Məlum olduğu kimi,
2001-ci ilin həmin günündən etibarən ölkəmizdə kiril qrafikasından latın
qrafikalı Azərbaycan əlifbasına keçilmişdir. Bu tarix ümummilli lider
Heydər Əliyevin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis
edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən qeyd
edilir.
Azərbaycan dili
xalqımızın milli varlığını müəyyən edən, azərbaycançılıq məfkurəsinin
əsasında duran mühüm amillərdəndir. Harada yaşamasından asılı olmayaraq,
milyonlarla soydaşımızın mədəni inkişaf və ünsiyyət vasitəsi olan
dilimiz tarixən böyük inkişaf yolu keçmiş, zaman-zaman ən müxtəlif təqib
və təzyiqlərə məruz qalsa da, yenə öz varlığını qoruyub saxlamışdır.
Hər bir dili ilk
növbədə onun daşıyıcısı olan xalq yaşadır. Dilin dövlət dili statusu
alması isə təkcə xalqdan, millətdən, yaradıcı ziyalılardan asılı məsələ
deyil. Tarix dönə-dönə sübut etmişdir ki, dilin inkişafı milli
müstəqillik ideyalarına sadiq olan, böyük siyasi iradəsi və qətiyyəti
ilə öz xalqının tarixinə islahatçı və müdrik dövlət xadimi kimi daxil
olan liderlərin adı ilə sıx bağlıdır. Bu mənada Azərbaycan dilinin
hərtərəfli inkişafı, onun yalnız kağız üzərində deyil, sözün həqiqi
mənasında gündəlik həyatda, praktikada rəsmi dövlət dilinə çevrilməsi,
beynəlxalq münasibətlər sisteminə, dünya diplomatiyasına yol tapması,
nüfuz qazanaraq dünyanın mötəbər kürsülərindən eşidilməsi məhz ulu öndər
H.Əliyevin adı ilə bağlıdır.
XVI əsrdə Azərbaycan
Səfəvilər hakimiyyəti dövründə, eləcə də Azərbaycan Xalq Cümhuriyyəti
dönəmində Azərbaycan dili rəsmi dövlət dili elan edilsə də, real tarixi
şərait üzündən uzunömürlü ola bilmədi. Sonralar sovet hakimiyyəti
dövründə, konkret olaraq 1956-cı ildə Azərbaycan Ali Sovetinin qərarı
ilə 1937-ci ildə qəbul olunmuş Konstitusiyaya Azərbaycan dilini dövlət
dili kimi elan edən maddə daxil olundu. Amma bu dəfə də bu nəcib iş
siyasi müdrikliklə həyata keçirilməməsi səbəbindən müvəffəqiyyətsizliyə
uğradı. Yalnız ulu öndər Heydər Əliyevin böyük qətiyyəti, cəsarəti və
prinsipiallığı sayəsində o vaxtkı SSRİ rəhbərliyinin ciddi narazılıq və
etirazına baxmayaraq, 1978-ci ildə qəbul olunan Azərbaycan sovet
Konstitusiyasına Azərbaycan dilinin Dövlət dili olduğunu təsbit edən
maddə daxil edildi.
Azərbaycan öz dövlət
müstəqilliyini bərpa etdikdən sonra dilimizin daha geniş işlənməsi və
nüfuzunun artması üçün real üfüqlər açıldı. Lakin çox təəssüf ki, AXC
hakimiyyəti dövründə o vaxtkı respublika rəhbərliyinin səriştəsizliyi,
xalqın iradəsinə zidd olan populist fəaliyyəti nəticəsində dilimizin adı
dəyişdirildi. Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə
yenidən Azərbaycanda hakimiyyətə qayıtması bu tarixi ədalətsizliyə də
son qoydu. Müstəqil Azərbaycan respublikasının 1995-ci il noyabrın 12-də
qəbul olunan ilk Konstitusiyasında xalq referendum yolu ilə öz
mövqeyini nümayiş etdirərək Azərbaycanda dövlət dilinin Azərbaycan dili
adlandırılması müddəasına tərəfdar olduğunu bildirdi.
Sonralar dövlət dilinin
tətbiqi işinin təkmilləşdirilməsi, Azərbaycan əlifbası və Azərbaycan
dili gününün təsis edilməsi haqqında imzaladığı fərmanlar, milli-mənəvi
dəyərlərin qorunub saxlanılması istiqamətində həyata keçirdiyi
məqsədyönlü siyasət ümummilli lider Heydər Əliyevin azərbaycançılıq
ideyasının formalaşması yolunda göstərdiyi misilsiz xidmətlərdəndir. Heç
də təsadüfi deyil ki, Heydər Əliyevin dövlətçilik ənənələrinə və siyasi
kursuna sədaqətini nümayiş etdirən Prezident İlham Əliyevin dövlət
başçısı kimi imzaladığı ilk sənədlərdən biri də Azərbaycan və dünya
klassiklərinin ən məşhur əsərlərinin Azərbaycan dilində latın qrafikalı
əlifba ilə kütləvi nəşrinin həyata keçirilməsi haqqındakı Sərəncam
olmuşdur.
Prezident İlham
Əliyevin müxtəlif illərdə imzaladığı “Azərbaycan dilinin qloballaşma
şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin
inkişafına dair Dövlət Proqramı haqqında”, “Azərbaycan Milli Elmlər
Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki
bazasının gücləndirilməsi haqqında”, “Azərbaycan Milli
ensiklopediyasının hazırlanması haqqında” və digər Sərəncamları ölkə
başçımızın dilimizə, mədəniyyətimizə, zəngin mənəvi dəyərlərimizə
bəslədiyi böyük hörmət və ehtiramın bariz nümunəsidir.
Ulu öndər Heydər Əliyev
tövsiyə edirdi: “Müstəqil Azərbaycanın gələcəyi üçün ən mühüm
vasitələrdən biri ana dilimizin, dövlət dilimizin inkişaf
etdirilməsidir