli Dirçəliş Gününə həsr olunmuş tədbir
keçirilib.
TPİ-də məhz bayram günündə Azərbaycan Respublikasının
müəllimlərinin bir araya gəlməsinin əsas səbəbi
avqust-oktyabr aylarında respublikada ilk olaraq "Elektron
məktəb üçün elektron müəllim" təlim kursunun müdavimləri
ilə görüş idi. Görüşdə kursu bitirmiş müdavimlərə
sertifikatlar təqdim olunub. Tədbirdə institutun
direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov
iştirakçıları Milli Dirçəliş Günü münasibətilə təbrik
edib. Qeyd edib ki, təməli ulu öndər Heydər Əliyev
tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirilən təhsil siyasətində
informasiya-kommunikasiya texnologiyalarının tədrisdə
tətbiqi xüsusi istiqamət təşkil edir. Təsadüfi deyil ki,
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24
oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"nda da olan informasiya-kommunikasiya
texnologiyalarından tədrisdə istifadə məsələsinə geniş
yer verilib. Natiq söyləyib ki, İKT-nin təhsildə
tətbiqinin gücləndirilməsinə daha çox diqqət yetirən
bir çox ölkələr kimi Azərbaycanda da bu istiqamət üzrə
mühüm işlər görülür. Artıq təcrübədə özünü doğrultmuş
həmkarların öyrənmə və öyrətmə potensiallarını təhsildə
birləşdirərək peşəkar inkişafa yönəltməklə təhsilə
dəstək olan Təhsil Problemləri İnstitutu növbəti dəfə
uğurlu bir layihəyə imza atıb. İnstitutda ilk dəfə
olaraq məsafədən (distant) olaraq "Elektron məktəb üçün
elektron müəllim" təlim kursları keçirilib.
Qulu Novruzov təhsilverənlərin təhsilalanların
maraqlarına uyğun olaraq tədrisi daha maraqlı etməsi
üçün elektron dərs resurslarının hazırlanması və
internetdə milli resursların sayının artırılması
zərurətindən irəli gələn bu kursun məqsədəuyğun olduğunu
vurğulayıb. Bildirib ki, "Azərbaycan Respublikasında
təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın yeni
kurikulumlara və informasiya-kommunikasiya
texnologiyaları əsaslı təlim metodologiyalarına uyğun
metodiki vəsaitlərin, didaktik materialların və təlim
vasitələrinin hazırlanmasını stimullaşdıran yeni
mexanizmlərin yaradılması müddəti əsas götürülərək
TPİ-də uyğun kurslara start verilib.
"Elektron məktəb üçün elektron müəllim" təlimi
Azərbaycanın əməkdar müəllimi, beynəlxalq dərəcəli
təlimçi Almaz Həsrət tərəfindən keçirilib. Kursun 3 günü
auditoriya şəraitində müəllimlərin birbaşa iştirakı ilə,
digər günlər isə məsafədən (distant) olaraq 1 ay
müddətində keçirilib. Elektron təhsilə keçidlə əlaqədar
olaraq kurs zamanı müəllimlərə mühazirə, təqdimat,
müzakirə, workshop, debat və Veb texnologiyalarından
istifadə kimi təlim formatlarından istifadə olunub.
Kursa Azərbaycanın şəhər və rayonlarından 60-dan çox
təhsil işçisi qatılıb. Müzakirələr olub, keçirilən
kursla bağlı maraqlı fikirlər səsləndirilib.
Sonda institutun direktoru Qulu Novruzov kursun
müdavimlərini bir daha təbrik edərək onlara
sertifikatları təqdim edib.
Görüşdə ARTPİ-nin direktor müavini, pedaqoji elmlər üzrə
fəlsəfə doktoru Ənvər Abbasov, şöbə müdiri İlham Cavadov,
Təlim Texnologiyaları Mərkəzinin direktoru Muxtar
Həsənov və Azərbaycanın bölgələrini təmsil edən 60-dan
çox müəllim iştirak edib.
Beynəlxalq əməkdaşlıq və informasiya şöbəsi