вторник, 21 августа 2018 г.

Qurban bayramınız mübarək olsun!


      İlham Əliyev: “Xeyirxahlığın, insanpərvərliyin, bərabərliyin rəmzi olan müqəddəs Qurban bayramı insanları mərhəmətə, həmrəyliyə, qardaşlıq və humanizmə dəvət edən bir bayramdır. Bu əziz gündə müsəlmanlar Allah və din yolunda fədakarlığa hazır olduqlarını, mənəvi dəyərlərə bağlılığını nümayiş etdirir və uca Tanrıya yaxınlığın fərəhini yaşayırlar”.
       İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Dini qurban kəsmə İbrahim peyğəmbərin adı ilə bağlı mərasimdir. 
Qurani-Kərimə görə, oğlu İsmayılı Allah yolunda qurban kəsməyə hazır olan İbrahim peyğəmbərin bu əməli əsl möminlik kimi qiymətləndirilir və Allah-təala İbrahim peyğəmbərə oğlu İsmayılın əvəzində qurban kəsmək üçün bir cüt qoç göndərir. Bu səbəbdən bütün dünya müsəlmanları hər il İbrahim peyğəmbərin və oğlu İsmayılın xatirinə qurban kəsirlər. Həcc mərasiminin son gününə təsadüf edən Qurban bayramı Ramazan ayının qurtarmasından 70 gün sonra - zilhiccə ayının 10-da qeyd edilir və adətən 4 gün davam edir. Qurban bayramında hər bir imkanlı müsəlman qurban kəsib onun ətini imkansızlara, kasıblara paylamalıdır.  
Bayramlar bərəkətdir, ümiddir, niyyətdir. Sevdikləriniz həmişə sizinlə olsun... Azərbaycan xalqını, dünya müsəlmanlarının mənəvi birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, kəsdiyiniz qurbanların Allah tərəfindən qəbul olunması arzusu ilə bir daha sizə möhkəm cansağlığı, ailənizə firavanlıq, süfrənizə bol ruzi-bərəkət arzulayıram. Qurban bayramınız mübarək olsun!