четверг, 4 октября 2018 г.

5 OKTYABR- BEYNƏLXALQ MÜƏLLİM GÜNÜNÜZ MÜBARƏK OLSUN!

Müəllim gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir.
Müəllimin məqsədi Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməkdir.
Ölkəmizin, xalqımızın gələcəyi naminə müəllimlik peşəsinə və bu peşə sahiblərinə dövlət səviyyəsində daim layiqli qayğı göstərilir.
Beynəlxalq müəllimlər günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. Hər birimizdə müəllim hərarətli qəlbinin bir zərrəciyi var. “Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb.

Ulu Öndərimiz demişdir: "Hər bir müəllim gərək öz sahəsində səriştəli olsun, geniş ümumi məlumata, yaxşı pedaqoji vərdişlərə, mühazirə oxumaq, dərs demək, öyrətmək, tərbiyə etmək üçün bütün başqa zəruri keyfiyyətlərə malik olsun. Bunun üçün gərək  müəllim elmi biliklərdən əlavə, yaxşı nitq, dil qabiliyyətinə, natiqlik məharətinə, bütün başqa pedaqoji keyfiyyətlərə və vərdişlərə yiyələnsin ki, bütün bunlar üst-üstə ona həqiqətən yaxşı tərbiyəçi olmaq imkanı versin".