Kitab oxumağın şagirdlərin inkişafına təsiri haqqında mütəxəssis fikirləri
ƏJDƏR AĞAYEV,
pedaqoji elmlər doktoru, professor
Bədii ədəbiyyat uşaqların şəxsiyyət kimi formalaşmasında mühüm
vasitələrdən biridir. Kiçik yaşlardan onların yaşlarına və maraqlarına
uyğun ədəbiyyatla tanış olmaları onlarda həyat hadisələrinə, insanlara,
təbiətə böyük maraq yaradır.
Bədii əsərlərdəki obrazlar,
psixoloji hallar, hadisələrin inkişafı uşaqların dünyagörüşünü
genişləndirdiyi kimi, məlumatlarını da artırır. Şagirdlər təlim
prosesində öyrəndiklərini bədii ədəbiyyatı oxuyub təhlil edərkən bir
daha təsdiqləyirlər. Ona görə də uşaqların kamilləşməsinə, bədii-estetik
zövqünün inkişafına təsir edən bədii ədəbiyyatın oxunması tədris
proqramlarına daxil edilməli, sistemli
və müntəzəm şəkildə həyata keçirilməlidir.
Ənvər ABBASOV,
Təhsil Problemləri İnstitutunun direktor müavini
Şifahi və yazılı ünsiyyət şəxsiyyətin mühüm atributlarından olan
mədəniyyətlərdir. Bunlar özündə dinləyib- anlama, danışma, oxu, yazı
mədəniyyətlərini ehtiva edir. Biz gələcəkdə cəmiyyəti irəliyə apara
bilən övladlarımıza bu mədəniyyətləri aşılamalıyıq. Bu mədəniyyətin
aşılanması yollarından və vasitələrindən biri də mütaliədir. Təbii ki,
müasir insan üçün son dərəcə zəruri olan bu bacarıqların
formalaşdırılmasının ağırlıq mərkəzi daha çox məktəbin, təhsil
müəssisələrinin üzərinə düşür.
Təhsil islahatları dövründə bu
məsələlərin müzakirəsi həmişə gündəmdə olub və yeni təhsil
proqramlarının (kurikulumların) hazırlanmasında metodoloji əsas kimi
nəzərə alınıb. İstər Nazirlər Kabinetinin təsdiq etdiyi milli səviyyəli
səriştələrdə (kompetensiyalarda), istərsə də siniflər üzrə
standartlarda şagirdlərin oxu və yazı bacarıqlarını inkişaf etdirməklə
onu dəyərə (oxu mədəniyyətinə, yazı mədəniyyətinə) çevirmək başlıca
hədəf kimi müəyyənləşdirilib. Azərbaycan dili fənni üzrə "Oxu" və
"Yazı", ədəbiyyat fənni üzrə "Ədəbiyyat və həyat", "Şifahi nitq",
"Yazılı nitq" məzmun xətləri üzrə qruplaşdırılmış standartların başlıca
funksiyası, məhz oxu və yazı bacarıqlarının formalaşdırılmasına xidmət
göstərməkdən ibarətdir. Əgər digər fənlərin təlimi prosesindəki oxu və
yazı fəaliyyətləri və şagirdlərin özlərinin müstəqil mütaliəsi də
buraya əlavə edilmiş olarsa, o zaman yalnız ümumi təhsildə oxu və yazı
mədəniyyətlərinin formalaşması üçün xeyli əlavə imkanların yaradıldığı
aydın görünər.
Standartların reallaşdırılması, oradakı
tələblərin yerinə yetirilməsi səviyyəsi müəllimin özünün tədris
fəaliyyətini planlaşdırmasından, fəaliyyət kurikulumunu hazırlamasından
çox asılıdır. O, buna nail olmaq üçün kurikulum və dərslik komplektini
nəzərdən keçirməli, şagirdlərini standartların tələbinə uyğun inkişaf
etdirmək üçün planlaşdırma aparmalı, oxu və yazı üzrə, o cümlədən
mütaliə üçün zəruri hesab etdiyi müxtəlif üslublarda olan ədəbiyyatları
müəyyənləşdirməlidir.
ASİF CAHANGİROV,
əməkdar müəllim, təhsil eksperti
Mütaliənin əhəmiyyətini, vacibliyini daim mütaliə edənlər dərk edir və
başa düşür. Bir çox gəncimizin, eləcə də, açığını deyək, sayı o qədər
də az olmayan pedaqoji işçilərin bədii ədəbiyyata, müxtəlif növ
elmi-kütləvi, elmi-pedaqoji kitablara maraq göstərməməsi məni həmişə
narahat etmişdir. İstər müəllimlər, istər valideynlərlə görüşlərdə,
istərsə də ictimaiyyət arasında vurğulamışam ki, mütaliə inkişaf, öz
üzərində daim işləmək deməkdir və mütaliə edənlər öz erudisiyası, geniş
bilik və mükəmməl kompetensiyaları, karyera inkişafı ilə həmişə
ətrafdakılardan seçilir.
Bəziləri düşünür ki, indiki kompüter,
informasiya dövründə mütaliədən danışanda söhbət yalnız nəşr olunmuş
kitablardan gedir. Əslində elektron vasitələri mütaliə üçün daha geniş
imkanlar açmış, əlverişli şərait yaratmışdır.
Sözsüz ki,
məktəblilərimizin mütaliəyə şüurlu və sistemli şəkildə yanaşması üçün
Təhsil Nazirliyinin, Təhsil Problemləri İnstitutunun dəstəyinə ehtiyac
vardır. İlk növbədə, mövcud çap məhsulları və elektron resurslarının
dərin təhlili aparılmaqla, müxtəlif yaş qrupları üzrə tövsiyə edilən
ədəbiyyatın siyahısı hazırlanmalıdır. Məsələn, elektron resursları,
bədii ədəbiyyatın əhəmiyyətliliyini nəzərə almaqla fənlər üzrə
sinifdənxaric oxu üçün 250-300 kitab müəyyənləşdirib 2-3 illik proqram
hazırlamaq olar. İnformasiyanın daim çoxaldığını nəzərə alsaq hər il
üçün hər bir fənn üzrə 10-15 adda ən mühüm sayılan bədii, elmi-kütləvi
ədəbiyyatı, mütəfəkkir və alimlərin həyatı, fəaliyyəti, yaradıcılığı
haqqında olan kitabları, bioqrafik əsərləri seçib mütaliə üçün tövsiyə
etmək məqsədəuyğun olardı.
Yalnız mütaliə deyil, həmin prosesin
məktəb rəhbərliyi və müəllimlər, eləcə də təhsili idarəetmə orqanları
tərəfindən sistemli idarəolunmasının, onun monitorinqinin vacibliyini də
vurğulamaq istərdim. Yəni, əgər biz məsələnin əhəmiyyətini dərk
ediriksə, ona bir kampaniya kimi, formal yanaşılmamalıdır. Bunu,
məsələn, hər bir əsər üzrə inşaların yazdırılması, diskussiyaların
təşkil olunması, valideynlər də cəlb olunmaqla hansısa kütləvi
tədbirlərin keçirilməsi və ya başqa şəkildə etmək olar.
Bununla biz nə qazanırıq?
İlk növbədə, şagirdlərdə oxu zövqünü formalaşdırmaqla bərabər özlərinin
inkişafına marağı artırırıq. İkincisi, müxtəlif sahələrdə biliklərini
dərinləşdiririk, tədqiqat fəaliyyətini yüksəldir və inkişaf etdiririk.
Biz onlarda elə zövq formalaşdırırıq ki, sonralar özləri kitab seçərkən
artıq müqayisələr aparmaq onlara asan olur. Məsələn, Nizamini, Şekspiri,
Heminqueyi, Tolstoyu, Hüseyn Cavidi, Çingiz Aytmatovu oxuyan,
onların əsərləri əsasında formalaşan gənc hansısa eybəcər və bayağı
əsərləri artıq vərəqləməyəcək, ciddi məna kəsb etməyən elektron
saytlarına daxil olmayacaq. Bu dahilərin əsərləri ilə tanış olan adam
primitiv ədəbiyyatı oxumayacaqdır.
Eyni zamanda biz internet
resurslarından elm, bədii ədəbiyyat sahəsində saytları uşaqlara verəndən
və onlar bu internet saytlarından istifadə edəndən sonra onların
lüzumsuz saytlara meyli də azalacaqdır.
"Azərbaycan müəllimi" qəzeti