суббота, 27 сентября 2014 г.

Kitab oxumağın şagirdlərin inkişafına təsiri haqqında mütəxəssis fikirləri

ƏJDƏR  AĞAYEV,

pedaqoji elmlər doktoru, professor
Bədii ədəbiyyat uşaqların şəxsiyyət kimi formalaşmasında mühüm vasitələrdən biridir. Kiçik yaşlardan onların yaşlarına və maraqlarına uyğun ədəbiyyatla tanış olmaları onlarda həyat hadisələrinə, insanlara, təbiətə böyük maraq yaradır.
Bədii əsərlərdəki obrazlar, psixoloji hallar, hadisələrin inkişafı uşaqların dünyagörüşünü genişləndirdiyi kimi, məlumatlarını da artırır. Şagirdlər təlim prosesində öyrəndiklərini bədii ədəbiyyatı oxuyub təhlil edərkən bir daha təsdiqləyirlər. Ona görə də uşaqların kamilləşməsinə, bədii-estetik zövqünün inkişafına təsir edən bədii ədəbiyyatın oxunması tədris proqramlarına daxil edilməli, sistemli 

və müntəzəm şəkildə həyata keçirilməlidir.

Ənvər ABBASOV,

Təhsil Problemləri İnstitutunun direktor müavini
Şifahi və yazılı ünsiyyət şəxsiyyətin mühüm atributlarından olan mədəniyyətlərdir. Bunlar özündə dinləyib- anlama, danışma, oxu, yazı mədəniyyətlərini ehtiva edir. Biz gələcəkdə cəmiyyəti irəliyə apara bilən övladlarımıza bu mədəniyyətləri aşılamalıyıq. Bu mədəniyyətin aşılanması yollarından və vasitələrindən biri də mütaliədir. Təbii ki, müasir insan üçün son dərəcə zəruri olan bu bacarıqların formalaşdırılmasının ağırlıq mərkəzi daha çox məktəbin, təhsil müəssisələrinin üzərinə düşür.
Təhsil islahatları dövründə bu məsələlərin müzakirəsi həmişə gündəmdə olub və yeni təhsil proqramlarının (kurikulumların) hazırlanmasında metodoloji əsas kimi nəzərə alınıb. İstər Nazirlər Kabinetinin təsdiq etdiyi milli səviyyəli səriştələrdə (kompetensiyalarda), istərsə də siniflər üzrə standartlarda şagirdlərin oxu və yazı bacarıqlarını inkişaf etdirməklə onu dəyərə (oxu mədəniyyətinə, yazı mədəniyyətinə) çevirmək başlıca hədəf kimi müəyyənləşdirilib. Azərbaycan dili fənni üzrə "Oxu" və "Yazı", ədəbiyyat fənni üzrə "Ədəbiyyat və həyat", "Şifahi nitq", "Yazılı nitq" məzmun xətləri üzrə qruplaşdırılmış standartların başlıca funksiyası, məhz oxu və yazı bacarıqlarının formalaşdırılmasına xidmət göstərməkdən ibarətdir. Əgər digər fənlərin təlimi prosesindəki oxu və yazı fəaliyyətləri və şagirdlərin özlərinin müstəqil mütaliəsi də buraya əlavə edilmiş olarsa, o zaman yalnız ümumi təhsildə oxu və yazı mədəniyyətlərinin formalaşması üçün xeyli əlavə imkanların yaradıldığı aydın görünər.
Standartların reallaşdırılması, oradakı tələblərin yerinə yetirilməsi səviyyəsi müəllimin özünün tədris fəaliyyətini planlaşdırmasından, fəaliyyət kurikulumunu hazırlamasından çox asılıdır. O, buna nail olmaq üçün kurikulum və dərslik komplektini nəzərdən keçirməli, şagirdlərini standartların tələbinə uyğun inkişaf etdirmək üçün planlaşdırma aparmalı, oxu və yazı üzrə, o cümlədən mütaliə üçün zəruri hesab etdiyi müxtəlif üslublarda olan ədəbiyyatları müəyyənləşdirməlidir.


  ASİF  CAHANGİROV,
əməkdar müəllim, təhsil eksperti
Mütaliənin əhəmiyyətini, vacibliyini daim mütaliə edənlər dərk edir və başa düşür. Bir çox gəncimizin, eləcə də, açığını deyək, sayı o qədər də az olmayan pedaqoji işçilərin bədii ədəbiyyata, müxtəlif növ elmi-kütləvi, elmi-pedaqoji kitablara maraq göstərməməsi məni həmişə narahat etmişdir. İstər müəllimlər, istər valideynlərlə görüşlərdə, istərsə də ictimaiyyət arasında vurğulamışam ki, mütaliə inkişaf, öz üzərində daim işləmək deməkdir və mütaliə edənlər öz erudisiyası, geniş bilik və mükəmməl kompetensiyaları, karyera inkişafı ilə həmişə ətrafdakılardan seçilir.
Bəziləri düşünür ki, indiki kompüter, informasiya dövründə mütaliədən danışanda söhbət yalnız nəşr olunmuş kitablardan gedir. Əslində elektron vasitələri mütaliə üçün daha geniş imkanlar açmış, əlverişli şərait yaratmışdır.
Sözsüz ki, məktəblilərimizin mütaliəyə şüurlu və sistemli şəkildə yanaşması üçün Təhsil Nazirliyinin, Təhsil Problemləri İnstitutunun dəstəyinə ehtiyac vardır. İlk növbədə, mövcud çap məhsulları və elektron resurslarının dərin təhlili aparılmaqla, müxtəlif yaş qrupları üzrə tövsiyə edilən ədəbiyyatın siyahısı hazırlanmalıdır. Məsələn, elektron resursları, bədii ədəbiyyatın əhəmiyyətliliyini nəzərə almaqla fənlər üzrə sinifdənxaric oxu üçün 250-300 kitab müəyyənləşdirib 2-3 illik proqram hazırlamaq olar. İnformasiyanın daim çoxaldığını nəzərə alsaq hər il üçün hər bir fənn üzrə 10-15 adda ən mühüm sayılan bədii, elmi-kütləvi ədəbiyyatı, mütəfəkkir və alimlərin həyatı, fəaliyyəti, yaradıcılığı haqqında olan kitabları, bioqrafik əsərləri seçib mütaliə üçün tövsiyə etmək məqsədəuyğun olardı.
Yalnız mütaliə deyil, həmin prosesin məktəb rəhbərliyi və müəllimlər, eləcə də təhsili idarəetmə orqanları tərəfindən sistemli idarəolunmasının, onun monitorinqinin vacibliyini də vurğulamaq istərdim. Yəni, əgər biz məsələnin əhəmiyyətini dərk ediriksə, ona bir kampaniya kimi, formal yanaşılmamalıdır. Bunu, məsələn, hər bir əsər üzrə inşaların yazdırılması, diskussiyaların təşkil olunması, valideynlər də cəlb olunmaqla hansısa kütləvi tədbirlərin keçirilməsi və ya başqa şəkildə etmək olar.
Bununla biz nə qazanırıq?
İlk növbədə, şagirdlərdə oxu zövqünü formalaşdırmaqla bərabər özlərinin inkişafına marağı artırırıq. İkincisi, müxtəlif sahələrdə biliklərini dərinləşdiririk, tədqiqat fəaliyyətini yüksəldir və inkişaf etdiririk. Biz onlarda elə zövq formalaşdırırıq ki, sonralar özləri kitab seçərkən artıq müqayisələr aparmaq onlara asan olur. Məsələn, Nizamini, Şekspiri, Heminqueyi, Tolstoyu, Hüseyn Cavidi, Çingiz Aytmatovu oxuyan, onların əsərləri əsasında formalaşan gənc hansısa eybəcər və bayağı əsərləri artıq vərəqləməyəcək, ciddi məna kəsb etməyən elektron saytlarına daxil olmayacaq. Bu dahilərin əsərləri ilə tanış olan adam primitiv ədəbiyyatı oxumayacaqdır.
Eyni zamanda biz internet resurslarından elm, bədii ədəbiyyat sahəsində saytları uşaqlara verəndən və onlar bu internet saytlarından istifadə edəndən sonra onların lüzumsuz saytlara meyli də azalacaqdır.
"Azərbaycan müəllimi" qəzeti

   

Комментариев нет:

Отправить комментарий