вторник, 17 сентября 2019 г.

18 sentyabr -Milli Musiqi günüdür



Milli musiqimiz öz inkişaf zirvəsinə görə Üzeyir Hacıbəyova borcludur
18 sentyabr-bu gün xalqımız üçün böyük bayram günüdür. Bu gün dahi Ü.Hacıbəyovun doğum günüdür. Xalqımız bu günü Milli Musiqi günü kimi qeyd edir. Çünki milli musiqimiz, mədəniyyətimiz öz inkişaf zirvəsinə görə Üzeyir Hacıbəyova borcludur. 1995-ci ildən bəri onun doğum günü respublikamızda Milli Musiqi günü kimi qeyd edilir.
Üzeyir Hacıbəyov Azərbaycan mədəniyyəti tarixinə böyük bəstəkar, opera sənətinin banisi kimi daxil olmuşdur.
Azərbaycan, rus və dünya klassik ədəbiyyatı incəsənətinin ənənələrini dərindən qavramış, doğma xalqının mədəniyyətini yüksəklərə qaldırmaq məqsədilə yazıb yaratmış böyük bəstəkar ömrünün, təqribən 45 ilini bu işə həsr etmişdir.
1908-ci ilin yanvarında tamaşaya qoyulmuş ilk Azərbaycan operası «Leyli və Məcnun»un müəllifi Ü.Hacıbəyov yeddi il ərzində bir-birinin ardınca beş opera, üç operetta yaratmışdır. «Leyli və Məcnun», «Əsli və Kərəm», «O olmasın, bu olsun», «Arşın mal alan» xalq arasında tezliklə geniş şöhrət qazandı və indiyə qədər səhnəmizdə müvəffəqiyyətlə tamaşaya qoyulur. Bundan sonra o, Azərbaycan operasının şah əsəri olan «Koroğlu»nu yaratdı. Bu dövrdə o, respublikamızda musiqi təhsilini tədris etməyə, gənc kadrların təhsil almasına, klassik və xalq musiqisini öyrənib bədii xüsusiyyətlərini meydana çıxarmağa, müasir musiqi formalarını yaymağa, müxtəlif musiqi kollektivləri yaratmağa müvəffəq olmuşdur. Ü.Hacıbəyov böyük bəstəkar və musiqi nəzəriyyəçisi kimi dünya şöhrəti qazanmışdır.
Ü.Hacıbəyov bəstəkar fəaliyyətini getdikcə genişləndirərək çoxlu mahnılar, romanslar, kantatalar və başqa musiqi əsərləri yazmışdır.
Ü.Hacıbəyov, eyni zamanda, görkəmli bir ədib idi. Onun ədəbi yaradıcılığı iki istiqamətdə davam etmişdir. O, həm dərin məzmunlu satirik felyetonlar, publisistik əsərlər yazmış, həm də opera və operettaların ədəbi məktəbini yaratmışdır. Ü.Hacıbəyov dünya opera sənətində silinməz iz qoymuşdur. «Koroğlu»dan başqa bütün opera və operettaların mətnini özü yazan Üzeyir bəyin librettoları mənasına və bədii keyfiyyətinə görə sərbəst dram əsərləri kimi yaşayır. «Ər və arvad», «O olmasın, bu olsun», «Arşın mal alan», «Əsli və Kərəm» insan duyğularını ifadə edən gözəl səhnə əsərləridir.
Böyük axtarışlardan-milli musiqimizi, rus, Avropa və başqa xalqların musiqisini dərindən öyrəndikdən sonra Üzeyir Hacıbəyov öz şah əsərini-«Koroğlu»nu tamamladı. «Koroğlu»nun ilk tamaşası Azərbaycan mədəniyyətində, incəsənətində ən böyük bayrama çevrildi.
Ü.Hacıbəyovun opera sənəti, opera dramaturgiyası sənət tariximizdə tamamilə yenilik idi və bu sənət faktı Yaxın Şərqdə ilk dəfə olaraq Azərbaycanda yarandı. Ü.Hacıbəyov həm də kamil bir yazıçı və publisist idi. Onun gözəl felyetonları, ədəbi səhnəcikləri, satirik, publisistik yazıları ədəbiyyatımızda özünəməxsus yer tutur. Ü.Hacıbəyov Cəlil Məmmədquluzadənin yaratdığı «Mola Nəsrəddin» məktəbinin qüdrətli nümayəndələrindən biridir. Respublika Elmlər Akademiyası tərəfindən toplanıb çap olunmuş əsərləri meydana çıxandan sonra müasir oxucu Ü.Hacıbəyovun ədəbi fəaliyyəti barədə geniş təsəvvürlər ala bilmişdir.
Ü.Hacıbəyovun əsərləri həm də xalqın azadlıq mübarizəsinə xidmət etmiş ictimai məzmunlu, mili koloritli, tərbiyəvi əsərlərdir.



понедельник, 24 декабря 2018 г.

Bu gün Azərbaycan Respublukasının Prezidenti İlham Əliyevin ad günüdür


Hörmətli cənab Prezident!Sizi ad gününüz münasibətilə ürəkdən təbrik edirik! Belə bir əlamətdar gündə Sizə və bütün ailənizə möhkəm can sağlığı və səadət dolu xoşbəxt günlər, çiçəklənən doğma Vətənimizin müstəqilliyi, tərəqqisi və sürətlə inkişafı naminə daha möhtəşəm uğurlar və zəfərlər, ölkəmizin işıqlı sabahları naminə yeni-yeni zirvələri fəth etməyi arzulayırıq!


İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. Orta təhsilini 1967-1977-ci illərdə Bakı şəhərində alan İ.Əliyev 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ - MQİMO) daxil olub.MDBƏİ-ni bitirdikdən sonra 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun aspiranturasına daxil olub. 1985-ci ildə dissertasiya müdafiə edərək, tarix elmləri namizədi dərəcəsi alıb. 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda müəllim işləyib.
1991-1994-cü illərdə özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvar ayında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib.
2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycanın Baş naziri təyin edilib.
2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs verib. O, 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb.
2004-cü ilin aprelində AŞPA-nın fəaliyyətində fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə AŞPA-nın fəxri üzvü diplomu və AŞPA medalı ilə təltif edilib.
2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 % səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.
O, 2008-ci il oktyabrın 24-də vəzifəsinin icrasına başlayıb. Azərbaycan, rus, ingilis, fransız və türk dillərini mükəmməl bilir.
Üç övladı, üç nəvəsi var.
2013-cü ilin oktyabrın 9-da keçirilən seçkilər prezident seçilərində səslərin 84,54 faizini topladığı üçün prezident elan edilib. Konstitusiya Məhkəməsi 2013-cü il 19 oktyabr tarixli qərarı ilə Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının nəticələrini təsdiq edərək, İlham Heydər oğlu Əliyevi Azərbaycan Respublikasının Prezidenti elan edib.

вторник, 11 декабря 2018 г.

Heydər Əliyev bütün zamanların ən böyük dövlət xadimlərindən biri, Azərbaycan xalqının ulu öndəridir.

Azərbaycan xalqının böyük oğlu, müstəqil dövlətimizin qurucusu, Azərbaycan siyasi sisteminin yaradıcısı, azərbaycançılıq ideologiyasının banisi, ölkəmizdə milli özünüdərk prosesinin öndəri və idarəedicisi ümummilli lider Heydər Əliyev dövlətçilik tariximizdə elə böyük yeniliklərə imza atıb ki, sadaladığımız titulların heç biri onun titanik fəaliyyətini tam əhatə etmir. Biz bu gün Azərbaycan tarixində Heydər Əliyev erasını yaratmış Ulu Öndər haqqında danışarkən, adətən, onu ümummilli lider kimi səciyyələndiririk. Əlbəttə, bu, mübahisəsiz olaraq belədir. Amma bu zaman bizə elə gəlir ki, Heydər Əliyevin fəaliyyətini bir qədər məhdudlaşdırmış oluruq. Onun fəaliyyətinə bir qədər sırf milli kontekstdə yanaşmış oluruq. Lakin Heydər Əliyev şəxsiyyəti və onun fəaliyyəti təkcə Azərbaycanın etnosiyasi coğrafiyası ilə bağlı deyil və Ulu Öndərin bir siyasətçi kimi fəaliyyəti də Azərbaycanın etnosiyasi coğrafiyası ilə məhdudlaşmır. O, istər sovet xalqları müstəvisində, istərsə də Şərqi Avropadan tutmuş Afrika ölkələrinə qədər olan xalqların tarixində rol oynamış, onların yaxından tanıdığı və onların həyatına təsir edəcək proseslərə imza atmış bir şəxsiyyətdir.
Heydər Əliyev erası müxtəlif sosial, iqtisadi və ideoloji qatlardan ibarətdir
Biz Ulu Öndərin fəaliyyətinə, Azərbaycan xalqı qarşısında xidmətlərinə nəzər saldıqda görəcəyik ki, dediyimiz bu era ayrı-ayrı qatlardan və mərhələlərdən ibarətdir. Bu qatların və mərhələlərin hər biri Azərbaycan xalqının tarixində ayrıca səhifədir. Ən əsası odur ki, bu səhifələr Azərbaycan xalqının və dövlətinin inkişafını özündə ehtiva edən, onu stimullaşdıran səhifələrdir. Əlbəttə ki, Ulu Öndərin hakimiyyətinin ikinci dövrü onun SSRİ rəhbərliyinə aparılması ilə bağlıdır. Bu dövrdə də yenə Azərbaycan daim Ulu Öndərin diqqətində olmaqla respublikamızın inkişafı başlıca məsələ kimi SSRİ rəhbərliyinin diqqət mərkəzində dururdu. Nəhayət, Ulu Öndərin sonrakı mərhələdəki fəaliyyəti onu artıq müstəqil bir dövlətin, müstəqil bir xalqın lideri kimi səciyyələndirməyə imkan verir. Genetik olaraq, liderlik keyfiyyətlərinə və yüksək xarizmaya sahib olan Heydər Əliyev heç kəsin proqnozlaşdıra bilməyəcəyi proseslər baş verərkən XX əsrin sonlarında bunları proqnozlaşdırmağı, həmçinin öz yeri və mövqeyini bu proseslərin içində müəyyənləşdirməyi dəqiqliklə bacarırdı. Eyni zamanda, onun qəbul etdiyi şəxsi qərarlar, bir növ, Azərbaycan xalqının siyasi qərarlarına çevrilirdi. Ən əsası isə bu qərarlar uzaqgörən və məqsədyönlü, konkret hədəfə doğru istiqamətlənmiş olduğu üçün bizim ümummilli yolumuzu işıqlandıran mayaka çevrildi.
Heydər Əliyev dövlətin siyasi və ideoloji varisliyini təmin etdi
Ulu Öndər elə böyük dövlət və siyasi xadimlərdən idi ki, dövlətçiliyin siyasi-ideoloji əsaslarını yaratmaqla bərabər, eyni zamanda, onun varisliyini də təmin etdi. Hər hansı bir dövlətin var olması üçün mütləq ideoloji-siyasi varislik lazımdır. Əgər bu olmasa, dövlət bir nüfuza, liderə, bir fiziki şəxsə bağlı olduqda o şəxsin fiziki-bioloji mövcudluğu bitdikdən sonra dövlətin də ömrü bitir. Məhz bunu bilən Ümummilli Lider dövlətçiliyimizin siyasi-ideoloji varisliyini də təmin etmiş oldu.
Biz tarixi şəxsiyyət Heydər Əliyev üçün çoxlu titullar deyə bilərik. Ümummilli lider, ulu öndər, Azərbaycan Respublikasının siyasi rəhbəri, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, müstəqil Azərbaycan Respublikasının Prezidenti və s. Bunlar əlbəttə ki, hamısı bir titul, bir vəzifədir. Amma Heydər Əliyev şəxsiyyəti bütün bunların hamısının fövqündə durur. Yəni, bu, bir həqiqətdir ki, bütün bu vəzifələrdən və titullardan ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının milli və dövlətçilik maraqlarının təmin olunması üçün istifadə etdi. O, bir millət mücahidi, xalq mücahidi idi, Azərbaycan xalqını beynəlxalq münasibətlərdə böyük arenaya çıxarmağı qarşısına məqsəd qoymuşdu, Azərbaycan həqiqətlərini dünyaya çatdırmağı vəzifə borcu etmişdi. Prezidentlikdən tutmuş qalan digər titul və vəzifələr isə onun üçün, məhz bu məqsədləri həyata keçirmək üçün bir mexanizm və vasitə idi. Ona görə də ulu öndər Heydər Əliyev Azərbaycan xalqı tərəfindən daim hörmətlə anılacaq. Xalqımız var olduqca o da yaşayacaq.

понедельник, 12 ноября 2018 г.

12 Noyabr- Azərbaycan Respublikasının Konstitusiya günüdür.





пятница, 9 ноября 2018 г.

Bayraq mənliyimdir, bayraq kimliyim, Bayraq - öz yurduma öz hakimliyim.

Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdən sayılan üçrəngli bayrağımız hər bir Azərbaycan vətəndaşında - yeniyetmə, gənc və yaşlılarda yüksək vətənpərvərlik duyğuları aşılayır. Bayraq insanlarda vətənə sevgi və məhəbbət hissləri yaradır. Gənc nəsilin Azərbaycan bayrağına hörmət ruhunda tərbiyə edilməsi, vətəndaş cəmiyyətinin yaradılması və möhkəmləndirilməsinə xidmət göstərir.
        Bu gün müstəqil və suveren Azərbaycanın üzərində əzəmətlə dalğalanan üçrəngli bayrağım mənim qürur və varlığımın təcəssümüdür. Bayrağım dalğalanırsa mən də varam. Bayraq hər bir millətin imzasını, onun kimliyini isbat edən bir varlıqdır. Böyük şairimiz B.Vahabzadə üçrəngli bayrağımıza özünün, xalqının sevgi və ehtiramını «Bayraq» şeirində bu cür tərənnüm və təbliğ edir.
Üçrəngli bayrağın kölgəsində mən,
Qaraca torpağı vətən görmüşəm.Zəfər güllərini dövri-qədimdən
Bayraq işığında bitən görmüşəm.
Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq öz yurduma öz hakimliyim!
 Dövlət bayrağımız üzərində səkkizguşəli ulduz və aypara təsvir edilmiş - mavi, qırmızı, yaşıl rəngli üç zolaqdan ibarətdir. Bu rənglərin hər biri xalqımıza xas olan mühüm cəhətləri ifadə edir. Belə ki, mavi rəng türkçülüyümüzü, qırmızı rəng müasirliyimizi, yaşıl rəng isə müqəddəs islam dinini ifadə edir.
        Bayrağımızın yaranma tarixi XIX əsrin əwəllərinə təsadüf edir. Bu bayraq 1918 -1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış milli dövlətçilik atributlarından biridir. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası hökumətin başçısı Fətəli Xan Xoyskinin məruzəsi əsasında Azərbaycanın üçrəngli milli bayrağının təsdiq olunması haqqında qərar qəbul olundu. Milli bayrağımız ilk dəfə həmin gün Bakıda Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qaldırıldı.
        1919-ci il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışı zamanı parlamentin binası üzərində dalğalandı. Məhz o zaman da Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu M.Ə.Rəsulzadə parlamentin ilk iclasında «Bir kərə yüksələn bayraq, bir daha enməz» məşhur kəlamını söyləmişdir.
        Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı və 1920-ci ildə qonşu iri dövlətlərin mənfur planları nəticəsində süqut etdi. 70 il Azərbaycan xalqı doğma və əziz bayrağından zorla ayrı salındı. Lakin bu 70 il ərzində xalqın min bir əziyyətlə əldə etmiş olduğu üçrəngli bayrağına sevgi və məhəbbəti az da olsa tükənmədi. Əksinə, millətimiz bu bayrağın nə vaxtsa yenə də vətənimizin, doğma Azəribaycanımızın üzərində məğrurluqla dalğalanacağı anı səbirsizliklə gözlədi. Həm də yalnız gözləməklə kifayətlənmədi. Onun uğrunda diktator Sovet hakimiyyətinin kəskin qadağalarına baxmayaraq əzmlə, təmkin və qeyrətlə mübarizə apardı. Əzm və sücaət göstərdi, nəhayət, o gün gəlib çatdı. 1990-cı il noyabrın 7-də üçrəngli bayrağımız ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiqləndi. 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağımızın Azərbaycanın dövlət bayrağı kimi təsdiq olunması haqqında Konstitusiya Qanununu qəbul etdi.
        Bayrağımıza hörmət və məhəbbət rəmzi olaraq dövlət başçımız xarici ölkələrə səfərə gedərkən milli bayrağımız onu qəbul edən dövlət tərəfindən qaldırılır. Təntənəli mərasimlərdə dövlət bayrağı gətirilərsə, tədbirdə iştirak edən hərbiçilər hərbi salam verirlər. Mülki şəxslər isə bayrağa dərin hörmət əlaməti olaraq baş geyimlərini çıxarırlar.
        Üçrəngli bayrağımıza dərin məhəbbət rəmzi olaraq hər il noyabrın 9-u Konstitusiyada bayraq bayramı kimi qeyd olunur. Paytaxtımızın yüksək yerində inşa olunmuş Bayraq meydanında dünyanın ən hündür bayraq dirəyi qurulmuşdur.

Ucal Qarabağda, Qərbdə, Cənubda!
Yumruq tək birləşsin Azərbaycan da!
Şənliklər başlasın eldə, obada
Gəl bu şənliklərdən bac al bayrağım!
Dalğalan bayrağım, ucal bayrağım
!