
1918-ci il mayın 28-də Azərbaycan
Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının həyatına böyük və əlamətdar
hadisə kimi əbədi daxil olmuşdur. Həmin tarix Respublika günü kimi təntənə ilə
qeyd edilir.
1917-ci ilin
fevralında Rusiyada monarxiya rejimi devrildi. Hakimiyyətə gələn Müvəqqəti
hökumət Müəssislər Məclisinə seçkilər keçirdi. Lakin Müvəqqəti hökumət uzun
müddət hakimiyyətdə qala bilmədi. 1917-ci ilin oktyabrında hakimiyyət çevrilişi
baş verdi. Ona görə də Cənubi Qafqazdan Müəssislər Məclisinə seçilən deputatlar
Rusiyaya gedə bilmədilər. Onlar 1918-ci il fevralın 14-də Tiflisdə Cənubi
Qafqazın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini-Zaqafqaziya
parlamentini yaratdılar. Seymdə Müsəlman Fraksiyasının Müəssislər Məclisinə
seçkilər zamanı Azərbaycanın, habelə bütün Cənubi Qafqazın bir milyondan çox
türk-müsəlman seçicisinin səsini qazanmış 44 deputat təmsil edirdi. Müsəlman
fraksiyası və ya müsəlman şurası, əslində, Zaqafqaziya müsəlman parlamenti
funksiyasını yerinə yetirirdi.
Dövlət dumalarında
olduğu kimi, Zaqafqaziya Seyminin də ən ardıcıl üzvləri Azərbaycan nümayəndələri
idilər. Məhz onların tələbi ilə 1918-ci il aprelin 9-da Zaqafqaziya Seymi
Zaqafqaziyanın müstəqilliyini elan etdi və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti
yaradıldı. Lakin kəskin milli mənafe ziddiyyətləri Zaqafqaziya Seyminin və
Zaqafqaziya Cümhuriyyətinin konkret addımlar atmasına imkan vermədi. Nəticədə
1918-ci il mayın 25-də gürcü nümayəndələr Seymdən çıxdılar və mayın 26-da
Gürcüstanın müstəqilliyini elan etdilər.
1918-ci il mayın
27-də Müsəlman Fraksiyasının, yəni Zaqafqaziya müsəlman şurasının (Zaqafqaziya
müsəlman parlamentinin) üzvləri də ayrıca iclas keçirdilər və Azərbaycanın müstəqilliyini
elan etmək qərarına gəldilər. Bu məqsədlə Zaqafqaziya müsəlman şurası özünü Azərbaycan
Milli Şurası, daha doğrusu, Azərbaycan Parlamenti elan etdi. Bununla, əslində
Azərbaycanın tarixində ilk parlament yarandı və ilk parlamentli respublikanın
bünövrəsi qoyuldu. Həmin iclasda Azərbaycan Milli Şurasının rəyasət heyəti və sədri
seçildi. M. Rəsulzadə Milli Şuranın sədri oldu. Mayın 28-də Həsən bəy Ağayevin
sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirildi. İclasda
iştirak edən Həsən bəy Ağayev (sədr), Mustafa Mahmudov (katib), Fətəli xan
Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mir Hidayət Seyidov, Nəriman
bəy Nərimanbəyov, Heybət Qulu Məmmədbəyov, Mehdi bəy Hacinski, Əli Əskər bəy
Mahmudbəyov, Asian bəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər Ağa
Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov,
Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firudun bəy Köçərlinski, Camo bəy
Hacınski, Şəfi bəy Rüstəmbəyov, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd
Məhərrəmov, Cavad Məlik-Yeqanov və Hacı Molla Səlim Axundzadə Azərbaycanın
İSTİQLAL BƏYANNAMƏSİNİ qəbul etdilər.
İstiqlal Bəyannaməsi
bütün türk-müsəlman dünyasında, ümumiyyətlə bütün Şərqdə ilk dəfə olaraq Azərbaycanda
ən demokratik respublika idarə üsulunun - parlamentli respublikanın
yaradılacağından xəbər verirdi. Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində
deyilirdi:
1. Bu gündən etibarən
Azərbaycan xalqı hakimiyyət haqqına malik olduğu kimi, Cənub-Şərqi
Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir.
2. Müstəqil Azərbaycan
dövlətinin idarə forması Xalq Cümhuriyyətidir.
3. Azərbaycan Xalq
Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə
mehriban münasibətlər yaratmaq əzmindədir.
4. Azərbaycan Xalq
Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən
asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi
hüquqlar və vətəndaşlıq hüququ təmin edir.
5. Azərbaycan Xalq
Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı
üçün geniş imkanlar yaradır.
6. Müəssislər Məclisi
toplanana qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura
qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur.
Azərbaycan Milli
Şurası həmin iclasında, eyni zamanda, bitərəf Fətəli xan Xoyskinin başçılığı ilə
Azərbaycan Xalq Cümhuriyyətinin ilk Müvəqqəti hökumətinin tərkibini də təsdiq
etdi. İlk Müvəqqəti hökumət bu tərkibdə idi: Fətəli xan Xoyski - Nazirlər
Şurasının sədri və daxili işlər naziri; Xosrov Paşa bəy Sultanov - hərbi nazir;
Məmməd Həsən Hacınski - xarici işlər naziri; Nəsib bəy Yusifbəyli - maliyyə
naziri və xalq maarifi naziri; Xəlil bəy Xasməmmədov - ədliyyə naziri; Məmməd
Yusif Cəfərov - ticarət və sənaye naziri; Əkbər Ağa Şeyxülislamov - əkinçilik naziri
və əmək naziri; Xudadat bəy Məlik- Aslanov - yollar naziri və poçt-teleqraf
naziri; Camo bəy Hacınski - dövlət nəzarətçisi.
Beləliklə, Birinci
Dünya müharibəsinin gedişində və Romanovlar mütləqiyyətinin devrilməsi nəticəsində
yaranmış çox mürəkkəb bir tarixi şəraitdə Azərbaycanın şimal torpaqlarında dövlətçilik
ənənələrimiz yenidən, özü də bu dəfə parlamentli respublika formasında dirçəldi.
Azərbaycan Xalq
Cümhuriyyətinin Parlamenti öz fəaliyyəti ərzində, о cümlədən 17 aylıq aramsız fəaliyyəti
dövründə həyata keçirdiyi müstəqil dövlət quruculuğu təcrübəsi ilə, qəbul
etdiyi yüksək səviyyəli qanunvericilik aktları və qərarları ilə Azərbaycan dövlətçiliyi
tarixində, xüsusən də parlament mədəniyyəti tarixində dərin və zəngin iz
qoymuşdur.
Azərbaycan Xalq
Cümhuriyyəti dövründə parlamentçilik tariximiz iki dövrə ayrılır: birinci dövr
- 1918-ci il mayın 27-dən noyabrın 19-dək davam etmişdir. Altı aya qədər davam
edən bu müddət ərzində Azərbaycan Milli Şurası adı ilə fəaliyyət göstərən və 44
nəfər müsəlman-türk nümayəndədən ibarət olan ilk Azərbaycan Parlamenti çox
mühüm tarixi qərarlar qəbul etmişdi. İlk Parlamentimiz 1918-ci il mayın 28-də
Azərbaycanın müstəqilliyini elan etmiş, ölkənin idarə olunmasını öz üzərinə
götürmüş və tarixi İstiqlal Bəyannaməsini qəbul etmişdir. Azərbaycan Milli
Şurasının о zaman çox mürəkkəb və həlledici bir tarixi məqamda Tiflisdə -
Qafqaz canişininin iqamətgahında elan etdiyi İstiqlal Bəyannaməsi Azərbaycan
demokratiyası və parlamentarizm ənənələri tarixinin ən parlaq hüquqi sənədi
olaraq bu gün də öz tarixi və praktiki əhəmiyyətini saxlamaqdadır. Milli Şura
dövründə Azərbaycan Parlamentinin təsis toplantısı ilə birlikdə cəmi 10 iclası
keçirilmişdir. İlk iclas - 1918-ci il mayın 27-də Tiflisdə, son iclas - 1918-ci
il noyabrın 19-da Bakıda keçirilmişdir. Mayın 27-də Azərbaycan Milli Şurası təsis
olunmuş, iyunun 17-də isə fəaliyyətini müvəqqəti dayandırıb, 6 aydan gec
olmayaraq Müəssislər Məclisi çağırılmaq şərti ilə bütün qanunverici və
icraedici hakimiyyəti Müvəqqəti hökumətə vermişdi. Xalq Cümhuriyyəti hökuməti
1918-ci il sentyabrın 17-də Bakıya köçdükdən sonra Azərbaycan Milli Şurası
noyabrın 16-da öz fəaliyyətini yenidən bərpa etmişdir. Noyabrın 19-da Azərbaycan
Milli Şurası həmin il dekabrın 3-də Müəssislər Məclisinin - geniş tərkibli Azərbaycan
Parlamentinin çağırılması haqqında qanun qəbul etdi və öz fəaliyyətini
dayandırdı. Beləliklə, Azərbaycan Parlamenti öz fəaliyyətinin bu dövründə, daha
doğrusu, Milli Şura dövründə Tiflisdə, Gəncədə və Bakıda fəaliyyət göstərmişdir.
Azərbaycan Xalq
Cümhuriyyətinin parlamentçilik tarixində ikinci dövr və ya Bakı dövrü 1918-ci
il dekabrın 7-dən 1920-ci il aprelin 27-dək - cəmi 17 ay davam etmişdir. İlk
iclas - 1918-ci il dekabrın 7-də, son iclas -1920-ci il aprelin 27-də
keçirilmişdir. Bu dövrdə Parlamentin cəmi 145 iclası olmuşdur. Bütün bu
iclaslarda Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti İstiqlal Bəyannaməsinin
müəyyən etdiyi prinsiplərə sadiq qalaraq və konkret tarixi şəraiti nəzərə
alaraq ölkənin ərazi bütövlüyünü təmin etmək və müstəqilliyini qoruyub
saxlamaq, insan haqları və azadlıqlarının dolğun təmin olunduğu ən müasir
hüquqi-demokratik dövlət yaratmaq məqsədi daşıyan çox mühüm qanunlar və qərarlar
qəbul etmişdi. Bütün bu qanunlar və qərarlar, nəticə etibarilə, hakimiyyətin üç
qolunun - qanunvericilik, icra və məhkəmə orqanlarının formalaşdırılmasına yönəlmişdi.
Birinci Dünya
müharibəsində böyük dövlətlərin dünyanı bölüşdürmək uğrunda mübarizəsinin həlledici
mərhələyə daxil olduğu və ölkənin başı üzərini yeni işğal təhlükəsinin aldığı
çox mürəkkəb bir daxili və beynəlxalq tarixi şəraitdə fəaliyyət göstərən Azərbaycan
Parlamenti öz fəaliyyətinin mühüm hissəsini dövlət müstəqilliyinin qorunub
saxlanmasına və ordu quruculuğu məsələlərinə yönəltmişdi. Parlamentin bu sahədə
qəbul etdiyi qanun və qərarların müzakirəsində Parlament üzvləri, bir qayda
olaraq, həmrəylik və yekdillik nümayiş etdirirdilər.
Çox mürəkkəb şəraitdə
fəaliyyət göstərməsinə baxmayaraq, xalqımızın milli oyanışını əbədi etməyə
çalışan Cümhuriyyət Hökuməti və Parlamenti elmin, təhsilin və xalq maarifinin,
səhiyyənin inkişafını diqqət mərkəzində saxlayırdı. Ölkənin һәr yerində müxtəlif
pillədən olan məktəblər, gimnaziyalar, qız məktəbləri, uşaq bağçaları, qısa
müddətli müəllim kursları, kitabxanalar açılır, kənd yerlərində xəstəxana və
feldşer məntəqələri şəbəkəsi yaradılır, yoluxucu xəstəliklərə qarşı mübarizə
aparılırdı. Bu baxımdan Parlamentin 1919-cu il sentyabrın 1-də Bakı Dövlət
Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanunu xüsusi qeyd etmək
lazımdır. Milli universitetin açılması Cümhuriyyət xadimlərinin doğma xalq
qarşısında çox mühüm tarixi xidməti idi.
Azərbaycan Xalq
Cümhuriyyətinin Parlamenti və Hökuməti ölkənin başı üstünü alan xarici müdaxilə
təhlükəsini sovuşdurmaq məqsədilə gənc respublikanın beynəlxalq aləmdə
tanınması üçün də böyük iş aparırdı. Bununla bağlı olaraq Cümhuriyyət
Parlamenti 1918-ci il dekabrın 28-də Parlamentin sədri Ə.Topçubaşovun başçılığı
ilə Paris sülh konfransına xüsusi nümayəndə heyətinin göndərilməsi haqqında qərar
qəbul etmişdi. Görkəmli dövlət xadimi Ə.Topçubaşov ağır çətinlikləri dəf edərək
Azərbaycan Xalq Cümhuriyyətinin bir sıra böyük dövlətlər tərəfindən de-fakto
tanınmasına nail olsa da, XI Qızıl Ordunun Şimali Azərbaycanı işğal etməsi ilə
onun bu sahədəki fəaliyyəti yarımçıq qaldı.
Azərbaycan
Parlamentinin və Cümhuriyyət Hökumətinin daim böyük diqqət yetirdiyi problemlərdən
biri də yaxın qonşularla münasibətlər və sərhəd məsələləri olmuşdur. Aparılan
çox gərgin işdən sonra Gürcüstanla münasibətlər nizama salınsa da, Ermənistan
hökumətinin böyük ərazi iddiaları üzündən Azərbaycan-Ermənistan münasibətlərini
normal məcraya yönəltmək mümkün olmamışdı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə
qonşu İranla da bir sıra saziş və müqavilələr imzalanmış və həmin sənədlər Parlamentdə
təsdiq olunmuşdur.
Cümhuriyyət dövründə
Azərbaycanda parlamentçilik ənənələri getdikcə möhkəmlənir və inkişaf edir, ən
müasir parlament mədəniyyəti formalaşırdı. Azərbaycan Xalq Cümhuriyyətinin
mövcud olduğu dövrdə, ümumiyyətlə 155 parlament iclası keçirilmişdir ki, bunun
da 10-u Azərbaycan Milli Şurasının (27 may-19 noyabr 1918-ci il), 145-i isə Azərbaycan
Parlamentinin fəaliyyət göstərdiyi dövrdə (7 dekabr 1918-ci il - 27 aprel
1920-ci il) olmuşdur.
Parlamentin müzakirəsinə
270-dən çox qanun layihəsi çıxarılmış, onlardan 230-a yaxını qəbul olunmuşdu.
Qanunlar qızğın və işgüzar fikir mübadiləsi şəraitində müzakirə edilir, özü də
yalnız üçüncü oxunuşdan sonra qəbul olunurdu.
Parlament
qanunlarının hazırlanması, müzakirəsi və təsdiq olunmasında 11 fraksiya və
qrupa mənsub olan millət vəkilləri iştirak edirdilər.
Azərbaycan Xalq
Cümhuriyyəti Parlamentinin 11 komissiyası var idi.
Parlamentin fəaliyyəti
xüsusi olaraq bir məqsəd üçün hazırlanmış nizamnamə - «Azərbaycan Parlamentinin
nakazı (təlimatı)» əsasında idarə olunurdu.
Sovet Rusiyasının hərbi
müdaxiləsi və XI Qızıl Ordu hissələrinin qanlı hərbi əməliyyatları nəticəsində
Şimali Azərbaycan yenidən Rusiyanın tərkibinə qatılsa da, Azərbaycan Xalq
Cümhuriyyəti xalqımızın azadlıq hərəkatı tarixində dərin iz qoydu. Cəmi 23 ay
yaşamasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, ən qəddar
müstəmləkə və repressiya rejimləri belə, Azərbaycan xalqının azadlıq
ideallarını və müstəqil dövlətçilik ənənələrini məhv etməyə qadir deyildir.
Azərbaycan xalqının
tarixində ilk Parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti, eyni
zamanda, bütün Şərqdə, о cümlədən türk-islam dünyasında ilk demokratik, hüquqi
və dünyəvi dövlət nümunəsi idi.
Azərbaycan Xalq
Cümhuriyyəti özünün siyasi quruluşuna, həyata keçirdiyi demokratik dövlət
quruculuğu tədbirlərinə, həmçinin qarşısına qoyduğu məqsəd və vəzifələrə görə də
Avropanın ənənəvi demokratik respublikalarından heç də geri qalmırdı.
Azərbaycan Xalq
Cümhuriyyətinin xalqımızın dövlətçilik və ictimai-siyasi fikir tarixində rolu
misilsizdir.
Cəmi 23 ay
yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, Azərbaycan
xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadirdir.
Azərbaycan xalqı
1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Xalq
Cümhuriyyətinin ideallarını davam etdirərək bu tarixi varislik üzərində yeni
müstəqil Azərbaycan dövlətini yaratmışdır.
Azərbaycan
Respublikasının prezidenti İlham Əliyev mayın 16-da “Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncam imzaladı.

Sərəncamda
deyilir ki, 2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli
respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam
olur.
Qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan
xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyalar
tərkibinə qatılmaq məcburiyyətində qalmışdır. Azərbaycan Xalq Cümhuriyyəti məhz
dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və
XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin
məntiqi yekunu kimi meydana çıxmışdır.
Azərbaycan Xalq
Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son
həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və
Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi,
bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət
quruculuğu sahəsində tədbirlər həyata keçirildi, maarifin və mədəniyyətin
inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu,
xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan əhəmiyyətli işlər
görüldü.
Sərəncamda vurğulanır ki, Azərbaycan Xalq Cümhuriyyəti
1920-ci ildə xarici təcavüz nəticəsində süquta uğrasa da, onun şüurlarda
bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı milli
dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider
Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın
tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi,
müstəqillik arzularının güclənməsi və yenidən həqiqətə çevrilməsinə zəmin
yaratdı.
1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir
Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını
göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli
bayrağını, gerbini, himnini qəbul etdi.
Sərəncamda Nazirlər Kabinetinə Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb
həyata keçirmək tapşırılıb.