Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda
ümumi təhsil sisteminin müasir dövrün tələb və çağırışlarına uyğun inkişafı ilə
bağlı müəyyənləşdirilmiş hədəflərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi
daim diqqətdə saxlanmış, onların reallaşdırılması istiqamətində məqsədyönlü
təşkilati və əməli tədbirlər həyata keçirilmişdir.
İlk öncə minnətdarlıq hissi ilə qeyd edilməlidir
ki, dövlət başçısının müntəzəm dəstəyi və qayğısının nəticəsi olaraq, yeni
məktəblərin inşası, o cümlədən ucqar yaşayış məntəqələrindəki yararsız
vəziyyətə düşmüş azkomplektli məktəblər üçün modul tipli binaların
quraşdırılması, eləcə də ümumtəhsil məktəblərinin əsaslı təmiri və maddi-tədris
bazasının möhkəmləndirilməsi sahəsində aparılan işlərin ardıcıl davam etdirilməsi
bütövlükdə ümumi təhsilin infrastrukturunun yenidənqurulmasına, təlim-tərbiyə
şəraitinin, təhsilin keyfiyyətinin yaxşılaşmasına, pedaqoji kollektivlərdə iş
əzminin yüksəlməsinə müstəsna dərəcədə əhəmiyyətli təsir göstərmişdir.
Ötən müddət ərzində ümumtəhsil məktəblərinin 142
mindən artıq müəlliminin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi
başa çatdırılaraq əməkhaqları artırılmış, bölgələrdəki məktəblərə 2015-2017-ci
illərdə 11 mindən çox müəllimin göndərilməsi pedaqoji kadrlara olan ehtiyacın
ödənilməsində mühüm rol oynamışdır.
Görülmüş tədbirlərlə əlaqədar vaxtilə təhsilin
keyfiyyəti baxımından fərqlənməyən bir sıra rayon və şəhərlərdə son illər ümumi
orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının
nəticələrində, bütövlükdə isə ali və orta ixtisas müəssisələrinə qəbulda
müəyyən müsbət dəyişikliklər müşahidə olunmaqdadır.
Dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq
qruplarının yaradılması, tam orta təhsilin təmayülləşdirilməsi, eləcə də
fənlərin məzmununun təkmilləşdirilməsi, şagirdlərin yaradıcılıq qabiliyyətinin,
idrak fəallığı və dünyagörüşünün genişləndirilməsi, milli mənəvi dəyərlər
zəminində tərbiyəsi istiqamətində pilot layihə və müsabiqələrin təşkili,
məktəb-valideyn, məktəb-ali məktəb əlaqələrinin möhkəmləndirilməsi, yerli
təhsil orqanları və ümumi təhsil müəssisələri arasında əməkdaşlığın
gücləndirilməsi sahəsində məqsədyönlü işlərin aparılması, ölkədaxili fənn
olimpiadaları sisteminin yenidənqurulması sayəsində uğurların yüksəlməsi, dünya
fənn olimpiadalarında və digər beynəlxalq bilik yarışlarında şagirdlərimizin
davamlı olaraq mükafata layiq yerlər tutması, beynəlxalq qiymətləndirmələrdə
müsbət göstəricilərin ilbəil artması, yaradıcı fəaliyyətin
stimullaşdırılmasına, sağlam rəqabətin yaradılmasına və qabaqcıl pedaqoji
təcrübələrin üzə çıxarılmasına xidmət edən təhsildə inkişaf və innovasiyalar
üzrə qrant müsabiqəsinin, həmçinin pedaqoji mühazirələrin keçirilməsi, eləcə də
2017-2018-ci dərs ilinin təhsildə keyfiyyət ili elan edilməsi ümumi təhsilin
keyfiyyətinin daim diqqətdə saxlanmasının real nümunəsidir.
Bütün bunlarla yanaşı, həmçinin qeyd edilməlidir
ki, ümumi təhsilin keyfiyyətinin müasir çağırışlara uyğunlaşdırılması, xüsusilə
də inteqrasiya meyillərinin getdikcə gücləndiyi indiki dövrdə uşaq və gənclərin
vətənpərvərlik, milli-mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyə edilməsi ilə
bağlı təhsil orqanları, məktəb pedaqoji kollektivləri qarşısında daha ciddi
vəzifələr irəli sürülür və onların reallaşdırılması üçün təsirli tədbirlərin
görülməsi tələb olunur.
Qeyd olunanları nəzərə alaraq, 2018-2019-cu dərs
ilində ümumi təhsil sistemində keyfiyyət göstəricilərinin davamlı surətdə
yaxşılaşdırılması, təhsilalanların milli ideologiyamız olan azərbaycançılıq
məfkurəsi əsasında tərbiyə edilməsi istiqamətində çevik fəaliyyət mexanizmi
yaratmaq məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında
Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq
ƏMR
EDİRƏM:
1. Təhsil Nazirliyinin 2017-ci il 28 avqust
tarixli 261 nömrəli əmri ilə təsdiq olunmuş “Təhsildə keyfiyyət ili” ilə bağlı
Nazirliyin Fəaliyyət planında nəzərdə tutulmuş mahiyyətcə inkişafyönlü
tədbirlərin 2018-2019-cu dərs ilində də davam etdirilməsi məqsədəuyğun hesab
olunsun.
2. 2018-2019-cu dərs ilində ümumi təhsil üzrə
prioritet fəaliyyət istiqamətləri nümunəvi olaraq aşağıdakı kimi müəyyən
edilsin:
2.1. Fənlər üzrə şagirdlərin təlim nəticələrinin
təhlili əsasında mövcud vəziyyətin, xüsusilə də buraxılış sinif şagirdlərinin
nailiyyətlərinin əvvəlki illərə nisbətən əhəmiyyətli dərəcədə
yaxşılaşdırılması, şagirdləri davamlı olaraq zəif nəticə göstərən müəllimlərin
məsuliyyəti məsələsinə mövcud qanunvericiliyə uyğun baxılıb təkliflərin
verilməsi.
2.2. Məktəblərdə şagird kontingentinin tam
optimallaşdırılması, yaşayış ərazisi daxilində yaşayan məktəbyaşlı uşaqların
təhsildən kənarda qalması hallarına yol verilməməsi, bununla əlaqədar
valideynlərlə, eləcə də aidiyyəti təşkilatlarla əməkdaşlığın gücləndirilməsi.
2.3. Məktəbəhazırlıq qruplarında həyata
keçirilən təhsil prosesinin müəyyən olunmuş proqram istiqamətləri üzrə təmin
edilməsi, bu qruplarda çalışan müəllimlərin fəaliyyətinə müntəzəm nəzarət
olunması və onlara davamlı metodik köməklik göstərilməsi.
2.4. İbtidai sinif müəllimlərinin tərkibinin
peşəkarlıq baxımından təhlil olunması, onlar haqqında ictimai rəyin ətraflı
öyrənilməsi və siniflərə təyinatda ciddi surətdə nəzərə alınması, “İnformatika”
və “Xarici dil” fənləri istisna edilməklə digər fənlər üzrə dərs saatlarının
başqa müəllimlər arasında bölüşdürülməsi hallarının aradan qaldırılması.
2.5. Şagirdlərin seçilmiş tədris dili, dövlət
dili kimi Azərbaycan dili, Azərbaycan tarixi və coğrafiyası üzrə praktik bilik
və bacarıqlarının, məlumatlılıq səviyyəsinin təkmilləşdirilməsi və
genişləndirilməsi. Şagirdlər tərəfindən yaşadıqları ərazinin tarixi, flora və
faunası, mədəniyyət abidələri, tanınmış şəxsiyyətləri haqqında məlumatların
toplanması və ümumiləşdirilməsi işinin təşkili.
2.6. Yerlərdə yaradılmış “Kiçik akademiya”ların
fəaliyyətinin gücləndirilməsi, “Hər bir uşaq istedadlıdır” devizi ilə ayrı-ayrı
fənlər, eləcə də incəsənətin müxtəlif sahələri və idman növləri üzrə ümid verən
istedadlı şagirdlərin olimpiadalara, müsabiqə və yarışlara cəlbinin daha da
genişləndirilməsi, onların intellektual oyunlarda iştirakının təşviq və təşkil
olunması, mütaliə, yazı və nitq mədəniyyətinin inkişaf etdirilməsi, məktəblərdə
kitabxana xətti ilə şagirdlərin geniş cəlb olunduğu “Mütaliə aylığı”nın
keçirilməsi.
2.7. Azərbaycançılıq ideologiyasının
mahiyyətinin izahı və təbliği, müstəqilliyimizin simvolu olan dövlət
rəmzlərinin hər bir şagird tərəfindən dərindən dərk olunması istiqamətində
məqsədyönlü işlərin davam etdirilməsi, esse, inşa, bədii qiraət, rəsm və mahnı
müsabiqələrinin, şagird təqdimatlarının, müzakirələrin təşkili.
2.8. Məktəblərdə Azərbaycan dövlətinin, ölkə
prezidentinin ictimai-siyasi, sosial-iqtisadi sahələrdə dinamik inkişafı ehtiva
edən fəaliyyəti, ölkəmizdə aparılan quruculuq işləri, o cümlədən ordu
quruculuğu barədə şagirdlərə yaş səviyyələrinə uyğun davamlı məlumatların
çatdırılması.
2.9.Tədris prosesində və dərsdənkənar vaxtlarda
“Unutsaq unudularıq” başlığı üzrə Azərbaycan elminin, ədəbiyyatının,
incəsənətinin, dövlətçiliyinin inkişafında böyük xidmətləri olan tarixi
şəxsiyyətlər, o cümlədən qüdrətli Azərbaycan hökmdarları və sərkərdələri,
vətənin müdafiəsi, torpaqlarımızın azad olunması yolunda qəhrəmanlıqlar
göstərmiş şəxslər haqqında şagirdlərin məlumatlandırılması və onların anım
günlərinin keçirilməsi, müasir dövrümüzün tanınmış elm, incəsənət, ədəbiyyat,
təhsil xadimləri, əmək adamları, müharibə iştirakçıları və qəhrəmanları ilə
görüşlərin təşkili.
2.10. Hüquq-mühafizə və səhiyyə orqanlarının
məsul işçiləri, müvafiq qeyri-hökumət təşkilatlarının nümayəndələri tərəfindən
hüquq pozuntularının qarşısının alınması, insan hüquq və azadlıqlarının
qorunması, reproduktiv sağlamlıq, insan alverinin qurbanları, alkoqollu
içkilərə və psixotrop maddələrə meyilliyin acı nəticələri, erkən nikahların
fəsadları, internetdən təhkükəsiz istifadə və zərərli məlumatlardan mühafizə və
sair bu kimi mövzularda şagirdlərlə maarifləndirici tədbirlərin təşkilinin
təmin edilməsi.
3. Ümumtəhsil məktəblərində 2018-2019-cu
dərs ilinin ilk dərs məşğələsi ibtidai siniflərdə “Vətənim
Azərbaycan”, V-IX siniflərdə “Dövlət rəmzləri – müstəqilliyimizin simvolu”,
X-XI siniflərdə “Azərbaycan Xalq Cümhuriyyəti – dövlətçiliyimizin bayraqdarı”
mövzularına həsr olunsun.
4. Bütün ümumi təhsil müəssisələrində hər iş
həftəsinə pedaqoji və şagird heyəti tərəfindən Azərbaycanın Dövlət Himninin
ifası ilə başlanması vətənpərvərlik nümunəsi kimi ümumi norma olaraq qəbul
edilsin.
5. 2018-2019-cu dərs ilində Pedaqoji mühazirələr
“Müasir dövrdə ümumi təhsilin aktual problemləri” mövzusuna həsr edilsin.
Ümumi və məktəbəqədər təhsil şöbəsi (A.Əhmədov)
pedaqoji mühazirələrin təşkili, keçirilməsi və yekunlaşdırılması ilə bağlı
aidiyyəti sənədlərin vaxtında hazırlanıb yerlərə çatdırılmasını təmin etsin.
6. Naxçıvan MR Təhsil Nazirliyinə, Bakı Şəhəri
üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə, rayon (şəhər) təhsil
şöbələrinə, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil
müəssisələrinə tapşırılsın ki:
6.1. Təhsil şöbələri (idarələri) və ümumtəhsil
məktəblərinin 2018-2019-cu dərs ilinə aid fəaliyyət planlarına qeyd edilən
istiqamətlər üzrə tədbirlərin daxil olunmasını və həyata keçirilməsini təmin
etsinlər.
6.2. Ümumtəhsil məktəblərində müvafiq mövzular
üzrə ilk dərs məşğələsinin səmərəli və yaddaqalan olması üçün zəruri təşkilati
işləri vaxtında başa çatdırsınlar, həmin dərslərdə aidiyyəti təşkilatların
nümayəndələrinin, müharibə və əmək veteranlarının, məktəbin sabiq məzunlarının
iştirakını nəzərdə tutsunlar.
6.3. Təsdiq olunmuş qrafik əsasında şura
iclaslarında məktəb rəhbərlərinin həmin istiqamətlər üzrə nəzərdə tutulan
tədbirlərin yerinə yetirilməsi vəziyyəti barədə hesabatlarını dinləyib müvafiq
qərarlar qəbul etsinlər.
6.4. 2019-cu ilin fevral-mart ayları ərzində
müəyyən edilmiş proqram üzrə məktəb rəhbərlərinin, tanınmış təhsil
mütəxəssisləri və qabaqcıl müəllimlərin iştirakı ilə “Uşaq və gənclərin
azərbaycançılıq ideologiyası ruhunda tərbiyəsi” mövzusunda ümumrayon
(ümumşəhər) konfransı keçirib ən yaxşı məruzə və çıxışların yerli KİV-lərdə
işıqlandırılmasını, müsbət təcrübələrin məktəblərdə yayılmasını təmin etsinlər.
6.5. Əmrin icrası ilə əlaqədar 2018-ci ilin
dekabr, 2019-cu ilin may aylarında Nazirliyə müvafiq tədbirlərin yerinə yetirilməsini
təsdiq edən materiallar əlavə olunmuş arayış göndərsinlər.
7.Ümumi və məktəbəqədər təhsil şöbəsi
(A.Əhmədov), Təhsilin inkişafı proqramları şöbəsi (E.Əmrullayev) bu əmrlə
nəzərdə tutulan istiqamətlər üzrə tədbirlərin yerinə yetirilməsi sahəsində yerli
təhsili idarəetmə orqanlarının rəhbərlərinə əməli köməklik göstərsinlər, dərs
ili ərzində seçmə yolla onların hesabatlarını dinləyib müvafiq təkliflər
hazırlasınlar.
8.İnformasiya şöbəsi (E.Məmmədov) əmrin
“Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet saytında
yerləşdirilməsini, həmçinin həyata keçirilən tədbirlərin KİV-lərdə
işıqlandırılmasını təmin etsin.
9.Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət
Vəliyevaya həvalə olunsun.
Ceyhun BAYRAMOV,
Azərbaycan Respublikasının təhsil naziri
14 avqsut 2018-ci il