пятница, 9 ноября 2018 г.

Bayraq mənliyimdir, bayraq kimliyim, Bayraq - öz yurduma öz hakimliyim.

Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdən sayılan üçrəngli bayrağımız hər bir Azərbaycan vətəndaşında - yeniyetmə, gənc və yaşlılarda yüksək vətənpərvərlik duyğuları aşılayır. Bayraq insanlarda vətənə sevgi və məhəbbət hissləri yaradır. Gənc nəsilin Azərbaycan bayrağına hörmət ruhunda tərbiyə edilməsi, vətəndaş cəmiyyətinin yaradılması və möhkəmləndirilməsinə xidmət göstərir.
        Bu gün müstəqil və suveren Azərbaycanın üzərində əzəmətlə dalğalanan üçrəngli bayrağım mənim qürur və varlığımın təcəssümüdür. Bayrağım dalğalanırsa mən də varam. Bayraq hər bir millətin imzasını, onun kimliyini isbat edən bir varlıqdır. Böyük şairimiz B.Vahabzadə üçrəngli bayrağımıza özünün, xalqının sevgi və ehtiramını «Bayraq» şeirində bu cür tərənnüm və təbliğ edir.
Üçrəngli bayrağın kölgəsində mən,
Qaraca torpağı vətən görmüşəm.Zəfər güllərini dövri-qədimdən
Bayraq işığında bitən görmüşəm.
Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq öz yurduma öz hakimliyim!
 Dövlət bayrağımız üzərində səkkizguşəli ulduz və aypara təsvir edilmiş - mavi, qırmızı, yaşıl rəngli üç zolaqdan ibarətdir. Bu rənglərin hər biri xalqımıza xas olan mühüm cəhətləri ifadə edir. Belə ki, mavi rəng türkçülüyümüzü, qırmızı rəng müasirliyimizi, yaşıl rəng isə müqəddəs islam dinini ifadə edir.
        Bayrağımızın yaranma tarixi XIX əsrin əwəllərinə təsadüf edir. Bu bayraq 1918 -1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış milli dövlətçilik atributlarından biridir. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası hökumətin başçısı Fətəli Xan Xoyskinin məruzəsi əsasında Azərbaycanın üçrəngli milli bayrağının təsdiq olunması haqqında qərar qəbul olundu. Milli bayrağımız ilk dəfə həmin gün Bakıda Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qaldırıldı.
        1919-ci il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışı zamanı parlamentin binası üzərində dalğalandı. Məhz o zaman da Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu M.Ə.Rəsulzadə parlamentin ilk iclasında «Bir kərə yüksələn bayraq, bir daha enməz» məşhur kəlamını söyləmişdir.
        Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı və 1920-ci ildə qonşu iri dövlətlərin mənfur planları nəticəsində süqut etdi. 70 il Azərbaycan xalqı doğma və əziz bayrağından zorla ayrı salındı. Lakin bu 70 il ərzində xalqın min bir əziyyətlə əldə etmiş olduğu üçrəngli bayrağına sevgi və məhəbbəti az da olsa tükənmədi. Əksinə, millətimiz bu bayrağın nə vaxtsa yenə də vətənimizin, doğma Azəribaycanımızın üzərində məğrurluqla dalğalanacağı anı səbirsizliklə gözlədi. Həm də yalnız gözləməklə kifayətlənmədi. Onun uğrunda diktator Sovet hakimiyyətinin kəskin qadağalarına baxmayaraq əzmlə, təmkin və qeyrətlə mübarizə apardı. Əzm və sücaət göstərdi, nəhayət, o gün gəlib çatdı. 1990-cı il noyabrın 7-də üçrəngli bayrağımız ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiqləndi. 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağımızın Azərbaycanın dövlət bayrağı kimi təsdiq olunması haqqında Konstitusiya Qanununu qəbul etdi.
        Bayrağımıza hörmət və məhəbbət rəmzi olaraq dövlət başçımız xarici ölkələrə səfərə gedərkən milli bayrağımız onu qəbul edən dövlət tərəfindən qaldırılır. Təntənəli mərasimlərdə dövlət bayrağı gətirilərsə, tədbirdə iştirak edən hərbiçilər hərbi salam verirlər. Mülki şəxslər isə bayrağa dərin hörmət əlaməti olaraq baş geyimlərini çıxarırlar.
        Üçrəngli bayrağımıza dərin məhəbbət rəmzi olaraq hər il noyabrın 9-u Konstitusiyada bayraq bayramı kimi qeyd olunur. Paytaxtımızın yüksək yerində inşa olunmuş Bayraq meydanında dünyanın ən hündür bayraq dirəyi qurulmuşdur.

Ucal Qarabağda, Qərbdə, Cənubda!
Yumruq tək birləşsin Azərbaycan da!
Şənliklər başlasın eldə, obada
Gəl bu şənliklərdən bac al bayrağım!
Dalğalan bayrağım, ucal bayrağım
!


четверг, 4 октября 2018 г.

5 OKTYABR- BEYNƏLXALQ MÜƏLLİM GÜNÜNÜZ MÜBARƏK OLSUN!

Müəllim gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir.
Müəllimin məqsədi Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməkdir.
Ölkəmizin, xalqımızın gələcəyi naminə müəllimlik peşəsinə və bu peşə sahiblərinə dövlət səviyyəsində daim layiqli qayğı göstərilir.
Beynəlxalq müəllimlər günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. Hər birimizdə müəllim hərarətli qəlbinin bir zərrəciyi var. “Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb.

Ulu Öndərimiz demişdir: "Hər bir müəllim gərək öz sahəsində səriştəli olsun, geniş ümumi məlumata, yaxşı pedaqoji vərdişlərə, mühazirə oxumaq, dərs demək, öyrətmək, tərbiyə etmək üçün bütün başqa zəruri keyfiyyətlərə malik olsun. Bunun üçün gərək  müəllim elmi biliklərdən əlavə, yaxşı nitq, dil qabiliyyətinə, natiqlik məharətinə, bütün başqa pedaqoji keyfiyyətlərə və vərdişlərə yiyələnsin ki, bütün bunlar üst-üstə ona həqiqətən yaxşı tərbiyəçi olmaq imkanı versin".

вторник, 18 сентября 2018 г.

Milli Musiqi gününüz mübarək


“Azərbaycan musiqi sənətinin parlaq inkişaf perspektivləri vardır. Lakin cəsarətli olmaq, yaxşı oxumaq və məhsuldar işləmək lazımdır. Xalqın mənəviyyatını duymaq, onun ümid və arzularının ifadəçisi olmaq, nikbinliyini, əhvali-ruhiyyəsini musiqi vasitəsilə əks etdirmək lazımdır”.
Ümummilli lider Heydər Əliyev
Sentyabrın 18-i Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir bəy Hacıbəyovun doğum günüdür. Üzeyir bəyin doğum gününün musiqi tariximizin ən əlamətdar hadisəsi kimi anılması tez bir zamanda ənənə halını almışdır. 1995-ci ildə isə Prezident Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd edilməsi qərara alınmışdır. Həmin gün təkcə musiqisevərlərin deyil, həm də xalqımızın bayramıdır. Çünki elə bir azərbaycanlı tapmaq olmaz ki, onun qəlbində Üzeyir bəyə məhəbbət, onun ölməz sənətinə hörmət hissi olmasın. Böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoymuşdur. Üzeyir Hacıbəyov 1908-ci il yanvarın 18-də Bakıda H. Z. Tağıyevin teatrında hazırlanan "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoymuşdur. O, həm də Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır. Ü. Hacıbəyovun "Ər və arvad", "O olmasın, bu olsun" , "Arşın mal alan" musiqili komediyalarında o dövr Azərbaycan məişəti, xalq adət və ənənələri öz əksini tapmışdır. Ü.Hacıbəyov milli musiqi xəzinəsinə yeni janr və formalarla zənginləşdirən bir sıra əsərlər, o cümlədən Azərbaycan peşəkar musiqi sənətinin şah əsəri, dünya musiqi xəzinəsinin incilərindən olan "Koroğlu" operasını, həm də yeni Azərbaycan Respublikasının Dövlət Himnlərinin musiqisinin müəllifidir. Dahi bəstəkarın yaratdığı musiqi inciləri dünya şöhrəti qazanmış, dünya musiqi mədəniyyətinin qızıl fonduna daxil olmuşdur. Azərbaycan və dünya musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətləri olmuş Ü. Hacıbəyovun anadan olmasının 100 illik yubileyi YUNESKOnun qərarı ilə beynəlxalq miqyasda qeyd olunmuşdur. Milli musiqimiz öz inkişaf zirvəsinə görə Üzeyir Hacıbəyova borcludur.


пятница, 14 сентября 2018 г.



"Pedaqogika" elmində təhsilin keyfiyyətinin yüksəldilməsində əsas üç amilin böyük rol oynadığı mühüm şərt hesab edilir:
1) Kim öyrədir? 2) Nəyi öyrədir? 3) Necə öyrədir?"
Əlbəttə, burada müəllimin akademik və didaktik qabiliyyətləri xüsusi yer tutu
r.
Akademik qabiliyyət müəllimin ixtisas biliyinin dərinliyi, mükəmməlliyi, onun ümumi bilik və dünyagörüşüdür .
Didaktik qabiliyyət isə müəllimin öyrətmə qabiliyyəti, praktik fəaliyyətidir. Müəllim yüksək əqidə, məslək sahibi olmalı, müəllim - vətəndaş olmalıdır. O, xalqın, Vətənin problemləri ilə yaşamalı, gəncliyi də bu ruhda yetişdirməlidir. Müəllimlik-vətənpərvərlik peşəsidir. Məhz müəllim uşaqları, gəncləri vətənə məhəbbət ruhunda tərbiyə edir, onları vətənin müdafiəsinə hazırlayır.
1. Müəllim yüksək mədəniyyətə və mənəviyyata malik olmalıdır. O, özündə zahiri və daxili mədəniyyəti, nəcib əxlaqi keyfiyyətləri (düzlük, ədalətlilik, xeyirxahlıq, humanizm, sadəlik və b.) cəmləşdirməlidir. Müəllim tərbiyə işinə özündən başlamalıdır, çünki özündə olmayan keyfiyyəti başqalarına vermək olmaz.
2. Müəllim dərin biliyə, erudisiyaya malik olmalıdır. 
Bilik müəllimin əsas silahıdır. Y.A. Komenski biliksiz müəllimi işıqsız lampaya, susuz bulağa bənzədirdi. Belə "müəllim" uşaqlara dərin bilik verə bilməz. Zəif müəllim zəif də şagird, tələbə yetişdirər.
3. Müəllim fənnini, peşəsini və uşaqları sevməlidir. L.N. Tolstoya görə, öz işini sevən müəllim yaxşı müəllimdir, bununla yanaşı uşaqları və fənnini sevən müəllim səriştəli müəllimdir.
4. Müəllim yüksək nüfuz sahibi və uşaqlara nümunə olmalıdır. Dərin bilik, mədənilik, mənəviyyat nümunəsi olan müəllimin nüfuzu da yüksək olur. Nüfuzu qazanmaq çətin, itirmək isə asandır: yersiz hərəkət, ədalətsiz münasibət, ehtiyatsız söz müəllimi nüfuzdan sala bilər.
5. Buna görə də, hər bir müəllim sözlərinə və hərəkətlərinə məsuliyyətlə yanaşmalı, öz nüfuzunun keşiyində durmalıdır.


воскресенье, 26 августа 2018 г.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın doğum günüdür

Bu gün Azərbaycan Respublikasının I vitse prezidenti,  UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ad günüdür. Dəyərli dövlət xadimi, gözəl qadın, qayğıkeş  ana, millətini sevən əsil vətənpərvər insan, Mehriban xanım, Biz Sizinlə qürur duyuruq, hər zaman var olun. Ad gününüz mübarək olsun. Sevimli Mehriban xanım, O böyük yaradandan sizə uzun ömür, can sağlığı, ailə firavanlığı və işlərinizdə müvəffəqiyyətlər arzu edirik.

вторник, 21 августа 2018 г.

Qurban bayramınız mübarək olsun!


      İlham Əliyev: “Xeyirxahlığın, insanpərvərliyin, bərabərliyin rəmzi olan müqəddəs Qurban bayramı insanları mərhəmətə, həmrəyliyə, qardaşlıq və humanizmə dəvət edən bir bayramdır. Bu əziz gündə müsəlmanlar Allah və din yolunda fədakarlığa hazır olduqlarını, mənəvi dəyərlərə bağlılığını nümayiş etdirir və uca Tanrıya yaxınlığın fərəhini yaşayırlar”.
       İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Dini qurban kəsmə İbrahim peyğəmbərin adı ilə bağlı mərasimdir. 
Qurani-Kərimə görə, oğlu İsmayılı Allah yolunda qurban kəsməyə hazır olan İbrahim peyğəmbərin bu əməli əsl möminlik kimi qiymətləndirilir və Allah-təala İbrahim peyğəmbərə oğlu İsmayılın əvəzində qurban kəsmək üçün bir cüt qoç göndərir. Bu səbəbdən bütün dünya müsəlmanları hər il İbrahim peyğəmbərin və oğlu İsmayılın xatirinə qurban kəsirlər. Həcc mərasiminin son gününə təsadüf edən Qurban bayramı Ramazan ayının qurtarmasından 70 gün sonra - zilhiccə ayının 10-da qeyd edilir və adətən 4 gün davam edir. Qurban bayramında hər bir imkanlı müsəlman qurban kəsib onun ətini imkansızlara, kasıblara paylamalıdır.  
Bayramlar bərəkətdir, ümiddir, niyyətdir. Sevdikləriniz həmişə sizinlə olsun... Azərbaycan xalqını, dünya müsəlmanlarının mənəvi birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, kəsdiyiniz qurbanların Allah tərəfindən qəbul olunması arzusu ilə bir daha sizə möhkəm cansağlığı, ailənizə firavanlıq, süfrənizə bol ruzi-bərəkət arzulayıram. Qurban bayramınız mübarək olsun!