Təhsil
naziri Mikayıl Cabbarov “İbtidai, orta və tam orta təhsil
səviyyələrinin eksternat təhsilalma formasında vaxtından əvvəl
bitirilməsi Qaydaları”nın təsdiqi haqqında əmr verib. Qaydalar ibtidai
təhsildə III, ümumi orta təhsildə VIII, tam orta təhsildə X sinif
şagirdlərinə şamil ediləcək.
Şagirdin
sağlamlıq və dayanıqlıq, düşünmə, tədris materiallarını mənimsəməsi
nəzərə alınacaq. Yaş səviyyəsinə uyğun İKT bacarıqlarına yiyələnmə,
xarici dili öyrənmə, nitq və təfəkkürə malik olması təhsili vaxtından
əvvəl bitirməsinə əsas verəcək.
Təhsil naziri Mikayıl Cabbarov Heydər
Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə şagirdlər arasında
təşkil olunan inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması
mərasimində çıxışında deyib ki, ölkənin bir sıra məktəblərində bu ilin
sentyabr ayından yuxarı siniflərdə təmayülləşmənin tətbiqi
planlaşdırılır. Onun sözlərinə görə, onlarla Azərbaycan məktəbində bu
tətbiq ediləcək: “Hazırda hazırlıq işləri görülür. Bu, istedadlı
gənclərə keyfiyyətli təhsilin çatdırılmasında zəruri amildir”.
Təhsil naziri əlavə edib ki, Bakının 2
məktəbində ilk dəfə olaraq inklüziv təhsilin tətbiqinə başlanacaq. O
bildirib ki, bu gün 10 minlərlə fiziki qüsurlara malik olan uşaq
təhsildən kənardadır: “Bu ildən Təhsil Nazirliyi tərəfindən atılan addım
ona yönəlib ki, bütün belə uşaqlar gələcəkdə inklüziv təhsillə əhatə
olunsun və dövlət başçısı tərəfindən verilən tapşırıqlara uyğun olaraq
vətəndaşların hər birinin təhsil hüququ təmin edilsin”.
M.Cabbarov qeyd edib ki, bu ildən I
siniflərə şagirdlərinin qəbulu elektron formada həyata keçirilir. Onun
fikrincə, bu da mühüm yeniliklərdən biridir: “Bu il başa çatan, lakin
gələcək üçün əhəmiyyətli olan layihə “2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xaricdə təhsili üzrə dövlət proqramı” da xüsusi əhəmiyyətə
malikdir. Bu dövlət proqramı çərçivəsində 3 184 nəfər xaricdə təhsil
almaq üçün dünyanın müxtəlif ölkələrinə göndərilib. 2015-ci ildə bu
proqramın son ilidir. ”Azərbaycan 2020: Gələcəyə Baxış İnkişaf
Konsepsiyası”na uyğun olaraq yeni proqram layihəsi hazırlanaraq hökumətə
təqdim edilib. Yeni proqramda bakalavriatdan sonrakı təhsil pilləsinə
üstünlük veriləcək. Bundan əlavə, proqram Azərbaycan gənclərinin xarici
ali məktəblərə göndərməklə yanaşı xarici mütəxəssislərin də ölkəyə
gətirilməsini özündə ehtiva edir”.