Sabah
Azərbaycan Silahlı Qüvvələri 100 yaşını qeyd edəcək. Bir əsrlik şərəfli tarixə
malik Azərbaycan ordusu yarandığı ilk gündən vətənin keşiyində durmaqla yanaşı,
fədakarlıqla mübarizə aparır, çox böyük qələbələrə imza atmaqdadır. 1918-ci
il 26 iyun tarixli fərmanla Azərbaycan Milli ordusunun yaradılmasına başlanıb. Qısa müddət ərzində Milli Ordu Osmanlı dövlətinin Qafqaz
İslam Ordusu ilə birlikdə Bakını və digər işğal altında olan əraziləri azad
edib. AXC süqut etdikdən sonra sovet hakimiyyəti Milli Ordunu ləğv etdi. Onun
rəhbərlərinin əksəriyyəti güllələndi. Sovet hakimiyyəti dövründə də Rusiya
imperiyasının azərbaycanlılara qarşı hərbi siyasəti dəyişmədi. Məqsəd aydın idi
– azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnmək, müasir silahlarla
rəftar etməyi bacaran hərbçilərin hazırlanmasına bacardıqca imkan verməmək. Bu
siyasətin mahiyyətini yaxşı başa düşən Azərbaycan xalqının görkəmli oğlu, dahi
şəxsiyyət Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəlişindən
sonra 1971-ci ilin iyunun 20-də C. Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi
məktəb fəaliyyətə başladı. Hərbi lisey milli zabit kadrlarının hazırlanmasında
və o dövrdə ali hərbi məktəbləri bitirmiş şəxslərin milli ordumuzun
formalaşmasında müstəsna rolu olub. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən
sonra milli ordunun yaradılması qarşıya qoyulan ən vacib məsələlərdən
olub.
Müasir
Azərbaycan dövlət müstəqilliyinin bərpasına 1991-ci ildə nail olsa da, vahid
komandanlığa əsaslanan nizami və mütəşəkkil, ən əsası, müstəqilliyimizə və
dövlətçiliyimizə qarşı yarana biləcək hər hansı təhdidin qarşısını almağa qadir
ordunun yaradılması ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli
tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Bu mənada fəxrlə deyə
bilərik ki, ulu öndərin rəhbərliyi ilə dövlətçilik ənənələrimizə söykənərək
1993-cü ildən ölkəmizdə həyata keçirilən dövlət quruculuğunun ən şərəfli və
parlaq səhifələrindən biri bu gün artan və qüdrətlənən gücü ilə qürurlandığımız
Azərbaycan Ordusudur. Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi
düşünülmüş siyasət nəticəsində bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü
iqtisadiyyatına və modern ordusuna sahibdir.