
 
Bu gün - oktyabrın 18-i Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd olunur. XX
 yüzilliyin sonlarında SSRİ-nin süquta uğraması ilə yaranan əlverişli 
tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı 
XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Bu, xalqımızın
 siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi. Rusiyadakı
 demokratik qüvvələrin fəaliyyəti nəticəsində respublikalarda da 
mərkəzdən qaçma, öz suverenliyinə qovuşmaq istəkləri qarşısıalınmaz 
həddə çatdı. Belə şəraitdə Azərbaycan Respublikası Ali Sovetinin xalqın 
tələbi ilə çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 
30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək 
haqqında bəyannamə qəbul edildi.Azərbaycan Respublikasının Ali 
Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında "Azərbaycan 
Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı 
yekdilliklə qəbul edildi.Azərbaycan Respublikasında dekabrın 
29-da ümumxalq səsverməsi keçirildi. Referendum bülleteninə bir sual 
yazılmışdı: "Siz "Azərbaycan Respublikasının dövlət müstəqilliyi 
haqqında" Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi 
Konstitusiya Aktına tərəfdarsınızmı?"Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı.1992-ci
 ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət 
himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın), az sonra 
üçrəngli bayraq, içində alov olan səkkizguşəli ulduz təsvirli dövlət 
gerbi təsdiq edildi.1991-ci il oktyabrın 18-dən Azərbaycan müstəqil, suveren bir ölkədir və xalq bu tarixi bayram kimi qeyd edir.
 
 
Комментариев нет:
Отправить комментарий