воскресенье, 26 августа 2018 г.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın doğum günüdür

Bu gün Azərbaycan Respublikasının I vitse prezidenti,  UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ad günüdür. Dəyərli dövlət xadimi, gözəl qadın, qayğıkeş  ana, millətini sevən əsil vətənpərvər insan, Mehriban xanım, Biz Sizinlə qürur duyuruq, hər zaman var olun. Ad gününüz mübarək olsun. Sevimli Mehriban xanım, O böyük yaradandan sizə uzun ömür, can sağlığı, ailə firavanlığı və işlərinizdə müvəffəqiyyətlər arzu edirik.

вторник, 21 августа 2018 г.

Qurban bayramınız mübarək olsun!


      İlham Əliyev: “Xeyirxahlığın, insanpərvərliyin, bərabərliyin rəmzi olan müqəddəs Qurban bayramı insanları mərhəmətə, həmrəyliyə, qardaşlıq və humanizmə dəvət edən bir bayramdır. Bu əziz gündə müsəlmanlar Allah və din yolunda fədakarlığa hazır olduqlarını, mənəvi dəyərlərə bağlılığını nümayiş etdirir və uca Tanrıya yaxınlığın fərəhini yaşayırlar”.
       İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Dini qurban kəsmə İbrahim peyğəmbərin adı ilə bağlı mərasimdir. 
Qurani-Kərimə görə, oğlu İsmayılı Allah yolunda qurban kəsməyə hazır olan İbrahim peyğəmbərin bu əməli əsl möminlik kimi qiymətləndirilir və Allah-təala İbrahim peyğəmbərə oğlu İsmayılın əvəzində qurban kəsmək üçün bir cüt qoç göndərir. Bu səbəbdən bütün dünya müsəlmanları hər il İbrahim peyğəmbərin və oğlu İsmayılın xatirinə qurban kəsirlər. Həcc mərasiminin son gününə təsadüf edən Qurban bayramı Ramazan ayının qurtarmasından 70 gün sonra - zilhiccə ayının 10-da qeyd edilir və adətən 4 gün davam edir. Qurban bayramında hər bir imkanlı müsəlman qurban kəsib onun ətini imkansızlara, kasıblara paylamalıdır.  
Bayramlar bərəkətdir, ümiddir, niyyətdir. Sevdikləriniz həmişə sizinlə olsun... Azərbaycan xalqını, dünya müsəlmanlarının mənəvi birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, kəsdiyiniz qurbanların Allah tərəfindən qəbul olunması arzusu ilə bir daha sizə möhkəm cansağlığı, ailənizə firavanlıq, süfrənizə bol ruzi-bərəkət arzulayıram. Qurban bayramınız mübarək olsun!


пятница, 17 августа 2018 г.

Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda ümumi təhsil sisteminin müasir dövrün tələb və çağırışlarına uyğun inkişafı ilə bağlı müəyyənləşdirilmiş hədəflərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi daim diqqətdə saxlanmış, onların reallaşdırılması istiqamətində məqsədyönlü təşkilati və əməli tədbirlər həyata keçirilmişdir.
İlk öncə minnətdarlıq hissi ilə qeyd edilməlidir ki, dövlət başçısının müntəzəm dəstəyi və qayğısının nəticəsi olaraq, yeni məktəblərin inşası, o cümlədən ucqar yaşayış məntəqələrindəki yararsız vəziyyətə düşmüş azkomplektli məktəblər üçün modul tipli binaların quraşdırılması, eləcə də ümumtəhsil məktəblərinin əsaslı təmiri və maddi-tədris bazasının möhkəmləndirilməsi sahəsində aparılan işlərin ardıcıl davam etdirilməsi bütövlükdə ümumi təhsilin infrastrukturunun yenidənqurulmasına, təlim-tərbiyə şəraitinin, təhsilin keyfiyyətinin yaxşılaşmasına, pedaqoji kollektivlərdə iş əzminin yüksəlməsinə müstəsna dərəcədə əhəmiyyətli təsir göstərmişdir.
Ötən müddət ərzində ümumtəhsil məktəblərinin 142 mindən artıq müəlliminin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi başa çatdırılaraq əməkhaqları artırılmış, bölgələrdəki məktəblərə 2015-2017-ci illərdə 11 mindən çox müəllimin göndərilməsi pedaqoji kadrlara olan ehtiyacın ödənilməsində mühüm rol oynamışdır.
Görülmüş tədbirlərlə əlaqədar vaxtilə təhsilin keyfiyyəti baxımından fərqlənməyən bir sıra rayon və şəhərlərdə son illər ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının nəticələrində, bütövlükdə isə ali və orta ixtisas müəssisələrinə qəbulda müəyyən müsbət dəyişikliklər müşahidə olunmaqdadır.
Dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının yaradılması, tam orta təhsilin təmayülləşdirilməsi, eləcə də fənlərin məzmununun təkmilləşdirilməsi, şagirdlərin yaradıcılıq qabiliyyətinin, idrak fəallığı və dünyagörüşünün genişləndirilməsi, milli mənəvi dəyərlər zəminində tərbiyəsi istiqamətində pilot layihə və müsabiqələrin təşkili, məktəb-valideyn, məktəb-ali məktəb əlaqələrinin möhkəmləndirilməsi, yerli təhsil orqanları və ümumi təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi sahəsində məqsədyönlü işlərin aparılması, ölkədaxili fənn olimpiadaları sisteminin yenidənqurulması sayəsində uğurların yüksəlməsi, dünya fənn olimpiadalarında və digər beynəlxalq bilik yarışlarında şagirdlərimizin davamlı olaraq mükafata layiq yerlər tutması, beynəlxalq qiymətləndirmələrdə müsbət göstəricilərin ilbəil artması, yaradıcı fəaliyyətin stimullaşdırılmasına, sağlam rəqabətin yaradılmasına və qabaqcıl pedaqoji təcrübələrin üzə çıxarılmasına xidmət edən təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin, həmçinin pedaqoji mühazirələrin keçirilməsi, eləcə də 2017-2018-ci dərs ilinin təhsildə keyfiyyət ili elan edilməsi ümumi təhsilin keyfiyyətinin daim diqqətdə saxlanmasının real nümunəsidir.
Bütün bunlarla yanaşı, həmçinin qeyd edilməlidir ki, ümumi təhsilin keyfiyyətinin müasir çağırışlara uyğunlaşdırılması, xüsusilə də inteqrasiya meyillərinin getdikcə gücləndiyi indiki dövrdə uşaq və gənclərin vətənpərvərlik, milli-mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyə edilməsi ilə bağlı təhsil orqanları, məktəb pedaqoji kollektivləri qarşısında daha ciddi vəzifələr irəli sürülür və onların reallaşdırılması üçün təsirli tədbirlərin görülməsi tələb olunur.
Qeyd olunanları nəzərə alaraq, 2018-2019-cu dərs ilində ümumi təhsil sistemində keyfiyyət göstəricilərinin davamlı surətdə yaxşılaşdırılması, təhsilalanların milli ideologiyamız olan azərbaycançılıq məfkurəsi əsasında tərbiyə edilməsi istiqamətində çevik fəaliyyət mexanizmi yaratmaq məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq

ƏMR EDİRƏM:

1. Təhsil Nazirliyinin 2017-ci il 28 avqust tarixli 261 nömrəli əmri ilə təsdiq olunmuş “Təhsildə keyfiyyət ili” ilə bağlı Nazirliyin Fəaliyyət planında nəzərdə tutulmuş mahiyyətcə inkişafyönlü tədbirlərin 2018-2019-cu dərs ilində də davam etdirilməsi məqsədəuyğun hesab olunsun.
2. 2018-2019-cu dərs ilində ümumi təhsil üzrə prioritet fəaliyyət istiqamətləri nümunəvi olaraq aşağıdakı kimi müəyyən edilsin:
2.1. Fənlər üzrə şagirdlərin təlim nəticələrinin təhlili əsasında mövcud vəziyyətin, xüsusilə də buraxılış sinif şagirdlərinin nailiyyətlərinin əvvəlki illərə nisbətən əhəmiyyətli dərəcədə yaxşılaşdırılması, şagirdləri davamlı olaraq zəif nəticə göstərən müəllimlərin məsuliyyəti məsələsinə mövcud qanunvericiliyə uyğun baxılıb təkliflərin verilməsi.
2.2. Məktəblərdə şagird kontingentinin tam optimallaşdırılması, yaşayış ərazisi daxilində yaşayan məktəbyaşlı uşaqların təhsildən kənarda qalması hallarına yol verilməməsi, bununla əlaqədar valideynlərlə, eləcə də aidiyyəti təşkilatlarla əməkdaşlığın gücləndirilməsi.
2.3. Məktəbəhazırlıq qruplarında həyata keçirilən təhsil prosesinin müəyyən olunmuş proqram istiqamətləri üzrə təmin edilməsi, bu qruplarda çalışan müəllimlərin fəaliyyətinə müntəzəm nəzarət olunması və onlara davamlı metodik köməklik göstərilməsi.
2.4. İbtidai sinif müəllimlərinin tərkibinin peşəkarlıq baxımından təhlil olunması, onlar haqqında ictimai rəyin ətraflı öyrənilməsi və siniflərə təyinatda ciddi surətdə nəzərə alınması, “İnformatika” və “Xarici dil” fənləri istisna edilməklə digər fənlər üzrə dərs saatlarının başqa müəllimlər arasında bölüşdürülməsi hallarının aradan qaldırılması.
2.5. Şagirdlərin seçilmiş tədris dili, dövlət dili kimi Azərbaycan dili, Azərbaycan tarixi və coğrafiyası üzrə praktik bilik və bacarıqlarının, məlumatlılıq səviyyəsinin təkmilləşdirilməsi və genişləndirilməsi. Şagirdlər tərəfindən yaşadıqları ərazinin tarixi, flora və faunası, mədəniyyət abidələri, tanınmış şəxsiyyətləri haqqında məlumatların toplanması və ümumiləşdirilməsi işinin təşkili.
2.6. Yerlərdə yaradılmış “Kiçik akademiya”ların fəaliyyətinin gücləndirilməsi, “Hər bir uşaq istedadlıdır” devizi ilə ayrı-ayrı fənlər, eləcə də incəsənətin müxtəlif sahələri və idman növləri üzrə ümid verən istedadlı şagirdlərin olimpiadalara, müsabiqə və yarışlara cəlbinin daha da genişləndirilməsi, onların intellektual oyunlarda iştirakının təşviq və təşkil olunması, mütaliə, yazı və nitq mədəniyyətinin inkişaf etdirilməsi, məktəblərdə kitabxana xətti ilə şagirdlərin geniş cəlb olunduğu “Mütaliə aylığı”nın keçirilməsi.
2.7. Azərbaycançılıq ideologiyasının mahiyyətinin izahı və təbliği, müstəqilliyimizin simvolu olan dövlət rəmzlərinin hər bir şagird tərəfindən dərindən dərk olunması istiqamətində məqsədyönlü işlərin davam etdirilməsi, esse, inşa, bədii qiraət, rəsm və mahnı müsabiqələrinin, şagird təqdimatlarının, müzakirələrin təşkili.
2.8. Məktəblərdə Azərbaycan dövlətinin, ölkə prezidentinin ictimai-siyasi, sosial-iqtisadi sahələrdə dinamik inkişafı ehtiva edən fəaliyyəti, ölkəmizdə aparılan quruculuq işləri, o cümlədən ordu quruculuğu barədə şagirdlərə yaş səviyyələrinə uyğun davamlı məlumatların çatdırılması.
2.9.Tədris prosesində və dərsdənkənar vaxtlarda “Unutsaq unudularıq” başlığı üzrə Azərbaycan elminin, ədəbiyyatının, incəsənətinin, dövlətçiliyinin inkişafında böyük xidmətləri olan tarixi şəxsiyyətlər, o cümlədən qüdrətli Azərbaycan hökmdarları və sərkərdələri, vətənin müdafiəsi, torpaqlarımızın azad olunması yolunda qəhrəmanlıqlar göstərmiş şəxslər haqqında şagirdlərin məlumatlandırılması və onların anım günlərinin keçirilməsi, müasir dövrümüzün tanınmış elm, incəsənət, ədəbiyyat, təhsil xadimləri, əmək adamları, müharibə iştirakçıları və qəhrəmanları ilə görüşlərin təşkili.
2.10. Hüquq-mühafizə və səhiyyə orqanlarının məsul işçiləri, müvafiq qeyri-hökumət təşkilatlarının nümayəndələri tərəfindən hüquq pozuntularının qarşısının alınması, insan hüquq və azadlıqlarının qorunması, reproduktiv sağlamlıq, insan alverinin qurbanları, alkoqollu içkilərə və psixotrop maddələrə meyilliyin acı nəticələri, erkən nikahların fəsadları, internetdən təhkükəsiz istifadə və zərərli məlumatlardan mühafizə və sair bu kimi mövzularda şagirdlərlə maarifləndirici tədbirlərin təşkilinin təmin edilməsi.
3. Ümumtəhsil məktəblərində 2018-2019-cu dərs ilinin ilk dərs məşğələsi ibtidai siniflərdə “Vətənim Azərbaycan”, V-IX siniflərdə “Dövlət rəmzləri – müstəqilliyimizin simvolu”, X-XI siniflərdə “Azərbaycan Xalq Cümhuriyyəti – dövlətçiliyimizin bayraqdarı” mövzularına həsr olunsun.
4. Bütün ümumi təhsil müəssisələrində hər iş həftəsinə pedaqoji və şagird heyəti tərəfindən Azərbaycanın Dövlət Himninin ifası ilə başlanması vətənpərvərlik nümunəsi kimi ümumi norma olaraq qəbul edilsin.
5. 2018-2019-cu dərs ilində Pedaqoji mühazirələr “Müasir dövrdə ümumi təhsilin aktual problemləri” mövzusuna həsr edilsin.
Ümumi və məktəbəqədər təhsil şöbəsi (A.Əhmədov) pedaqoji mühazirələrin təşkili, keçirilməsi və yekunlaşdırılması ilə bağlı aidiyyəti sənədlərin vaxtında hazırlanıb yerlərə çatdırılmasını təmin etsin.
6. Naxçıvan MR Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə, rayon (şəhər) təhsil şöbələrinə, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinə tapşırılsın ki:
6.1. Təhsil şöbələri (idarələri) və ümumtəhsil məktəblərinin 2018-2019-cu dərs ilinə aid fəaliyyət planlarına qeyd edilən istiqamətlər üzrə tədbirlərin daxil olunmasını və həyata keçirilməsini təmin etsinlər.
6.2. Ümumtəhsil məktəblərində müvafiq mövzular üzrə ilk dərs məşğələsinin səmərəli və yaddaqalan olması üçün zəruri təşkilati işləri vaxtında başa çatdırsınlar, həmin dərslərdə aidiyyəti təşkilatların nümayəndələrinin, müharibə və əmək veteranlarının, məktəbin sabiq məzunlarının iştirakını nəzərdə tutsunlar.
6.3. Təsdiq olunmuş qrafik əsasında şura iclaslarında məktəb rəhbərlərinin həmin istiqamətlər üzrə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi vəziyyəti barədə hesabatlarını dinləyib müvafiq qərarlar qəbul etsinlər.
6.4. 2019-cu ilin fevral-mart ayları ərzində müəyyən edilmiş proqram üzrə məktəb rəhbərlərinin, tanınmış təhsil mütəxəssisləri və qabaqcıl müəllimlərin iştirakı ilə “Uşaq və gənclərin azərbaycançılıq ideologiyası ruhunda tərbiyəsi” mövzusunda ümumrayon (ümumşəhər) konfransı keçirib ən yaxşı məruzə və çıxışların yerli KİV-lərdə işıqlandırılmasını, müsbət təcrübələrin məktəblərdə yayılmasını təmin etsinlər.
6.5. Əmrin icrası ilə əlaqədar 2018-ci ilin dekabr, 2019-cu ilin may aylarında Nazirliyə müvafiq tədbirlərin yerinə yetirilməsini təsdiq edən materiallar əlavə olunmuş arayış göndərsinlər.
7.Ümumi və məktəbəqədər təhsil şöbəsi (A.Əhmədov), Təhsilin inkişafı proqramları şöbəsi (E.Əmrullayev) bu əmrlə nəzərdə tutulan istiqamətlər üzrə tədbirlərin yerinə yetirilməsi sahəsində yerli təhsili idarəetmə orqanlarının rəhbərlərinə əməli köməklik göstərsinlər, dərs ili ərzində seçmə yolla onların hesabatlarını dinləyib müvafiq təkliflər hazırlasınlar.
8.İnformasiya şöbəsi (E.Məmmədov) əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini, həmçinin həyata keçirilən tədbirlərin KİV-lərdə işıqlandırılmasını təmin etsin.
9.Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunsun.

Ceyhun BAYRAMOV,
Azərbaycan Respublikasının təhsil naziri
14 avqsut 2018-ci il

четверг, 9 августа 2018 г.

"Beynəlxalq Yerli Xalqlar Günü" münasibətilə YUNESKO-nun direktoru Odri Azulayın müraciəti

“Beynəlxalq Yerli Xalqlar Günü” münasibətilə YUNESKO-nun direktoru xanım Odri Azulayın   müraciəti – 
                               Miqrasiya və köçmə                        9 avqust 2018
Yerli xalqlar dünyanın ən həssas əhalisi sırasındadır. Onların təhlükəli vəziyyəti ilə bağlı ictimaiyyətin məlumatlandırılması üçün bu beynəlxalq gün bir fürsətdir, xüsusilə də 2018-ci ildə günün mövzusu olan miqrasiya ilə bağlı.  Miqrasiya bir çox yerli xalqların həyat tərzinə təsir edir. Bu, öz ekosisteminin nadir resurslarından faydalanmaq və incə bir tarazlığı qorumaq üçün mal-qaranın müvafiq otlaq sahələrinə mövsümi miqrasiya təqvimini izləyən pastoral cəmiyyət olub, Qərbi Afrikada Qırmızı Fulani mal-qara çobanları kimi bir neçə min kilometri əhatə edən mövsümi miqrasiya və ya Kalaxari səhrasında və Konqo hövzəsində bir neçə yüz kvadrat kilometr səyahət edən xalqdır. Lakin indi yerli xalqlar getdikcə məcburi şəkildə köç etməli olurlar və bu da əksər hallarda ekoloji fəlakətlər və ya sosial-siyasi münaqişələrlə nəticələnir. Öz ərazilərindən qovulanlar həyat tərzi və mədəniyyətlərinin parçalandığını, onların yenidən yaranma ehtimalının heç olmadığını görürlər. Təşkilatımız, 2030-cu il tarixli Davamlı İnkişaf Proqramına uyğun olaraq, gələcək problemlərlə üzləşməyə kömək etmək üçün yerli əhali ilə işləyir.  Beləliklə, Cənubi Sudanda yerli hakimiyyət orqanları və Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə əməkdaşlıq edərək YUNESKO köç halında yaşayan xalqlara uyğunlaşdırılmış təhsil sistemlərinin yaradılmasına yol açan pastoral cəmiyyətlər üçün pilot proqram həyata keçirmişdir. Məcburi köçkünlərin problemini həll etmək üçün YUNESKO, həmçinin qaçqın və məcburi köçkünləri qəbul edən Beynəlxalq İnklüziv və Davamlı Şəhərlər Koalisiyası kimi müxtəlif şəbəkələrdən istifadə edərək, inklüziya siyasətlərini dəstəkləyir. Bu beynəlxalq gündə 2007-ci ildə qəbul edilmiş Birləşmiş Millətlər Təşkilatının "Yerli Xalqların Hüquqlarına dair Bəyannamə"sinə görə bütün öhdəliyimizi təsdiqləyir və beynəlxalq ictimaiyyəti yerli xalqların ləyaqətinə, rifahına və əsas azadlıqlarına tam hörməti təmin etmək üçün səfərbərliyə dəvət edirik. 

среда, 1 августа 2018 г.

1 Avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günüdür.

Avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb.
Ana dilimizin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi qürurvericidir. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir. Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət və ənənələrini unutmamalı, onları təbliğ etməlidir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır. Bunlarsız isə vətənpərvərlik formulu yoxdur”.
Azərbaycan dilinin elektron məkanda da daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı tədbirlərin reallaşdırılması müstəsna əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin 17 iyul 2018-ci il tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı da Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Hər bir xalqın milli mədəniyyətinin tərkib hissələrindən birini həmin xalqın əlifbası, yazı sistemi təşkil edir. Əlifba xalqın mədəniyyət silahı, milli mənəvi sərvətidir. Mədəni və mükəmməl əlifba əsasında aparılan yazı sistemi xalqın maddi-mədəni nailiyyətlərinin yaranmasında, yaşamasında və inkişafında başlıca rol oynayır, xalqın dilinin, elmi əlaqələrinin və digər zəruri fəaliyyət sahələrinin tərəqqisinə xidmət edir. Azərbaycan xalqının əlifbası tarixin müxtəlif dövrlərində müəyyən səbəblər ucbatından bir neçə dəfə dəyişdirilməyə məruz qalıb, sonuncu kiril qrafikalı əlifba isə ümumiyyətlə, Azərbaycan dilinin səs sisteminə uyğun olmamasına baxmayaraq qəbul edilib. Azərbaycan dilinin fonetik sisteminə tam uyğun olan yeni əlifba yaratmaq XX əsrin 80-ci illərinin sonlarında az bir zaman ərzində ümumxalq arzusuna çevrilib. Xalq milli mənəvi mədəniyyətin digər sahələrində olduğu kimi, yazı məsələlərində də öz istəyinə nail olmağı qarşıya məqsəd qoymuşdu.
Həmin dövrdə Azərbaycanda baş verən oyanış hərəkatı bir çox ziyalılarımızla yanaşı, görkəmli dilçi alim Afad Qurbanovun da diqqətini xalqımızın taleyüklü problemlərinin həllinə yönəldib. Həmin problemlərdən biri də Azərbaycan xalqının kiril qrafikalı əlifbasının dəyişdirilməsi və Azərbaycan dilinin dövlət dili kimi qanuniləşdirilməsi, onun daha fəal işlədilməsi, habelə ictimai və başqa funksiyalarının genişləndirilməsinin təmin edilməsi olub. Bu dövrdə latın qrafikalı yeni müstəqil əlifbaya keçməyin zəruriliyini elmi faktlarla əsaslandıran ilk alim məhz Afad Qurbanovdur. 1990-cı il avqustun 1-də onun təşəbbüsü ilə Azərbaycan Əlifba Komissiyası yaradılıb və əlifba mütəxəssisi kimi bilik və bacarığı nəzərə alınaraq o komissiyanın sədri təyin edilib.
Ölkəmizdə əlifba islahatının aparılmasında Afad Qurbanovun Azərbaycan Əlifba Komissiyasının sədri və latın qrafikası əsasında hazırlanmış və bu gün istifadə etdiyimiz Azərbaycanın yeni müstəqil əlifbamızın müəllifi kimi böyük xidmətləri olub. İstedadlı dilçi alim, bacarıqlı təşkilatçı, akademik Afad Qurbanov bütün qüvvə və bacarığını xalqın arzu və istəyini əks etdirən bu mühüm işə - Azərbaycan üçün yeni müstəqil əlifbanın hazırlanmasına həsr edib. Yeni əlifba layihəsinin hazırlanması və Azərbaycan dili haqqında qanun layihəsinin tərtib olunması işi ilə yanaşı, görkəmli dilçi alim və ictimai xadim Afad Qurbanov 1990-1995-ci illərdə Milli Məclisin deputatı kimi geniş ictimai-siyasi fəaliyyət göstərərək bu sahələrdə də xeyli işlər görüb. Onun deputat platformasının əsas tezislərindən məhz latın qrafikalı yeni əlifbaya keçidin, Azərbaycan dilinin daha fəal işlədilməsinin, habelə onun ictimai və başqa funksiyalarının genişləndirilməsinin təmin edilməsi məsələləri olub.
Ümumxalq sərvətimiz olan bugünkü əlifba bu yorulmaz insanın, xalqını dərindən sevən fəal vətəndaşın, görkəmli dilçimiz akademik Afad Qurbanovun elmi və ictimai fəaliyyətinin bəhrəsi kimi Azərbaycan xalqına ən böyük töhfələrindən biridir.