Milli musiqimiz öz inkişaf zirvəsinə
görə Üzeyir Hacıbəyova borcludur
18 sentyabr-bu gün xalqımız üçün
böyük bayram günüdür. Bu gün dahi Ü.Hacıbəyovun doğum günüdür. Xalqımız bu günü
Milli Musiqi günü kimi qeyd edir. Çünki milli musiqimiz, mədəniyyətimiz öz
inkişaf zirvəsinə görə Üzeyir Hacıbəyova borcludur. 1995-ci ildən bəri onun
doğum günü respublikamızda Milli Musiqi günü kimi qeyd edilir.
Üzeyir Hacıbəyov Azərbaycan
mədəniyyəti tarixinə böyük bəstəkar, opera sənətinin banisi kimi daxil
olmuşdur.
Azərbaycan, rus və dünya klassik
ədəbiyyatı incəsənətinin ənənələrini dərindən qavramış, doğma xalqının
mədəniyyətini yüksəklərə qaldırmaq məqsədilə yazıb yaratmış böyük bəstəkar
ömrünün, təqribən 45 ilini bu işə həsr etmişdir.
1908-ci ilin yanvarında tamaşaya
qoyulmuş ilk Azərbaycan operası «Leyli və Məcnun»un müəllifi Ü.Hacıbəyov yeddi
il ərzində bir-birinin ardınca beş opera, üç operetta yaratmışdır. «Leyli və
Məcnun», «Əsli və Kərəm», «O olmasın, bu olsun», «Arşın mal alan» xalq arasında
tezliklə geniş şöhrət qazandı və indiyə qədər səhnəmizdə müvəffəqiyyətlə
tamaşaya qoyulur. Bundan sonra o, Azərbaycan operasının şah əsəri olan
«Koroğlu»nu yaratdı. Bu dövrdə o, respublikamızda musiqi təhsilini tədris
etməyə, gənc kadrların təhsil almasına, klassik və xalq musiqisini öyrənib
bədii xüsusiyyətlərini meydana çıxarmağa, müasir musiqi formalarını yaymağa,
müxtəlif musiqi kollektivləri yaratmağa müvəffəq olmuşdur. Ü.Hacıbəyov böyük
bəstəkar və musiqi nəzəriyyəçisi kimi dünya şöhrəti qazanmışdır.
Ü.Hacıbəyov bəstəkar fəaliyyətini
getdikcə genişləndirərək çoxlu mahnılar, romanslar, kantatalar və başqa musiqi
əsərləri yazmışdır.
Ü.Hacıbəyov, eyni zamanda, görkəmli
bir ədib idi. Onun ədəbi yaradıcılığı iki istiqamətdə davam etmişdir. O, həm
dərin məzmunlu satirik felyetonlar, publisistik əsərlər yazmış, həm də opera və
operettaların ədəbi məktəbini yaratmışdır. Ü.Hacıbəyov dünya opera sənətində
silinməz iz qoymuşdur. «Koroğlu»dan başqa bütün opera və operettaların mətnini
özü yazan Üzeyir bəyin librettoları mənasına və bədii keyfiyyətinə görə sərbəst
dram əsərləri kimi yaşayır. «Ər və arvad», «O olmasın, bu olsun», «Arşın mal
alan», «Əsli və Kərəm» insan duyğularını ifadə edən gözəl səhnə əsərləridir.
Böyük axtarışlardan-milli musiqimizi,
rus, Avropa və başqa xalqların musiqisini dərindən öyrəndikdən sonra Üzeyir
Hacıbəyov öz şah əsərini-«Koroğlu»nu tamamladı. «Koroğlu»nun ilk tamaşası
Azərbaycan mədəniyyətində, incəsənətində ən böyük bayrama çevrildi.
Ü.Hacıbəyovun opera sənəti, opera dramaturgiyası
sənət tariximizdə tamamilə yenilik idi və bu sənət faktı Yaxın Şərqdə ilk dəfə
olaraq Azərbaycanda yarandı. Ü.Hacıbəyov həm də kamil bir yazıçı və publisist idi. Onun gözəl felyetonları, ədəbi səhnəcikləri, satirik, publisistik yazıları ədəbiyyatımızda özünəməxsus yer tutur. Ü.Hacıbəyov Cəlil Məmmədquluzadənin yaratdığı «Mola Nəsrəddin» məktəbinin qüdrətli nümayəndələrindən biridir. Respublika Elmlər Akademiyası tərəfindən toplanıb çap olunmuş əsərləri meydana çıxandan sonra müasir oxucu Ü.Hacıbəyovun ədəbi fəaliyyəti barədə geniş təsəvvürlər ala bilmişdir.
Ü.Hacıbəyovun əsərləri həm də xalqın azadlıq mübarizəsinə xidmət etmiş ictimai məzmunlu, mili koloritli, tərbiyəvi əsərlərdir.