среда, 26 августа 2015 г.

Bu gün Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ad günüdür

Avqustun 26-sı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və 
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın ad günüdür.

Mehriban Əliyeva Bakıda tanınmış ailədə anadan olub. Atası Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, fizika-riyaziyyat elmləri doktoru, professor, Milli Aviasiya Akademiyasının rektoru Arif Mir Cəlal oğlu Paşayev, anası şərqşünas alim, filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru olmuş, ərəb ədəbiyyatı sahəsində mütəxəssis Aida Nəsir qızı İmanquliyevadır.
Mehriban Əliyeva 1982-ci ildə Bakıda 23 saylı orta məktəbi qızıl medalla bitirib və Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1988-1992-ci illərdə akademik Krasnovun rəhbərliyi altında Moskva Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib.
1995-ci ildə Mehriban Əliyevanın təşəbbüsü ilə hal-hazırda onun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Fondu təsis olunub. 1996-cı ildə Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan “Azərbaycan - İrs” jurnalını təsis edib. Bu nəşrin sayəsində Azərbaycan beynəlxalq arenada təkcə neft və qazla zəngin dövlət kimi deyil, həm də digər sahələrdə - musiqi, memarlıq, təsviri və tətbiqi incəsənət sahələrində də şedevrlər yaratmış ölkə kimi tanınmağa başlayıb.
Mehriban Əliyeva Heydər Əliyev Fonduna onun yaradıldığı gündən - 10 may 2004-cü ildən rəhbərlik edir. Fondun məqsədi ümummilli lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və yeni nəslin milli dövlətçilik ideyaları ruhunda tərbiyə edilməsidir. Fondun işinin prioritet istiqamətləri ən müxtəlif sahələrdə humanitar fəaliyyətdən ibarətdir. Bura valideyn himayəsindən məhrum olmuş uşaqlara kömək, uşaq evlərinin, internat-məktəblərinin abadlaşdırılması və maddi bazalarının yaxşılaşdırılması da daxildir. Birinci xanım statusu və Fonddakı işi Mehriban xanıma bu işi sistemləşdirmək, layihələrin miqyasını genişləndirmək, onların həyata keçirilməsi üçün əlavə resurslar cəlb etmək imkanı verir.
Mehriban Əliyeva 2005-ci və 2010-cu illərdə Azərbaycan parlamentinin deputatı seçilib.
Mehriban Əliyeva hakim Yeni Azərbaycan Partiyasının 2013-cü il iyunun 7-də keçirilən V qurultayında partiyanın sədr müavini seçilib.
2013-cü il yanvarın 17-də Azərbaycan Prezidenti İlham Əliyev I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama görə, komitənin sədri Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü Mehriban Əliyeva təyin edilib.
I Avropa Oyunları 12-28 iyun 2015-ci il tarixində Azərbaycanda keçirilib. I Avropa Oyunları çərçivəsində 20 idman növü (16 Olimpiya, 4 qeyri-olimpiya idman növləri) üzrə yarışlar təşkil olunub.
Oyunların hazırlığı və keçirilməsi proseslərində 20 min könüllü iştirak edib. Yarışlar Bakının 20 idman obyektində keçirilib. Möhtəşəm açılış və bağlanış mərasimləri izləyici ilə dolu 70 min tamaşaçı tutumu olan Bakı Olimpiya Stadionunda olub.
İdmançılar üçün Atletlər kəndi inşa edilib, Olimpiya hərəkatı tarixində ilk dəfə olaraq KİV-in fəaliyyəti üçün Media kəndi açılıb.
Avropa ölkələri Oyunlarda 6 min idmançı ilə təmsil olunub. İdmançılar 253 dəst medal uğrunda mübarizə aparıblar. 42 ölkə təmsilçisi bu mübarizələrdə mükafatçı adına layiq görülüb.
300-ə yaxın azərbaycanlı idmançı Oyunlarda iştirak edib. Onlar 56 (21 qızıl, 15 gümüş və 20 bürünc) medal qazanıblar ki, bunun sayəsində Azərbaycan medal hesabına görə yarışlarda ikinci olub.
Avropa Oyunları yarışları dünyanın 145 ölkəsində geniş işıqlandırılıb. Yalnız açılış mərasimi 140 ölkədə yayımlanıb. Bütün dünyada 1100 saatdan çox yayım hazırlanıb. Ümumilikdə Avropa Oyunlarının tamaşaçı auditoriyası təqribən 823 milyon nəfərə çatıb. Hər gün təxminən 5-6 milyon insan yarışları Avropa Oyunlarının rəsmi internet səhifəsindən izləyib.
7 medal qazanmış azərbaycanlı gimnastlar bu Oyunlarda möhtəşəm uğura imza atıblar. İlk Avropa Oyunlarında azərbaycanlı gimnastların uğurunun əsasında Azərbaycanın birinci xanımı, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın diqqəti və qayğısı dayanır. Milli Gimnastika Arenasında yaradılan müasir standartlara cavab verən şəraitə əcnəbi atletlər də heyran qalıblar.
“Bakı 2015” bütün növbəti Avropa Oyunları üçün qızıl standart olub. Oyunların açılış və bağlanış mərasimləri də daxil olmaqla, hər şey yüksək səviyyədə təşkil olunmuşdur. Bunu bütün dünya etiraf edir. I Avropa Oyunları Təşkilat Komitəsinin sədri kimi Mehriban Əliyeva Oyunların keçirilməsinə böyük töhfəsini vermişdir.
2015-ci il iyunun 29-da birinci Avropa Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri, Azərbaycan idman ictimaiyyətinin nümayəndələri və Oyunların təşkilində xidmətləri olmuş xarici tərəfdaşlarla görüşü zamanı Prezident İlham Əliyev bildirmişdir: “Təşkilat Komitəsinə rəhbərlik etmiş Mehriban Əliyevanın böyük fəaliyyətini xüsusilə yüksək qiymətləndirirəm. O, bu Oyunların keçirilməsinə çox böyük töhfə vermişdir. Deyə bilərəm ki, bu Oyunların bu səviyyədə keçirilməsinə öz canını qoymuşdur. Mən Təşkilat Komitəsinin tərkibini müəyyən edərkən tam əmin idim ki, bu tərkibdə bu Komitə ən yüksək nəticə göstərə bilər. Çünki burada həm təcrübə, həm peşəkarlıq və ən önəmlisi xalqa, dövlətə sevgi, məhəbbət var idi və var”.
Mehriban Əliyeva Azərbaycanda mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və I Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilib.
Azərbaycan mədəniyyətinin populyarlaşdırılması və təbliği məqsədilə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan iyulda yenidən bütün dünyadan olan çoxsaylı qonaqları VII Qəbələ Beynəlxalq Musiqi Festivalında qəbul edib.
Heydər Əliyev Fondu görkəmli Azərbaycan ifaçılarının musiqi albomlarının buraxılmasına böyük diqqət yetirir. Fond, həmçinin dünyanın məşhur mütəfəkkiri, görkəmli alim, ensiklopedik biliyə malik Nəsirəddin Tusinin "Əxlaqi-Nasir" əsərini latın qrafikasında yenidən nəşr etdirib, "Azərbaycan" kitab-fotoalbomu və əksər türk ölkələrində populyar olan "Qabusnamə" kitabının Azərbaycan və rus dillərində variantlarını hazırlayıb, "Azərbaycan muğamı" multimedia məcmuəsi və "Muğam dünyası" kitabını nəşr etdirib. Bakıda Mehriban Əliyevanın təşəbbüsü ilə Müasir İncəsənət Muzeyi açılıb və fəaliyyət göstərir.
Fond ümumbəşəri mədəniyyət abidələrinin bərpasında da iştirak edir. Belə ki, dünya irslərinin siyahısına daxil olan Parisin Versal sarayının parkında zamanın və iqlimin təsirindən zərər çəkmiş iki abidənin bərpası həyata keçirilib. Fond Strasburq Kafedral kilsəsinin vitrajlarının təmir edilməsinə də maddi kömək göstərib. 2012-ci ilin iyun ayında Romada Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında "Roma katakombalarının bərpasına dair ikitərəfli saziş" imzalanıb. 2014-cü il iyunun 2-də Heydər Əliyev Fondu ilə Vatikan Apostol Kitabxanası arasında "2015-2016-cı illərdə yeni əlyazmaların bərpa edilməsi və onların rəqəmsallaşdırılması"na dair müqavilə imzalanıb. Növbəti gün Heydər Əliyev Fondu tərəfindən Vatikan Muzeyində Zevsin heykəlinin bərpasına, o cümlədən "Sistina" zalında yenidənqurma işlərinin aparılmasına dair iki saziş imzalanıb.
2015-ci il martın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Vatikanda Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ilə görüşüblər.
Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin görüşündə Azərbaycan ilə Vatikan arasında ikitərəfli əlaqələrin yüksək səviyyəsindən məmnunluq ifadə edilib. Münasibətlərin yaxşı perspektivlərinin olduğu vurğulanıb. Vatikanın Azərbaycan ilə əlaqələrə yüksək qiymət və mühüm əhəmiyyət verdiyi bildirilib.
Mədəniyyətlərarası və dinlərarası münasibətlərə Azərbaycanın verdiyi önəmin dövlətlərimiz arasında ikitərəfli əməkdaşlığın inkişafında mühüm rol oynadığı diqqətə çatdırılıb. Roma katakombalarının, Vatikan Apostol Kitabxanasının bir neçə nadir əlyazmalarının bərpası və rəqəmsallaşdırılması, həmçinin Azərbaycanın müsəlman ölkəsi olaraq qəbul etdiyi mühüm tarixi addım kimi digər layihələrin reallaşdırılmasında Mehriban Əliyevanın xidmətləri yüksək qiymətləndirilib.
Bu ilin aprel ayında Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri İslam dünyasının əsas müqəddəs şəhəri Məkkədə ümrə ziyarətində olublar.
Heydər Əliyev Fondunun xətti ilə Azərbaycanda bir çox məscid, sinaqoq və kilsələr bərpa olunub.
Mehriban Əliyeva Azərbaycan xalqının rifahına xidmət edən humanitar proqramların səmərəliliyinin gücləndirilməsi üçün bütün mövcud imkanlardan istifadə etməyi ümdə vəzifəsi hesab edir.
Heydər Əliyev Fondunun fəaliyyətinin prioritet istiqamətlərindən biri dünya ictimaiyyətinə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallıqların çatdırılmasıdır. Həyata keçirilmiş layihələr arasında bir neçə dildə nəşr edilmiş, Ermənistanın Azərbaycana təcavüzünün tarixini əks etdirən "Qarabağ reallıqları" bukletlər toplusunu, erməni vəhşiliyindən bəhs edən "Müharibə və mədəni-tarixi abidələrimiz", "Azərbaycana qarşı müharibə: mədəni irs hədəf altında" kitablarını qeyd etmək olar. Bundan başqa, Fond dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımına həsr olunmuş aksiyalar, foto və video sərgilər təşkil edir.
2013-cü il sentyabrın 18-də Heydər Əliyev Fondunun dəstəyi ilə Quba rayon mərkəzində inşa edilmiş Quba Soyqırımı Memorial Kompleksinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Xatirə Kompleksi 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldılıb.
Heydər Əliyev Fondu Böyük Vətən Müharibəsi illərində Azərbaycan xalqının qəhrəmanlığını yaddaşlarda yaşatmağı, azərbaycanlıların faşizm üzərində qələbəyə töhfə verməsini əhəmiyyətli məsələ hesab edir. 2015-ci il mayın 4-də Heydər Əliyev Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal edilmiş “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filminin təqdimatı keçirilib. Faşizm üzərində qələbənin 70 illik yubileyinə həsr olunan bu layihənin rəhbəri Arzu Əliyeva, filmin prodüseri Lui Vodevil (Louis Vaudeville), rejissoru Robert Maqnerotdur (Robert Mugnerot) olub.
Mehriban Əliyevanın fəaliyyətinin əsas istiqamətlərindən biri Azərbaycan mədəniyyətinin dünyada təbliğ olunmasıdır. Bu il iyulun 9-da “Milan Expo 2015” Ümumdünya sərgisində Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə yaradılmış Azərbaycan pavilyonunda “Milli gün” təşkil olunub. “Milli gün” çərçivəsində Azərbaycan pavilyonunun rəsmi təqdimat mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Tədbirə, həmçinin İtaliya hökumətinin nümayəndələri, ictimai xadimlər, bu ölkədəki diplomatik korpusun təmsilçiləri və digər nüfuzlu qonaqlar da qatılıblar. Bu il iyulun 14-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kann şəhərində Azərbaycan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva və ailə üzvləri iştirak edib.
İyulun 15-də Kannda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Festivallar sarayında “Azərbaycan xalçaları incəsənətdə” sərgisinin açılışı olub. Açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və ailə üzvləri iştirak ediblər. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən sərgidə Azərbaycan xalça sənətinin tarixi, müasir dövrü, dünyada geniş yayılması barəsində ziyarətçilərə ətraflı məlumat verilib.
2004-cü ilin avqustunda Mehriban xanım Əliyeva Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin mühafizəsi və inkişafı üzrə yorulmaz səylərinə görə YUNESKO-nun xoşməramlı səfiri elan olunub. İki il sonra birinci xanım müxtəlif sahələrdəki genişmiqyaslı və fədakar fəaliyyətinə, o cümlədən geniş sivilizasiyalararası dialoq, qayğıya ehtiyacı olan uşaqlara diqqət, onların həyat şəraitinin və təhsilinin yaxşılaşdırılmasında böyük dəstəyinə görə İSESKO-nun (İslam ölkələrinin elm, təhsil və mədəniyyət təşkilatı) xoşməramlı səfiri seçilib. Belə nüfuzlu beynəlxalq təşkilatların səfiri olmaq çox şərəfli və məsuliyyətli missiyadır. Həm YUNESKO, həm də İSESKO, nizamnamələrində qeyd olunduğu kimi, bu təşkilatlar qeyri-siyasi institutlardır. Eyni zamanda, bu, Mehriban Əliyevanın öz ölkəsini təmsil etdiyi beynəlxalq arenadır. Bu, müasir Azərbaycanın, qədim tarixi və mədəni köklərə malik xalqımızın, incəsənətimiz, musiqimiz və ədəbiyyatımızın nailiyyətlərinin bütün dünyaya çatdırılması üçün fürsətdir. 2010-cu il iyulun 30-da Mehriban Əliyevaya YUNESKO-nun "Qızıl Motsart" medalı təqdim olunub.
Xoşməramlı səfir kimi Mehriban Əliyevanın vəzifəsi elm, mədəniyyət, təhsil vasitəsilə İslam dünyasının malik olduğu bütün imkanları, Qərbin və Şərqin, eləcə də müxtəlif sivilizasiyaların bir-birinə nə qədər maraqlı və faydalı ola bilməsini göstərməkdir.
2015-ci il martın 11-də Pakistan İslam Respublikasının Prezidentinin Azərbaycana səfəri çərçivəsində Məmnun Hüseyn tərəfindən Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Pakistanın ali dövlət mükafatı - “Hilal-e-Pakistan” ordeni təqdim edilib. Mükafat Pakistanın müxtəlif humanitar, təhsil və tibb layihələrində aktiv iştiraka görə təqdim olunub.
Bu il iyunun 11-də Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliç Azərbaycana səfəri çərçivəsində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Serbiya Respublikasının yüksək dövlət mükafatı - “Sreten” ordenini təqdim edib.
2005-ci il iyunun 9-da mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə, təhsil və mədəniyyətin təşkilinə dəstəyinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsində böyük töhfələrinə görə Mehriban xanım Əliyeva Rusiyanın "Yüzilliyin mesenatları" Beynəlxalq Fondunun "Yaqut Xaç" ordeni ilə təltif olunub.
Dünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilmiş 120-ci sessiyasının yekdil qərarı ilə Mehriban Əliyeva "Ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmləndirilməsi işində müstəsna xidmətlərinə görə" xüsusi mükafatı ilə qiymətləndirilib. Xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində nailiyyətlərinə görə Mehriban Əliyeva 2007-ci ildə "Qızıl Ürək" beynəlxalq mükafatına layiq görülüb.
2005-ci ildə Azərbaycanda keçirilən sosioloji sorğunun nəticələrinə görə, Mehriban Əliyeva "İlin qadını" fəxri adını alıb.
Ölkəmizin təhsil sisteminin inkişafı, dünyada milli-mədəni irsin qorunması və təbliği ilə bağlı xidmətlərinə, xarici ölkələrdə xalqımızın müsbət imicinin möhkəmləndirilməsi üzrə görülən işlərə, bədii gimnastika üzrə 27-ci dünya çempionatına hazırlığa və onun respublikada yüksək səviyyədə keçirilməsinə, genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə görə Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu Mehriban Əliyevanı "2005-ci ilin adamı" elan edib.
2006-cı ilin mart ayında Mehriban Əliyeva mədəni-mənəvi dəyərlərin qorunmasında verdiyi töhfəyə görə, BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) qızıl medalına layiq görülüb.
2013-cü ilin fevralında Mehriban Əliyeva türk mədəniyyətinin qorunmasında və təbliğində xidmətinə görə "Türk mədəniyyətinin hamisi" adına layiq görülüb. Mehriban Əliyeva "Türküstan" qəzetinin təşəbbüsü və 20-yə yaxın təşkilatın dəstəyi ilə keçirilən rəy sorğusunun nəticələrinə görə bu mükafata layiq görülüb.
2013-cü il dekabrın 27-də Mehriban Əliyeva Pakistanın "Şəhid Bənazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı-2013" mükafatına layiq görülüb. Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın əyalətlərində təhsil, səhiyyə və humanitar sahələrdə irimiqyaslı layihələr həyata keçirilib.
Fransanın Ərəb Mədəni İrsi Mərkəzi və Misirin "Nefertiti Media Productions" şirkətinin birgə keçirdiyi sorğunun nəticəsinə görə, Mehriban Əliyeva "2014-cü ilin ən nüfuzlu qadını" adına layiq görülüb. Mehriban Əliyeva YUNESKO-nun xoşməramlı səfiri kimi fəaliyyətindəki xüsusi xidmətləri nəzərə alınmaqla, həmçinin mədəniyyətin təbliği və beynəlxalq mədəniyyət mübadiləsi, elm, səhiyyə, idman, təhsil, texnologiya və ekologiyanın inkişafı işinə verdiyi töhfəyə görə bu ada layiq görülüb. Azərbaycanın birinci xanımının xidmətləri sırasında, həmçinin Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması, valideyn himayəsindən məhrum olmuş uşaqlara kömək göstərilməsi və digər çoxsaylı xeyriyyə aksiyaları qeyd edilib.
2014-cü il mayın 12-də Mehriban Əliyeva sivilizasiyalararası dialoqa verdiyi töhfələrə, həmçinin Almaniyada Türk dünyasının tanıdılmasına, Azərbaycan-Almaniya əlaqələrinin inkişafındakı xidmətlərinə görə Türk-Alman Dostluq Federasiyasının İdarə heyətinin qərarı ilə qurumun Fəxri mükafatına layiq görülüb.
2014-cü il mayın 14-də Bakıda "The Business Year: Azerbaijan-2014" nəşrinin təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində Mehriban Əliyevanın Azərbaycanın ictimai, sosial və mədəni həyatında fəal iştirakına, cəmiyyətin dinamik inkişafına verdiyi mühüm töhfələrə, mədəniyyətimizin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, həmçinin ümumdünya mədəni irsinin qorunub saxlanılması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə dünyada "İlin Birinci Xanımı" mükafatına layiq görüldüyü elan edilib.
2014-cü il iyunun 15-də ELPIDA - Xərçəng xəstəliyinə tutulan uşaqların Dostluq Assosiasiyasının prezidenti Marianna Vardinoyannis "ELPIDA" mükafatını Mehriban Əliyevaya təqdim edib. Ötən dövrdə bir çox uğurlu layihələr həyata keçirən ELPIDA bu sahədə model tibb bölməsinin yaradılmasına nail olub, sümük iliyi nəqli, uşaqlarda müxtəlif şişlərin, talassemiya və digər irsi xəstəliklərin müalicəsi istiqamətində mühüm irəliləyişlər əldə edib, ixtisaslaşmış uşaq xəstəxanası açıb. Ən əsası isə ELPIDA ölkədə və dünyada xərçəng xəstəsi olan uşaqların cəmiyyətdə sosial təcridinin aradan qaldırılması kimi mühüm problemin həllinə güclü dəstək verib.
2014-cü il avqustun 14-də Rusiya Federasiyasının Həştərxan vilayəti Dumasının deputatları Mehriban Əliyevanın "Həştərxan vilayəti qarşısında xidmətlərinə görə" ordeni ilə təltif edilməsi haqqında vilayət qubernatoru Aleksandr Jilkinin təqdimatını dəstəkləyiblər. Heydər Əliyev Fondu Mehriban Əliyevanın rəhbərliyi altında Həştərxan vilayəti ərazisində bir sıra iri sosial əhəmiyyətli layihələr həyata keçirir.
2014-cü ilin avqust ayında Mehriban Əliyeva Küveyt Dövlətinin yüksək mükafatına layiq görülüb. İslam mədəni irsinin dünyada geniş təbliği, Azərbaycanda və ölkə hüdudları xaricində nəcib xeyriyyə fəaliyyəti, təhsilə, tibbə verdiyi böyük töhfələrə görə Mehriban Əliyeva Küveyt Dövlətinin Fəxri diplomu ilə təltif olunub. Bu, Küveyt qadınları adından xarici ictimai-siyasi xadimə verilən ilk mükafatdır.
2004-cü il dekabrın 28-də Azərbaycan Milli Olimpiya Komitəsinin IV Baş Assambleyasında Mehriban xanım Əliyeva MOK-un İcraiyyə Komitəsinin üzvü seçilib. Mehriban Əliyeva 2013-cü il aprelin 3-də keçirilən Milli Olimpiya Komitəsinin (MOK) VI Baş Məclisində qurumun İcraiyyə Komitəsinə yenidən üzv seçilib.
2014-cü il iyunun 16-da Afinada Mehriban Əliyevaya Olimpiya dəyərlərinin təbliğindəki xidmətlərinə görə Beynəlxalq Olimpiya Akademiyasının "Olympic Excellence" xüsusi fəxri mükafatı təqdim olunub. Mükafatı Beynəlxalq Olimpiya Akademiyasının prezidenti İsidoros Kuvelos təqdim edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 may 2009-cu il tarixli sərəncamı ilə Mehriban Əliyeva ölkənin ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə Heydər Əliyev Mükafatına layiq görülüb.
14 sentyabr 2009-cu ildə Mehriban Əliyeva Azərbaycan və Polşa arasında dostluq münasibətlərinin inkişafına verdiyi töhfəyə görə Polşa Respublikasının "Xidmətlərə görə" Böyük Komandor Xaçı ordeni ilə təltif edilib.
10 fevral 2010-cu il tarixdə Fransa Prezidentinin sərəncamı ilə Mehriban Əliyeva "Fəxri legionun böyük xaç komandoru" ordeni ilə təltif edilib.
24 iyun 2011-ci il tarixdə Brüsseldə Mehriban Əliyevaya Krans Montana Forumunun Qızıl medalı təqdim olunub. Krans Montana Forumunun Qızıl medalı dünyada öz fəaliyyəti ilə böyük nüfuz qazanmış, xüsusi xidmətləri olan insanlara verilir. Mehriban Əliyevanın Krans Montana Forumunun Qızıl medalına layiq görülməsi onun mədəniyyət, elm, təhsil, səhiyyə, sosial və digər sahələrdə həyata keçirdiyi çoxşaxəli fəaliyyətinin beynəlxalq miqyasda diqqət mərkəzinə çevrilməsini bir daha təsdiq edir.
2005-ci ildə Mehriban Əliyeva fəlsəfə elmləri namizədi elmi dərəcəsi alıb. 2012-ci il fevralın 13-də Mehriban Əliyeva Rusiya Federasiyası İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin fəxri professoru adına layiq görülüb.
2012-ci il aprelin 13-də Mehriban Əliyeva MDB iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq Şurasının (HƏŞ) və MDB iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) "Birliyin Ulduzları" mükafatı ilə təltif edilib.
2012-ci il iyunun 29-da Mehriban Əliyeva Krans Montana Forumunun "Prix de la Foundation" mükafatına layiq görülüb. Forumun bu ali mükafatı öz fəaliyyəti ilə fərqlənən və beynəlxalq səviyyədə rəğbət qazanan şəxslərə təqdim edilir.
Heydər Əliyev Fondu Azərbaycanın "Eurovision" mahnı müsabiqəsində iştirakının təşəbbüskarı olub. Azərbaycanın bu müsabiqədə iştirak etdiyi dövr ərzində ölkə nümayəndələri həmişə müsabiqənin liderləri arasında olublar. 2011-ci ilin mayında Azərbaycanın gənc müğənniləri Eldar və Nigar "Eurovision 2011"-in qalibi olublar.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı ad günü münasibətilə təbrik edir, ona cansağlığı, xoşbəxtlik, əmin-amanlıq, Azərbaycan xalqının rifahı naminə geniş və məsuliyyətli fəaliyyətində davamlı uğurlar arzulayırıq.

среда, 12 августа 2015 г.

Azərbaycan Respublikası Təhsil Nazirliyi

·
Təhsil Nazirliyi 2014-2015-ci tədris ilinin yekunlarına görə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran 131 nəfəri qızıl, 21 nəfəri gümüş medalla təltif edib.
Qızıl və gümüş medal alanların 69 nəfəri Bakı, 83 nəfəri isə bölgə məktəblərini təmsil edir. Onların 135 nəfəri dövlət, 17 nəfəri özəl məktəblərdə təhsil alıb. Medal sahiblərinin 75 nəfəri oğlan, 77 nəfəri qızdır.
Medala namizədlər Nazirlər Kabinetinin “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası”na uyğun olaraq müəyyənləşdirilib.
Medalla təltif zamanı namizədlərin ümumtəhsil məktəbində oxuduğu müddətdə təhsildə xüsusi nəticələri ilə bərabər, nümunəvi davranışı ilə fərqlənməsi, fənn olimpiadalarında, ölkə və beynəlxalq səviyyəli bilik yarışlarında, müsabiqə və layihələrdə yüksək mükafat qazanması nəzərə alınmışdır.
Həmçinin, təhsildə yüksək nəticələr göstərmiş bir qrup məzun Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltifə təqdim olunmuşdur.
Ümumtəhsil məktəblərinin məzunlarının qızıl və gümüş medalla təltifi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri (http://edu.gov.az/upload/file/emr/2015/862-nomreli-emr.pdf)

пятница, 31 июля 2015 г.

1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günüdür.

Məlum olduğu kimi, 2001-ci ilin həmin günündən etibarən ölkəmizdə kiril qrafikasından latın qrafikalı Azərbaycan əlifbasına keçilmişdir. Bu tarix ümummilli lider Heydər Əliyevin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən qeyd edilir.

Azərbaycan dili xalqımızın milli varlığını müəyyən edən, azərbaycançılıq məfkurəsinin əsasında duran mühüm amillərdəndir. Harada yaşamasından asılı olmayaraq, milyonlarla soydaşımızın mədəni inkişaf və ünsiyyət vasitəsi olan dilimiz tarixən böyük inkişaf yolu keçmiş, zaman-zaman ən müxtəlif təqib və təzyiqlərə məruz qalsa da, yenə öz varlığını qoruyub saxlamışdır.

Hər bir dili ilk növbədə onun daşıyıcısı olan xalq yaşadır. Dilin dövlət dili statusu alması isə təkcə xalqdan, millətdən, yaradıcı ziyalılardan asılı məsələ deyil. Tarix dönə-dönə sübut etmişdir ki, dilin inkişafı milli müstəqillik ideyalarına sadiq olan, böyük siyasi iradəsi və qətiyyəti ilə öz xalqının tarixinə islahatçı və müdrik dövlət xadimi kimi daxil olan liderlərin adı ilə sıx bağlıdır. Bu mənada Azərbaycan dilinin hərtərəfli inkişafı, onun yalnız kağız üzərində deyil, sözün həqiqi mənasında gündəlik həyatda, praktikada rəsmi dövlət dilinə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə, dünya diplomatiyasına yol tapması, nüfuz qazanaraq dünyanın mötəbər kürsülərindən eşidilməsi məhz ulu öndər H.Əliyevin adı ilə bağlıdır.

XVI əsrdə Azərbaycan Səfəvilər hakimiyyəti dövründə, eləcə də Azərbaycan Xalq Cümhuriyyəti dönəmində Azərbaycan dili rəsmi dövlət dili elan edilsə də, real tarixi şərait üzündən uzunömürlü ola bilmədi. Sonralar sovet hakimiyyəti dövründə, konkret olaraq 1956-cı ildə Azərbaycan Ali Sovetinin qərarı ilə 1937-ci ildə qəbul olunmuş Konstitusiyaya Azərbaycan dilini dövlət dili kimi elan edən maddə daxil olundu. Amma bu dəfə də bu nəcib iş siyasi müdrikliklə həyata keçirilməməsi səbəbindən müvəffəqiyyətsizliyə uğradı. Yalnız ulu öndər Heydər Əliyevin böyük qətiyyəti, cəsarəti və prinsipiallığı sayəsində o vaxtkı SSRİ rəhbərliyinin ciddi narazılıq və etirazına baxmayaraq, 1978-ci ildə qəbul olunan Azərbaycan sovet Konstitusiyasına Azərbaycan dilinin Dövlət dili olduğunu təsbit edən maddə daxil edildi.

Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra dilimizin daha geniş işlənməsi və nüfuzunun artması üçün real üfüqlər açıldı. Lakin çox təəssüf ki, AXC hakimiyyəti dövründə o vaxtkı respublika rəhbərliyinin səriştəsizliyi, xalqın iradəsinə zidd olan populist fəaliyyəti nəticəsində dilimizin adı dəyişdirildi. Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən Azərbaycanda hakimiyyətə qayıtması bu tarixi ədalətsizliyə də son qoydu. Müstəqil Azərbaycan respublikasının 1995-ci il noyabrın 12-də qəbul olunan ilk Konstitusiyasında xalq referendum yolu ilə öz mövqeyini nümayiş etdirərək Azərbaycanda dövlət dilinin Azərbaycan dili adlandırılması müddəasına tərəfdar olduğunu bildirdi.

Sonralar dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi, Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında imzaladığı fərmanlar, milli-mənəvi dəyərlərin qorunub saxlanılması istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasət ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideyasının formalaşması yolunda göstərdiyi misilsiz xidmətlərdəndir. Heç də təsadüfi deyil ki, Heydər Əliyevin dövlətçilik ənənələrinə və siyasi kursuna sədaqətini nümayiş etdirən Prezident İlham Əliyevin dövlət başçısı kimi imzaladığı ilk sənədlərdən biri də Azərbaycan və dünya klassiklərinin ən məşhur əsərlərinin Azərbaycan dilində latın qrafikalı əlifba ilə kütləvi nəşrinin həyata keçirilməsi haqqındakı Sərəncam olmuşdur.

Prezident İlham Əliyevin müxtəlif illərdə imzaladığı “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında”, “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında”, “Azərbaycan Milli ensiklopediyasının hazırlanması haqqında” və digər Sərəncamları ölkə başçımızın dilimizə, mədəniyyətimizə, zəngin mənəvi dəyərlərimizə bəslədiyi böyük hörmət və ehtiramın bariz nümunəsidir.

Ulu öndər Heydər Əliyev tövsiyə edirdi: “Müstəqil Azərbaycanın gələcəyi üçün ən mühüm vasitələrdən biri ana dilimizin, dövlət dilimizin inkişaf etdirilməsidir

четверг, 25 июня 2015 г.

26 İyun Silahlı Qüvvələrin yaranması günüdür


Bu gün Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir. 1918-ci il mayın 28-də yaranmış Azərbaycan Demokratik Respublikası cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə çox böyük işlər görmüşdür. Bu işlərdən biri də ordu quruculuğu sahəsində görülən tədbirlərdir. Ordu quruculuğu məsələsi çox çətin və mürəkkəb bir prosesdir. ADR yarananda Azərbaycanda milli ordu deyilən bir şey yox idi. Ordusuz dövlət yaşaya bilməz. O vaxt isə vəziyyət olduqca gərgin idi. Gənc Azərbaycan Demokratik Respublikasını parçalamaq, onun ərazisini öz torpaqlarına qatmaq üçün qonşu dövlətlər açıqdan-açığa öz məkrli fikirlərini bildirirdilər. Milli dövlətin meydana gəldiyi ilk gündən Ermənistan öz ərazisini Azərbaycan ərazisi hesabına genişləndirmək üçün silahlı cəhdlər göstərməyə başladı. Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə - əlahiddə korpus yarandı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Bunun ardınca ölkədə hərbi mükəlləfiyyət - orduya çağırış haqqında hökumət tərəfindən fərman verildi. Az bir vaxt ərzində Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu. Azərbaycan Milli Ordusu Ermənistan ordusunun təcavüzkar hücumlarının qarşısını dəfələrlə uğurla ala bilib. 1991-ci il oktyabrın 9-da Ordunun yaradılması haqqında Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul etdi. Azərbaycan Prezidentinin 22 may 1998-ci il tarixli qərarına əsasən, 26 iyun Silahlı Qüvvələr Günü elan edilib.

воскресенье, 14 июня 2015 г.

Nəyə görə 1993-cü il iyunun 15-ni Qurtuluş Günü adlandırırıq?



  Azadlıq, müstəqillik həm ayrıca bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. Biz azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmişik, mübarizə aparmışıq, bu yolda minlərlə şəhid vermişik. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. Qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqillik də yoxdur
Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insandır - Heydər Əliyev.
Heydər Əliyevin müstəqil, tarazlı və cəsarətli siyasət yeritməsi bütün Azərbaycan xalqının diqqətini cəlb edir, ona ümidləri artırırdı. Iqtidar isə onun siyasətini separatçılıq kimi qiymətləndirir və Naxçıvan Muxtar Respublikasında hakimiyyət çevrilişi etməyə,  qeyri-demokratik yolla Xalq Cəbhəsini hakimiyyətə gətirməyə cəhd edirdi. Bu elə bir dövr idi ki, daşnaklarin “Böyük Ermənistan” yaratmaq niyyətləri, Azərbaycanı Qafqazın siyasi xəritəsindən silmək planları reallaşmaq üzrə idi. Azərbaycan torpağı etnik əlamətə görə parçalanıb yox olmaq təhlükəsi qarşısında qalmışdı.  
1992-ci il oktyabrın 24-də Xalq Cəbhəsi yerli qurumlarına məxsus silahlı dəstələr Daxili İşlər Nazirliyi binasını, televiziya studiyasını ələ keçirdi.
Qiyamçılar xalqa televiziya ilə müraciət edib mövcud hakimiyyət əleyhinə bəyanatlar verdilər. Əhalinin böyük əksəriyyəti Heydər Əliyevin çağrışı ilə ayağa qalxdı. Silahlılar dövlət idarələrindən qovulub çıxarıldı.
Xalq xilas yolunu Heydər Əliyevin ölkəyə rəhbərliyində gördüyü halda iqtidarda olan və olmayan Xalq Cəbhəsi üzvləri, habelə hakimiyyəti itirmiş qüvvələr və onların əlaltıları arasında didişmə, satqınlıq, xəyanət yolu ilə hətta Azərbaycanın müstəqilliyi bahasına hakimiyyəti ələ keçirmək cəhdləri baş alıb gedirdi. 
Gəncədə 1993-cü il iyun qiyamı vəziyyəti daha da ağırlaşdırdı. Burada hökumətə tabe olmayan bir qrup zabit “hərbi birlik” yaratmışdır. Onlara Surət Hüseynov rəhbərlik edirdi. 709 saylı hərbi hissə Müdafiə Nazirliyinə tabe olmurdu. Iqtidar hərbi müxalifətin öhdəsindən gələ bilmirdi. 
Iyunun 4-də səhər hərbi qiyamı yatırmaq üçün hökümət Gəncəyə 3 minədək canlı qüvvə, güclü hərbi texnika yeritdi. Iki qardaş üz-üzə dayandı. 709 saylı hərbi hissənin kazarmaları dağıdıldı, hərbi təyyarələr havaya qalxıb hava limanını darmadağın etdi. Lakin qiyamçılar daha fəal hərəkət etdilər. Onlar qan tökmək istəməyən qvardiyaçıları şəhədən çıxarmaq adı altında avtobusa doldurub güllələdilər. Hökumət qüvvələri məğlub edildi. Qiyamçı hərbi hissələr Bakıya doğru yeriməyə, prezidentin və hökumətin istefaya getməsini tələb etməyə başladılar və müqavimətə rast gəlmədən paytaxta yaxlınlaşdılar. 
Iyunun 14-də Nəvahi yaxınlığında ordular üz-üzə dayandı. Danışıqlar nəticəsində qiyamçıları Lökbatan yaxınlığında və Şamaxı yolunun 75 kilometrliyində saxlamaq mümkün oldu. Yaranmış vəziyyətlə əlaqədar parlamentin sədri,  baş nazir, üç güc nazirliyinin rəhbərləri istefaya getməyə məcbur oldular. Ölkənin qabaqcıl adamları, ziyalılar, sadə əməkçilər böyük fəlakətin yaxınlaşdığını hiss edirdilər.
Bununla yanaşı xalqın sağlam qüvvələrinə arxalanan qurtuluş hərəkatı meydana gəlir və sürətlə genişlənirdi. Bu hərəkat zamanın böyük siyasətçisi Heydər Əliyevin ətrafında toplaşırdı. Ziyalı insanlar dəfələrlə Naxçıvana gedib yenidən böyük siyasətə qayıtmasını xahiş etmişdilər. 
1992-ci il oktyabrın 16-da Azərbaycanın 91 nəfər nüfuzlu ziyalısı-alimlər, müəllimlər, jurnalistlər, hüquqşünaslar, həkimlər “Səs” qəzeti vasitəsilə Heydər Əliyevə Qurtuluş hərəkatına rəhbərlik etməsi barədə rəsmi müraciət etdi. Yeni Azərbaycan uğrunda siyasi hərəkat genişlənirdi. 
Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyası (YAP) təşkil edildi. AXC-Musavat iqtidarı uzun müddət öz yarıtmaz fəaliyyəti ilə ölkəni parçalanmaq həddinə çatdırdı. Vətəndaş müharibəsi üçün zəmin yarandı. Başlanmış bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən iqtidar son anda kömək üçün Heydər Əliyevə müraciət etdi.
Azərbaycanın görkəmli oğlu böyük vətənpərvər Heydər Əliyev xalqın bu ağır günündə, şübhəsiz, kənardan baxa bilməzdi. O, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib iyunun 9-da Bakıya gəldi. Bununla da daxili və xarici düşmənlərimizin bütün planları iflasa uğradı. Xilaskarlıq missiyasını öz üzərinə götürən bu nəhəng şəxsiyyət həyatını təhlükə altında qoyaraq Gəncəyə getdi. Hadisələrin daha faciəli nəticələrə gətirib çıxarmaması üçün öz ağsaqqal sözünü dedi. Indi inamla söyləyə bilərik ki, Heydər Əliyevin Gəncəyə səfəri vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını aldı. Ümummilli liderimiz Gəncədə baş verən hadisələrə münasibət bildirərkən demişdi: “Hadisələr dəhşətlidir. Qan tökülüb, cinayət edilib. Bunlar araşdırılmalıdır və qanunu pozmuş bütün adamlar, cinayətdə iştirak etmiş adamlar, cinayəti təşkil etmiş, hansı tərəfdən asılı olmasına baxmayaraq qanun qarşısında məsuliyyət daşımalıdırlar”. Bütün Azərbaycan xalqı bu gəlişi böyük ümid və sevinclə qarşıladı.
1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.
Dövləti olmayan xalq ölümə məhkumdur. Dövlətçilik xalqın “ölüm, ya olum” məsələsidir.
Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan  dövlətçiliyini xilas etməsində, Azərbaycan varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtarmaqda idi. Dövlətimizin qorunub saxlanılması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir, qurtuluş deməkdir! 
Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və əmin-amanlıq yaratdı. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edilmiş, onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas olmuş, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazanmışdır. Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qaldığını sübut etdi ki, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”.
Tarixin, dövrün, zamanın yazıları, əsrlərlə silinməyən, daim xatırlanan yaddaşı olduğu kimi, zaman da tarixin yol yoldaşı, bələdçisidir. Zamanı, bütöv bir dövrü, bəzən bir anı tarixləşdirən, əbədiləşdirən isə qüdrətli, müdrik, dahi şəxsiyyətlərdir. Tarix əbədiliyi, zaman dolğunluğu, keşməkeşliyi, bəşəriyyət isə azad, firavan həyatı üçün belə insanlara, şəxsiyyətlərə borcludur. 

понедельник, 1 июня 2015 г.

1İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür


Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. 
BMT Baş Assambleyasının 1950-ci il iyunun 1-də təşkil etdiyi qadınların beynəlxalq konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin konfransda da iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb.
Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.Uşaqlar Azərbaycanda  əhalinin təxminən 30 faizini təşkil edir. Ölkəmizdə uşaq və yeniyetmə yaşında olan gənclərin təxminən 95 faizi təhsil alır. Onların böyük bir qismi pulsuz tibbi xidmətlə təmin olunub.Həkimlərin fikrincə, uşaqların arasında xəstəliklərin əsas səbəblərindən biri onların erkən yaşlardan işə gəlb edilməsidir.
 Azərbaycanda əsasən paytaxt küçələrində, gül satan, ayaqqabı boyayan, maşın şüşəsi silən uşaqlara da rast gəlinir.
  Azərbaycanda uşaqların vəziyyəti ilə bağlı əsas problemlərdən biri də uşaq alveridir. Artıq bunun qarşısının alınması, kökünün kəsilməsi və cinayətkarların cəzalandırılması istiqamətində müəyyən tədbirlər görülür.  Son illər uşaqların valideynləri tərəfindən zorakılığa məruz qalması ilə bağlı halların artması da həyəcan yaradan hallardandır. Digər vacib problem internatlardan uşaqların ailələrə verilməsidir. Hazırda ölkədə 50-yə qədər internat məktəbi fəaliyyət göstərir.

Onların himayəsində təxminən 20 mindən çox uşaq var. 5000 mindən çox uşaq isə valideyn himayəsindən məhrumdur.Azərbaycanda 300 min qaçqın və məcburi köçkün uşağın olması da uşaq probleminin həllinə mənfi təsir göstərən amildir. Bütün bunlara baxmayaraq, nikbin faktlar da mövcuddur. Məsələn, son 12 ildə körpə və uşaqlar arasında ölüm əmsalı iki dəfə azalıb.
Ümidləri doğruldub, xeyirli övlad olsunlar.


BÜLLUR BAŞMAQ