Azadlıq, müstəqillik həm 
  ayrıca bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən 
  müqəddəs, ən şirin nemətdir. Biz azadlığımızın, müstəqilliyimizin yolunu 
  illərlə gözləmişik, mübarizə aparmışıq, bu yolda minlərlə şəhid vermişik. 
  Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə onu qoruyub 
  saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. Qüdrətli və möhkəm 
  dövlət olmadan azadlıq və müstəqillik də yoxdur
  
Tariximizə Milli 
  Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu 
  qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, 
  xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, 
  hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, 
  Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə 
  yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna 
  rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir 
  insandır 
  - 
  Heydər Əliyev.
Heydər Əliyevin müstəqil, 
  tarazlı və cəsarətli siyasət yeritməsi bütün Azərbaycan xalqının 
  diqqətini cəlb edir, ona ümidləri artırırdı. Iqtidar isə onun siyasətini 
  separatçılıq kimi qiymətləndirir və Naxçıvan Muxtar Respublikasında 
  hakimiyyət çevrilişi etməyə,  qeyri-demokratik yolla Xalq Cəbhəsini 
  hakimiyyətə gətirməyə cəhd edirdi. Bu elə bir dövr idi ki, daşnaklarin 
  “Böyük Ermənistan” yaratmaq niyyətləri, Azərbaycanı Qafqazın siyasi 
  xəritəsindən silmək planları reallaşmaq üzrə idi. Azərbaycan torpağı 
  etnik əlamətə görə parçalanıb yox olmaq təhlükəsi qarşısında qalmışdı.  
1992-ci il oktyabrın 24-də 
  Xalq Cəbhəsi yerli qurumlarına məxsus silahlı dəstələr Daxili İşlər 
  Nazirliyi binasını, televiziya studiyasını ələ keçirdi.
Qiyamçılar xalqa 
  televiziya ilə müraciət edib mövcud hakimiyyət əleyhinə bəyanatlar 
  verdilər. Əhalinin böyük əksəriyyəti Heydər Əliyevin çağrışı ilə ayağa 
  qalxdı. Silahlılar dövlət idarələrindən qovulub çıxarıldı. 
Xalq xilas yolunu Heydər 
  Əliyevin ölkəyə rəhbərliyində gördüyü halda iqtidarda olan və olmayan 
  Xalq Cəbhəsi üzvləri, habelə hakimiyyəti itirmiş qüvvələr və onların 
  əlaltıları arasında didişmə, satqınlıq, xəyanət yolu ilə hətta 
  Azərbaycanın müstəqilliyi bahasına hakimiyyəti ələ keçirmək cəhdləri baş 
  alıb gedirdi. 
  
Gəncədə 1993-cü il iyun 
  qiyamı vəziyyəti daha da ağırlaşdırdı. Burada hökumətə tabe olmayan bir 
  qrup zabit “hərbi birlik” yaratmışdır. Onlara Surət Hüseynov rəhbərlik 
  edirdi. 709 saylı hərbi hissə Müdafiə Nazirliyinə tabe olmurdu. Iqtidar 
  hərbi müxalifətin öhdəsindən gələ bilmirdi. 
  
Iyunun 4-də səhər hərbi 
  qiyamı yatırmaq üçün hökümət Gəncəyə 3 minədək canlı qüvvə, güclü hərbi 
  texnika yeritdi. Iki qardaş üz-üzə dayandı. 709 saylı hərbi hissənin 
  kazarmaları dağıdıldı, hərbi təyyarələr havaya qalxıb hava limanını 
  darmadağın etdi. Lakin qiyamçılar daha fəal hərəkət etdilər. Onlar qan 
  tökmək istəməyən qvardiyaçıları şəhədən çıxarmaq adı altında avtobusa 
  doldurub güllələdilər. Hökumət qüvvələri məğlub edildi. Qiyamçı hərbi 
  hissələr Bakıya doğru yeriməyə, prezidentin və hökumətin istefaya 
  getməsini tələb etməyə başladılar və müqavimətə rast gəlmədən paytaxta 
  yaxlınlaşdılar. 
  
Iyunun 14-də Nəvahi 
  yaxınlığında ordular üz-üzə dayandı. Danışıqlar nəticəsində qiyamçıları 
  Lökbatan yaxınlığında və Şamaxı yolunun 75 kilometrliyində saxlamaq 
  mümkün oldu. Yaranmış vəziyyətlə əlaqədar parlamentin sədri,  baş nazir, 
  üç güc nazirliyinin rəhbərləri istefaya getməyə məcbur oldular. Ölkənin 
  qabaqcıl adamları, ziyalılar, sadə əməkçilər böyük fəlakətin 
  yaxınlaşdığını hiss edirdilər. 
Bununla yanaşı xalqın 
  sağlam qüvvələrinə arxalanan qurtuluş hərəkatı meydana gəlir və sürətlə 
  genişlənirdi. Bu hərəkat zamanın böyük siyasətçisi Heydər Əliyevin 
  ətrafında toplaşırdı. Ziyalı insanlar dəfələrlə Naxçıvana gedib yenidən 
  böyük siyasətə qayıtmasını xahiş etmişdilər. 
  
1992-ci il oktyabrın 
  16-da Azərbaycanın 91 nəfər nüfuzlu ziyalısı-alimlər, müəllimlər, 
  jurnalistlər, hüquqşünaslar, həkimlər “Səs” qəzeti vasitəsilə Heydər 
  Əliyevə Qurtuluş hərəkatına rəhbərlik etməsi barədə rəsmi müraciət etdi. 
  Yeni Azərbaycan uğrunda siyasi hərəkat genişlənirdi. 
  
Heydər Əliyevin 
  rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan 
  Partiyası (YAP) təşkil edildi. AXC-Musavat iqtidarı uzun müddət öz 
  yarıtmaz fəaliyyəti ilə ölkəni parçalanmaq həddinə çatdırdı. Vətəndaş 
  müharibəsi üçün zəmin yarandı. Başlanmış bu təhlükəli proseslərin 
  qarşısını ala bilmədiyini dərk edən iqtidar son anda kömək üçün Heydər 
  Əliyevə müraciət etdi.
1993-cü il iyunun 15-də 
  Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu 
  gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi 
  ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.
Dövləti olmayan xalq 
  ölümə məhkumdur. Dövlətçilik xalqın “ölüm, ya olum” məsələsidir.
Heydər Əliyevin 
  xalqımızın və tariximizin qarşısında ən böyük xidmətləri kəskin 
  geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan  
  dövlətçiliyini xilas etməsində, Azərbaycan varlığını parçalanıb yox 
  olmaq təhlükəsindən qurtarmaqda idi. Dövlətimizin qorunub saxlanılması 
  isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir, 
  qurtuluş deməkdir! 
  
Azərbaycan dövlətçiliyi 
  ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli liderin qətiyyəti 
  xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və 
  əmin-amanlıq yaratdı. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana 
  rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edilmiş, onun 
  qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz 
  xaosdan xilas olmuş, sivil demokratik inkişaf yolu ilə inamla 
  irəliləyərək böyük nailiyyətlər qazanmışdır. Heydər Əliyev öz gücünə, 
  təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur 
  kəlamına sadiq qaldığını sübut etdi ki, “Azərbaycanın dövlət 
  müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”.
  Tarixin, dövrün, zamanın yazıları, əsrlərlə silinməyən, daim xatırlanan 
  yaddaşı olduğu kimi, zaman da tarixin yol yoldaşı, bələdçisidir. Zamanı, 
  bütöv bir dövrü, bəzən bir anı tarixləşdirən, əbədiləşdirən isə qüdrətli, 
  müdrik, dahi şəxsiyyətlərdir. Tarix əbədiliyi, zaman dolğunluğu, 
  keşməkeşliyi, bəşəriyyət isə azad, firavan həyatı üçün belə insanlara, 
  şəxsiyyətlərə borcludur.  
Комментариев нет:
Отправить комментарий