воскресенье, 22 июля 2018 г.

22 İYUL- MİLLİ MƏTBUAT GÜNÜDÜR.

Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabidir. Böyük çətinliklərdən sonra o,Bakıda ana dilində "Əkinçi" qəzetinin nəşr edilməsi üçün icazə almışdı. Bu qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxmışdı. "Əkinçi" qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurmuşdu.1875-1877-ci illər ərzində fəaliyyət göstərmiş qəzetin 56 nömrəsi işıq üzü görmüşdü. "Əkinçi" qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynamışdır.  Qəzetin mütərəqqi ideyaları Rusiya hakim dairələrini narahat etmiş və iki il sonra qəzet bağlanmışdı.Azərbaycan mətbuatının ilk müjdəçisi "Əkinçi"dən sonra bu sahədə xeyli irəliləyişlər olmuşdu. XIX əsrin sonlarında "Ziya", (1879), "Kəşkül" (1880),"Kaspi" (80-90-cı illər) qəzetləri nəşrə başlamışdı. XX əsrin əvvəllərində C. Məmmədquluzadə, M. Şahtaxtinski, S. Hüseyn, Ö. Faiq Nemanzadə, Ü. Hacıbəyov və başqaları yeni demokratik mətbuatın yaranması uğrunda mübarizə aparırdılar. Bu gərgin mübarizə öz nəticəsini verdi. "Şərqi-rus" (1903), "Həyat" (1905), "Açıq söz" (1915), "Azərbaycan " (1918) kimi demokratik ruhlu, milli qayəli qəzetlər meydana çıxdı. 1906-cı ildə "Molla Nəsrəddin" jurnalının nəşrə başlanması ilə Azərbaycan mətbuatında siyasi satiranın əsası qoyuldu. Redaktoru Xədicə xanım Əlibəyova olan "İşıq" jurnalının bütün əməkdaşları qadınlardan ibarət idi. Sovet hakimiyyəti dövründə bütün sovet respublikalarında olduğu kimi Azərbaycanda da mətbuat sovet ideologiyasının ruporuna çevrilmişdi. Azad və demokratik mətbuatdan söhbət belə gedə bilməzdi. Yalnız bolşevik rejiminin, kommunist ideyalarının təbliği ilə məşğul olan qəzet və jurnallar nəşr olunurdu. Mətbuat üzərində ciddi senzura hökm sürürdü. Kommunist Partiyasının orqanı olan "Pravda" (bu qəzetin dilimizə tərcüməsi "Həqiqət" olsa da, səhifələri qərb demokratiyasına qarşı iftiralarla, ictimai və iqtisadi-siyasi həyatın müxtəlif sahələrinə aid yalan informasiyalarla dolu idi) qəzetinin ilk nömrəsinin çapdan çıxdığı gün -5 may Mətbuat Günü kimi qeyd olunurdu. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Bu gün Azərbaycanda yüzlərlə mətbu orqan - qəzet və jurnal fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əkinçi" qəzetinin nəşrə başladığı gün - 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunmağa başladı.
Əziz dostlar, dəyərli media nümayəndələri, Sizlərin hər birinizi 22 iyul Milli Mətbuat Günü münasibətilə ürəkdən təbrik edir, bol-bol uğurlar arzulayıram! BAYRAMINIZ MÜBARƏK!!!

понедельник, 9 июля 2018 г.

QİYMƏTLƏNDİRMƏ

Ümumi təhsil sahəsində dünyada üç əsas beynəlxalq qiymətləndirmə proqramı mövcuddur.
 Bunlar PIRLS, PISA və TIMSS proqramlarıdır. Ölkəmiz hər üç proqramda da iştirak edir. Proqramların məqsədi müxtəlif yaşlı şagirdlərin bilik və bacarıqlarını ölçərək ölkələr arasında müqayisə aparmaq və hər ölkənin nailiyyətini müqayisəli şəkildə təqdim etməkdir.
Azərbaycan hər 5 ildən bir IV sinif şagirdləri arasında keçirilən PIRLS - Oxu bacarığının inkişafı üzrə beynəlxalq tədqiqa­tında (Progress in International Reading Literacy Study) iştirak edir. PIRLS 2016 tədqiqatının əsas məqsədi 4-cü sinif şagirdləri­nin oxu bacarıqlarının qiymətləndirilməsi və nəticələrin digər ölkələrlə müqayisə olunmasıdır. 2016-cı ilin aprel-may aylarında ölkə üzrə 170 ümumi təhsil müəssisələrində PIRLS 2016 tədqiqa­tının əsas mərhələsi keçirilmiş və bütün materiallar PIRLS 2016 tədqiqatını təşkil edən Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (International Association for the Evaluation of Educational Achievement) tədqiqat mərkəzinə göndərilmişdir. Tədqiqatın nəticəsinin 2017-ci il ərzində açıqlan­ması gözlənilir.
PISA - Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı (Programme for International Student Assessment) tədqiqatı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (Organisation for Economic Co-operation and Development) tərəfindən 3 ildən bir təşkil olunaraq 15 yaşlı şagirdlərin oxu, riyaziyyat və elm sahələri üzrə məktəbdə qazandığı biliklərdən həyatda, məişətdə qarşılaşdıqları problemləri həll etmək üçün istifadə etmək bacarığını yoxlayır. 2016-cı ildə Azərbaycan növbəti PISA 2018 tədqiqatında iştirak etməyə müraciət etmiş və hazırlıq işlərinə başlanılmışdır.2017-ci ildə keçiriləcək PISA 2018 tədqiqatının Pilot mərhələsi üçün oxu, riyaziyyat və elm sahələri üzrə materiallar, şagird, müəllim və məktəb sorğuları Azərbaycan və rus dillərinə tərcümə olunmuşdur. PISA 2018 tədqiqatının Pilot mərhələsinin növbəti ilin aprel-may ayında keçirilməsi planlaşdırılır.
TIMSS - Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramı (Trends in International Mathematics and Science Study) Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya (International Association for the Evalua­tion of Educational Achievement) tərəfindən 1995-ci ildən etibarən həyata keçirilən 4-cü və 8-ci sinif şagirdlərinin riyaziyyat və elm biliklərini qiymətləndirən beynəlxalq bir araşdırmadır. Tədqiqat hər 4 ildən bir keçirilir və növbəti TIMSS 2019 araşdır­masında Azərbaycan da iştirak edəcək. Hazırda tədqiqatın 2018-ci ildə keçiriləcək pilot mərhələsi üçün hazırlıq işləri görülür.