понедельник, 25 июня 2018 г.

Ordumuz qürurumuzdur






Sabah Azərbaycan Silahlı Qüvvələri 100 yaşını qeyd edəcək. Bir əsrlik şərəfli tarixə malik Azərbaycan ordusu yarandığı ilk gündən vətənin keşiyində durmaqla yanaşı, fədakarlıqla mübarizə aparır, çox böyük qələbələrə imza atmaqdadır. 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli ordusunun yaradılmasına başlanıb. Qısa müddət ərzində Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və digər işğal altında olan əraziləri azad edib. AXC süqut etdikdən sonra sovet hakimiyyəti Milli Ordunu ləğv etdi. Onun rəhbərlərinin əksəriyyəti güllələndi. Sovet hakimiyyəti dövründə də Rusiya imperiyasının azərbaycanlılara qarşı hərbi siyasəti dəyişmədi. Məqsəd aydın idi – azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnmək, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin hazırlanmasına bacardıqca imkan verməmək. Bu siyasətin mahiyyətini yaxşı başa düşən Azərbaycan xalqının görkəmli oğlu, dahi şəxsiyyət Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəlişindən sonra 1971-ci ilin iyunun 20-də C. Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb fəaliyyətə başladı. Hərbi lisey milli zabit kadrlarının hazırlanmasında və o dövrdə ali hərbi məktəbləri bitirmiş şəxslərin milli ordumuzun formalaşmasında müstəsna rolu olub. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra milli ordunun yaradılması qarşıya qoyulan ən vacib məsələlərdən olub. 
 Müasir Azərbaycan dövlət müstəqilliyinin bərpasına 1991-ci ildə nail olsa da, vahid komandanlığa əsaslanan nizami və mütəşəkkil, ən əsası, müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yarana biləcək hər hansı təhdidin qarşısını almağa qadir ordunun yaradılması ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Bu mənada fəxrlə deyə bilərik ki, ulu öndərin rəhbərliyi ilə dövlətçilik ənənələrimizə söykənərək 1993-cü ildən ölkəmizdə həyata keçirilən dövlət quruculuğunun ən şərəfli və parlaq səhifələrindən biri bu gün artan və qüdrətlənən gücü ilə qürurlandığımız Azərbaycan Ordusudur.  Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü iqtisadiyyatına və modern ordusuna sahibdir.
Hər bir dövlətin varlığının və müstəqilliyinin qorunmasında ordu müstəsna rol oynayır. 

   Milli Ordumuzun yaranmasının 100-illik yubileyi münasibəti ilə Silahlı Qüvvələrimizin əsgər və zabitlərini eləcə də bütün Azərbaycan xalqını bu bayram münasibəti ilə təbrik edir, qarşıya qoyulmuş bütün vəzifələrin yerinə yetirilməsində uğurlar arzu edirəm".

Комментариев нет:

Отправить комментарий