среда, 12 июля 2017 г.

Səriştəli müəllim






Mükəmməl təhsil sisteminə malik olmaq dövlətin  gələcəyi və müstəqilliyinin mühüm şərtidir. Respublikamızda həyata keçirilən təhsil islahatının məqsədi təlim prosesinin səmərəliliyini təmin etməklə milli və ümumbəşəri dəyərlərə yiyələnən, yaradıcı və tənqidi düşünməyi bacaran, fəal şəxsiyyət yetişdirməkdir. Bu isə ilk növbədə səriştəli müəllim kadralarının hazirliğinı tələb  edir. Belə kadr bacarıqlı, işgüzar, ixtisasını dərindən bilən, müəllimlik adını və şərəfini müqəddəs tutan, ideyaca saf, mənəviyyatca pak, özünə və şagirdlərinə qarşı tələbkar, sənətinə ürəkdən bağlı keyfiyyətləri özündə cəmləşdirən səriştəli, peşəkar müəllimdir. Bütün  tarixi dövrlərdə görkəmli şəxsiyyətlər, dövlət adamları  müəllimlik peşəsinə yüksək qiymət vermiş və müəllimliyi  cəmiyyətin ən  şərəfli  peşəsi hesab etmişlər. Müqəddəs dinimizin banisi Məhəmməd Peyğəmbər özünü müəllim adlandırmış, “Xəmsə” müəllifi Nizami Gəncəvi müəllimi günəşə bənzətmiş, “Məsnəvi” müəllifi Mövlana Cəlaləddin Rumi müəllimi yanar şama, “Divan” müəllifi dahi  Füzuli müəllimi gənc qəlbin memarına  bənzətmiş, Nəsirəddin Tusi müəllimi elmin çırağı adlandırmış, Məhəmməd Tağı Sidqi müəllimi dadlı meyvələr yetişdirən bağbana,  bənzətmişdir. Hüseyn Cavid müəllimlik peşəsinə nəzərən demişdir:

             Bəxtiyarsan əgər çəkdiyin əmək
             Versə cahan süfrəsinə bir çiçək.
Üzeyir Hacıbəyov bir məqaləsində yazıb: "Müəllimlik vəzifəsi çox çətin və ən məsuliyyətli bir vəzifədir. Hər adam onun öhdəsindən gələ bilməz və hər bir adama müəllim deyib, uşaqları ona tapşırmaq böyük xətadır. Tərbiyə işində cüzi bir səhlənkarlıq uşağın gələcəyini pozub, evini yıxar”.
       Ulu öndərimiz  Heydər Əliyev hələ 1980 -ci illərdə ali məktəb işçilərinin respublika müşavirəsindəki nitqində yeni bir pedaqoji anlayış kimi səriştəli müəllim problemini irəli sürür və belə müəllim kadrlarının yetişdirilməsini tələb  edirdi.  O müəllimin peşəkarlıq səviyyəsinə, səriştəliliyinə yüksək qiymət  verir və səriştəli müəllim obrazının keyfiyyətlərini belə göstərirdi: "…hər bir ali məktəb müəllimi gərək öz sahəsində səriştəli olsun, geniş ümumi məlumata, pedaqoji qabiliyyət və yaxşı vərdişlərə, mühazirə oxumaq, dərs demək, öyrətmək, tərbiyə etmək üçün bütün başqa zəruri keyfiyyətlərə malik olsun. Bunun üçün gərək hər bir ali məktəb müəllimi elmi biliklərdən əlavə, yaxşı nitq, dil qabiliyyətinə, natiqlik məharətinə, bütün başqa pedaqoji keyfiyyətlərə və vərdişlərə yiyələnsin ki, bütün bunlar üst-üstə ona həqiqətən yaxşı tərbiyəçi olmaq imkanı versin"
 Səriştəli müəllim modelinin məzmunu ulu öndərimizin bu müdrik fikirlərində öz əksini aydın şəkildə  tapmışdır.       
Ulu öndər Heydər Əliyevin və onun siyasi məktəbinin layiqli  davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü və ardıcıl dövlət siyasəti nəticəsində təhsil sahəsində aparılacaq islahatların vahid konsepsiyası, aydın strategiyası və konkret dövlət proqramı  hazırlandı,"Azərbaycan Respublikasında  ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)", "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Məktəbəqədər, ümumi, texniki peşə, orta ixtisas və ali təhsil sahəsində mühüm addımlar atıldı. Təhsilin normativ-hüquqi bazası möhkəmləndirildi, infrastrukturun dövrün tələbləri səviyyəsində qurulması istiqamətində praktik işlər görüldü, 2700-dən çox məktəb binası tikildi, yararsız təhsil obyektləri əsaslı təmir olundu, ümumi təhsilin məzmunu yeniləşdirildi, yeni dərslik siyasəti reallaşdırıldı, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsinin yeni modeli tətbiq edildi, təhsil müəssisələrinin böyük əksəriyyəti informasiya-kommunikasiya texnologiyaları ilə təmin edildi, təhsil sisteminin informasiyalaşdırılması, xaricdə təhsil və beynəlxalq əlaqələrin genişləndirilməsi  sahəsində uğurlu addımlar atıldı. Məktəblərin infrastrukturunun yeniləşdirilməsində Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri oldu. Bununla yanaşı, sürətlə modernləşən respublikamızda təhsilin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi üçün yeni, daha səmərəli və təsirli addımların atılmasına ehtiyac yarandı. Həmin ehtiyacların ödənilməsi, ölkədə insan kapitalının davamlı inkişafı üçün şəraitin yaradılması, mövcud infrastrukturun təkmilləşdirilməsi, müasir düşüncəyə, yeni təhsil-tərbiyə texnologiyasına, əxlaqi-mənəvi saflığa, yüksək  peşə və ixtisas hazırlığına malik pedaqoji, mühəndis-pedaqoji və elmi-pedaqoji kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" təsdiq edildi. .  Bu mühüm dövlət  sənədində deyilir:  “...təhsilin məzmununun formalaşmasında akademik biliklərlə yanaşı, praktik bilik və bacarıqların, səriştənin vacibliyi önə çəkilir. Səriştə əldə olunmuş bilik və bacarıqları praktiki fəaliyyətdə effektiv və səmərəli tətbiq etmək qabiliyyətidir. O, şəxsin qazandığı bilik və bacarıqların konkret fəaliyyətin nəticəsinə çevrilməsini təmin edir. Səriştəyə əsaslanan təhsil sosial-iqtisadi inkişafa daha effektli xidmət göstərir”. Rеspubliкаmızdа aparılan təhsil islahatları, Bolonya təhsil prosesinə və kredit sisteminə keçid, təhsilimizdə baş verən yeniliklər və təhsilimizin dünya standartlarına uyğunlaşması, xüsusilə аli pеdаqоji təhsilin ardıcıl olaraq təкmilləşdirilməsi yüksək ixtisaslı müəllim каdrlаrının hаzırlığınа, məktəbdə təlim və tərbiyə işlərinin təşkilinə yеni qaydalarla yаnаşmаğı tələb еdir.
         Bu gün Аzərbаycаn Rеspubliкаsının ümumtəhsil və ali məкtəbləri qаrşısındа sоn dərəcə böyüк, şərəfli vəzifələr durur. Müasir gənclərimizə Аzərbаycаn mənəviyyatı, Azərbaycan mentaliteti, dili və ədəbiyyаtı, Аzərbаycаn tаriхi, Аzərbаycаn cоğrаfiyаsı, incəsənəti, habelə zəngin maddi və mənəvi sərvətlərimiz bаrəsində dərin və hərtərəfli biliкlər vеrilməli, yetişən gənc nəsildə yüksək mədəniyyət, mənəviyyat, vətənpərvərlik hissləri fоrmаlаşdırılmаlıdır. Ulu öndərimiz, xalqımızın ümummilli lidеri Heydər Əliyеv məhz bu məsələlər barəsində dəfələrlə çox dəyərli fikirlər söyləmiş və təhsilimizin qarşısında böyük vəzifələr qoymuşdur. Bu gün səriştəli müəllim hazırlığı Azərbaycan müəllimliyinin qarşısında duran ən mühüm problemdir.


вторник, 13 июня 2017 г.

15 iyun – Milli Qurtuluş günüdür!


1997-ci ilin 15 iyun tarixindən bayram edilən, 1998-ci ildən isə dövlət bayramı statusu alaraq hər il rəsmi bayram kimi qeyd edilən 15 iyun xalqımızın Milli Qurtuluş günüdür.
Bu şanlı tarix səhifəsini yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insan – Heydər Əliyevdir.
1991-ci ilin oktyabr ayında Azərbaycan yenidən öz müstəqilliyini əldə etdikdən sonra Ermənistanın işğalçılıq niyyəti güdən təcavüzü respublikada vəziyyəti gərginləşdirirdi.
Vətənin bu ağır dövründə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri olmuş (1969-1982), daha sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev hakimiyyətə qayıtdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.
Məhz buna görə də tariximizə Milli Qurtuluş kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir.
Xalqımızı Milli Qurtuluş günü münasibətilə təbrik edir, dövlətimizə əbədi və sarsılmaz müstəqillik arzulayırıq!

 

суббота, 27 мая 2017 г.

28 May - Respublika Günüdür


Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı bir gündür. Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində bu işıqlı may günündə arzusuna qovuşdu. Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı dünyaya bəyan edildi. Xalqımız 1918-ci il mayın 28-də çar Rusiyasının bir əsrdən artıq davam edən müstəmləkə əsarətindən azad oldu, Şərqin ilk demokratik respublikasının təməlini qoydu. Həmin gün Azərbaycan Milli Şurasının iclasında İstiqlal Bəyannaməsi qəbul edildi. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ, tarixi hadisə oldu.
Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxıb. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin – Əlimərdan bəy Topçubaşovun, Məmmədəmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski və başqalarının böyük xidmətləri olub. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunub.
Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. İlk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir.
Doxsan səkkiz il əvvəlki müstəqil Azərbaycanın taleyinə uzunömürlülük yazılmayıbmış. İlk cümhuriyyətimizin doğuluşu tarixin dolaşıq vaxtına düşmüşdü. Müxtəlif maraqlarla ölkəyə yürüş edən xarici hərbi qüvvələrin çoxsaylı təzyiqləri nəticəsində gənc dövlətin parlamenti 1920-ci il aprelin 27-də hökuməti təhvil verdi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin 701 günlük şərəfli ömrünə son qoyuldu. Türk dünyasının ilk müstəqil dövləti süquta uğradı.
Lakin ruhu azad olan bir milləti heç kəs köləlikdə saxlaya bilməz. 1918-ci ilin mayından 70 il keçəndən sonra Azərbaycan xalqı yenidən ayağa qalxdı, öz haqqını-azadlığını, müstəqilliyini və bütövlüyünü tələb etdi. Bu yolda məhrumiyyətlərə düçar edildi, şəhidlər verdi, lakin yolundan dönmədi. 1991-ci ilin oktyabrında Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz müstəqilliyini elan etdi. Müstəqilliyi və qanı bahasına alınmış azadlığı qorumaq yolunda xalqımız nə qədər təzyiqlərə məruz qaldı, torpaqlarımız qəsb olundu, taleyimizdən didərginliyin, əlilliyin, şəhidliyin qara naxışları keçib getdi. Lakin azadlıq aşiqlərinin gərgin əməyi və mübarizəsi sayəsində əsrin sonunda Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq mümkün oldu.
1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinəşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarananda xalqın çağırışı ilə ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gətirildi və
Azərbaycan müstəqilliyinin yeni mərhələsinə qədəm qoydu. Çiçəklənmə, iqtisadi inkişaf dövrü başlandı.
Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən tarix, bu illər ərzində xalqın həyatının bütün sahələrində baş verən dirçəliş müasir müstəqil Azərbaycan dövlətinin memarı, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanı müstəqil dövlət quruculuğunun bərpasına aparan yol öz başlanğıcını əslində 1969-cu ildən-dahi rəhbərin hakimiyyətə gəldiyi vaxtdan götürmüşdü.
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə qayıdışı ilə Azərbaycanın ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsl dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun dövlət quruculuğu prosesi başlandı. Uzaqgörən liderin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, digər tərəfdən bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin mayında həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu.
Ölkə daxilində yaranmış nisbi sakitlikdən və beynəlxalq aləmdə Azərbaycana qarşı artan inam və maraqdan istifadə edərək, 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” adlanan ilk neft müqaviləsinin imzalanması və gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaradıb. Bütün mənalı həyatını öz xalqına bəxş edən Ulu Öndərin qurucusu olduğu müstəqil Azərbaycan getdikcə daha da inkişaf edəcək, qurucusunun adını əbədi yaşadacaq.

понедельник, 20 февраля 2017 г.

21 Fevral bütün dünyada “Beynəlxalq Ana Dili günü”dür

21 Fevral bütün dünyada “Beynəlxalq  Ana Dili Günü” kimi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatı 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni “Beynəlxalq  Ana Dili Günü” elan edib. Hadisənin tarixi isə bir qədər də əvvələ gedir. 21, 22 fevral 1952-ci ildə Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4 nəfər şəhid olmuşdu. Banqladeş nümayəndələri fevralın 21-ni məhz həmin şəhidlərin xatirəsinə ehtiram əlaməti kimi “Ana Dili Günü” adlandırılması haqqında müraciət etmişdilər. YUNESKO-nun Baş Konfransında 21 fevral “Beynəlxalq  Ana Dili Günü” elan olunmuş və üzv ölkələrə bildirilmişdi ki, həmin gün məktəblərdə, universitetlərdə Ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər, konfranslar, seminarlar keçirilsin.
 
Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən “Beynəlxalq  Ana Dili Günü” hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır. Dil ünsiyyət vasitəsi olmaqla yanaşı, millətin simasını səciyyələndirən amillərdən biridir. O, hər hansı bir xalqın varlığının təzahürü, onun milli sərvəti, qan yaddaşıdır. Xalqın taleyi, onun mənliyi, mənəviyyatı və mədəniyyəti olan dil cəmiyyətin təşəkkülü və inkişafı ilə birgə yaranır, tərəqqi edir. İnsanın təkamülündə ana dilinin rolu böyükdür. İnsanın doğumu ilə bərabər bəxş olunmuş bu nemətin hər hansı bəhanə ilə qadağan olunması isə cinayətdir. “Beynəlxalq  Ana Dili Günü”  hamını bu cinayətə qarşı birləşməyə səsləyir. Millətin dilinin dövlət statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin sübutudur.
 
Ölkəmizdə Ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması Ana dilimizin gözəl bilicisi, mahir natiq, ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. Bu siyasətin əsası hələ 1970-ci ildə qoyulub: Heydər Əliyev həmin il Bakı Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan dilində çıxış edib. Az keçməmiş bu dil dövlət əhəmiyyətli tədbirlərə yol açıb. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi isə həmin dövr üçün əhəmiyyətli hadisə idi. Müstəqillik ərəfəsi və onun ilk illərində dilin adının dəyişdirilməsi, onunla bağlı ənənələrin nəzərə alınmaması indi də təəssüf doğurur. 1995-ci ildə qəbul edilən Konstitusiya ilə dövlət dilinin adı bərpa olundu. Bundan sonra hökumət səviyyəsində Ana dilinin inkişafı və qorunması istiqamətində əhəmiyyətli sənədlər qəbul edildi.
Azərbaycan Konstitusiyasının 45-ci maddəsi ilə hər kəsin Ana dilindən istifadə etmək, istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ təsbit olunur. Konstitusiyamıza görə, heç kəs Ana dilindən istifadə hüququndan məhrum edilə bilməz. 2002-ci il 30 sentyabr tarixdə “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addımdır. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir. Bu ənənələri ölkə Prezidenti İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlət başçısının müxtəlif vaxtlarda imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” və “Azərbaycan Milli Ensiklopediyasının hazırlanması haqqında” sərəncamları və bu istiqamətdə görülən işlər də dilimizin inkişafına böyük qayğının təzahürüdür.
 
Ana dilimizi qorumaq, inkişaf etdirmək bizim də borcumuzdur.
 

среда, 16 ноября 2016 г.

Azərbaycanda şagird nailiyyətlərinin qiymətləndirilməsi və monitorinqi qaydaları açıqlanıb

Azərbaycanın ümumi təhsil sistemində şagird nailiyyətlərinin qiymətləndirilməsi və monitorinqi qaydaları açıqlanıb.
“Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” sənədinin layihəsinə əsasən, şagird nailiyyətlərinin qiymətləndirilməsi şəffaflıq, etibarlılıq, obyektivlik, qarşılıqlı əməkdaşlıq prinsiplərinə əsaslanmaqla təhsilin inkişafına yönəldilir.
Bu qiymətləndirilmə şagirdlərin təhsilə münasibətləri, mövcud təlim göstəriciləri, müəllimlərin hazırlıq səviyyəsi, təhsil standartları və kurikulumların məqsədəuyğunluğu, tədris resursları ilə təminat, idarəetmənin səmərəliliyi barədə məlumatların toplanıb təhlil edilərək dəyərləndirilməsi, şagird və müəllimlərin fəaliyyətinin, təhsil proqramlarının icra vəziyyətinin müşahidə olunmasından və nailiyyətlərin qiymətləndirilməsini əks etdirən sənədlərin təhlilindən əldə edilmiş nəticələrə görə müvafiq qərarların qəbul olunmasını əhatə edir.
Şagird nailiyyətlərinin qiymətləndirilməsi məktəbdaxili, milli və beynəlxalq qiymətləndirmə növlərini əhatə edir. Məktəbdaxili qiymətləndirmə 3 istiqamət üzrə aparılır: Şagird irəliləyişlərinin monitorinqi formativ və summativ qiymətləndirmə formalarında aparılır. Formativ qiymətləndirmə müəllimin davamlı müşahidələrinə əsaslanır və irəliləyişlərin səviyyəsi izlənilməklə qeydiyyata alınır, zəruri tədbirlər müəyyənləşdirilir. Summativ qiymətləndirmə kiçik (bəhs və bölmələr üzrə) və böyük (yarımilliklər üzrə) summativlər formasında tətbiq olunur. Kiçik summativ qiymətləndirmə müəllim, böyük summativ qiymətləndirmə məktəb rəhbərliyi tərəfindən həyata keçirilir. Kurikulum üzrə qiymətləndirmə şagirdlərin təlim nəticələrinin müvafiq standartlara uyğunluğunu müəyyən etmək məqsədi ilə aparılır.
Təhsil səviyyələri (ümumi orta və tam orta) üzrə yekun qiymətləndirmə mərkəzləşmiş qaydada aparılan buraxılış imtahanları formasında keçirilir və məzunlara müvafiq təhsil sənədinin verilməsi ilə başa çatır. Milli qiymətləndirmə toplanmış məlumatlar əsasında keyfiyyət dəyişikliklərini dəyərləndirmək məqsədi ilə, bir qayda olaraq, 4-5 ildən bir təşkil olunur. Beynəlxalq qiymətləndirmə şagirdlərin təlim göstəriciləri əsasında ümumi təhsilin mövcud vəziyyəti barədə təsəvvür əldə etmək, problemləri aşkara çıxarıb həlli yollarını müəyyənləşdirmək, digər ölkələrlə müqayisələr aparıb inkişaf perspekstivlərini proqnozlaşdırmaq üçün, bir qayda olaraq, 3 ildən bir keçirilir.