среда, 27 мая 2015 г.


1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. 1990-cı ildən Respublika günü dövlət bayramı kimi qeyd edilir.
1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Rusiyada Çar İmperiyası devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika azərbaycanlıları tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur.
Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli pespublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.
Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski idi. 10 gün Milli Şura Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyilə – Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçdü.
Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömrundə böyük nailiyyətlər və qalibiyyətlər əldə etmişdir. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın–kişi bərabərliyini təmin edən cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimayyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. müstəqil Azərbaycan Cümhuriyyəti təmin etmişdir.
Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olmuşdur – 4 iyun 1918-ci il.
1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı qəbul edilmişdir. O zamana qədər Azərbaycan Demokratik Respublikasının bayrağı qırmızı rəngdəydi.
Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağı, 1918-ci il iyunun 24-də hökumət qərarına əsasən


Azərbaycan Xalq Cümhuriyyətinin, hal-hazırda isə Azərbaycan Respublikasının bayrağı.


Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına dolmadan bolşeviklərin hücumuna məruz qalıb müvəqqəti olaraq devrildi. Sovetlər Birliyi, Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərifindən devirlməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.
1918–ci ilin may ayının 28–də Azərbaycan milli şurası. "İstiqlaliyyət Bəyannaməsi" ilə Azərbaycanın şimal torpaqlarında Azərbaycan Demokratik Cümhuriyyəti yarandığını elan etdi. Bu tarixi sənədə görə Azərbaycan qonşu xalqlar və dövlətlərlə dostluq münasibəti quracaqdır. Müstəqil Azərbaycan dövlətinin təşkil idarəsi xalq cümhuriyyətidir. Azərbaycan Xalq Cümhuriyyəti, millət, məzhəb, sinif və cins fərqi görmür və bütün vətəndaşların siyasi hüquqlarını təmin etməlidir.
Respublika Günü haqqında qanun:
1991-ci ildə SSRİ dağıldıqdan sonra Azərbaycan özünü Xalq Cümhuriyyətinin varisi elan edib və ölkənin müstəqiliyi yenidən bərpa olunub.
1990-cı ildən Respublika günü – dövlət müstəqilliyinin bərpa edilməsi günü dövlət bayramı kimi qeyd edilir.
Bu gün Azərbaycanın hər yerində Respublika günü kimi qeyd olunur və qeyri iş günü sayılır.
Mən də öz növbəmdə Xalqımızı bu gün münasibəti ilə təbrik edirəm. Arzum budur ki, gələcək illərdə bu gozəl bayramı Qarabağımızda qeyd edək. İnşallah bu zəfər sevincinə Qarabağımızın mənfur erməni əsarətindən qurtuluşunun sevincini də əlavə edərik. AMİN!!!

 Respublika günümüz mübarək!!!

четверг, 7 мая 2015 г.

10 May 2015-ci il ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümüdür.


Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsinə daxil olmuş, lakin İkinci dünya müharibəsinin başlanması ilə əlaqədar təhsili yarımçıq qalmışdır.
 Heydər Əliyev 1941-ci ildən Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında şöbə müdiri və Xalq Komissarları Sovetində məsul vəzifələrdə çalışmış, 1944-cü ildən isə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilmişdir. Leninqrad (indiki Sankt-Peterburq) və Moskva şəhərlərində xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Dövlət təhlükəsizliyi orqanlarında iyirmi beş il çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin  sədr müavini, 1967-ci ildən sədri vəzifələrində işləmiş və general-mayor rütbəsinə yüksəlmişdir.
 Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olmuşdur.
 1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir. Bu vəzifədə işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik etmişdir.
 Heydər Əliyev iyirmi il ərzində SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin deputatı olmuş və beş il SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışmışdır.
 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa vermişdir.
 Heydər Əliyev 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciənin ertəsi günü Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. SSRİ rəhbərliyinin ikiüzlü siyasəti nəticəsində Dağlıq Qarabağda yaranan kəskin münaqişə vəziyyətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.
 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikasının Ali Məclisinin sədr müavini vəzifələrində çalışmışdır. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir.
 1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi nəticəsində ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarananda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü və Azərbaycanın o dövrkü rəhbərliyi Heydər Əliyevi Bakıya dəvət etməli oldu.
 Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilmiş, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlamışdır.
 Heydər Əliyev 1993-cü il oktyabrın 3-də keçirilən səsvermə nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
 1998-ci il oktyabrın 11-də keçirilmiş seçkilərdə o, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Öz namizədliyinin növbəti prezident seçkilərində irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə bağlı 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə iştirakdan imtina etmişdir.
 Azərbaycanın ümummilli lideri Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend klinikasında (ABŞ) vəfat etmiş, dekabrın 15-də Bakıda Fəxri xiyabanda dəfn olunmuşdur.

среда, 6 мая 2015 г.

Şagirdlər məktəbi vaxtından əvvəl bitirə biləcəklər.

Şagirdlər məktəbi vaxtından əvvəl bitirə biləcəkTəhsil naziri Mikayıl Cabbarov “İbtidai, orta və tam orta təhsil səviyyələrinin eksternat təhsilalma formasında vaxtından əvvəl bitirilməsi Qaydaları”nın təsdiqi haqqında əmr verib. Qaydalar ibtidai təhsildə III, ümumi orta təhsildə VIII, tam orta təhsildə X sinif şagirdlərinə şamil ediləcək.
Şagirdin sağlamlıq və dayanıqlıq, düşünmə, tədris materiallarını mənimsəməsi nəzərə alınacaq. Yaş səviyyəsinə uyğun İKT bacarıqlarına yiyələnmə, xarici dili öyrənmə, nitq və təfəkkürə malik olması təhsili vaxtından əvvəl bitirməsinə əsas verəcək. 

 Təhsil naziri Mikayıl Cabbarov Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə şagirdlər arasında təşkil olunan inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində çıxışında deyib ki, ölkənin bir sıra məktəblərində bu ilin sentyabr ayından yuxarı siniflərdə təmayülləşmənin tətbiqi planlaşdırılır. Onun sözlərinə görə, onlarla Azərbaycan məktəbində bu tətbiq ediləcək: “Hazırda hazırlıq işləri görülür. Bu, istedadlı gənclərə keyfiyyətli təhsilin çatdırılmasında zəruri amildir”.

Təhsil naziri əlavə edib ki, Bakının 2 məktəbində ilk dəfə olaraq inklüziv təhsilin  tətbiqinə başlanacaq. O bildirib ki, bu gün 10 minlərlə fiziki qüsurlara malik olan uşaq təhsildən kənardadır: “Bu ildən Təhsil Nazirliyi tərəfindən atılan addım ona yönəlib ki, bütün belə uşaqlar gələcəkdə inklüziv təhsillə  əhatə olunsun və dövlət başçısı tərəfindən verilən tapşırıqlara uyğun olaraq vətəndaşların hər birinin təhsil hüququ təmin edilsin”.

 M.Cabbarov qeyd edib ki, bu ildən I siniflərə şagirdlərinin qəbulu elektron formada həyata keçirilir. Onun fikrincə, bu  da mühüm yeniliklərdən biridir: “Bu il başa çatan, lakin gələcək üçün əhəmiyyətli olan layihə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə dövlət proqramı” da xüsusi əhəmiyyətə malikdir. Bu dövlət proqramı çərçivəsində 3 184 nəfər xaricdə təhsil almaq üçün dünyanın müxtəlif ölkələrinə göndərilib. 2015-ci ildə bu proqramın son ilidir. ”Azərbaycan 2020: Gələcəyə Baxış İnkişaf Konsepsiyası”na uyğun olaraq yeni proqram layihəsi hazırlanaraq hökumətə təqdim edilib. Yeni proqramda bakalavriatdan sonrakı təhsil pilləsinə üstünlük veriləcək. Bundan əlavə, proqram Azərbaycan gənclərinin xarici ali məktəblərə göndərməklə yanaşı xarici mütəxəssislərin də ölkəyə gətirilməsini özündə ehtiva edir”.