суббота, 4 октября 2014 г.

Qurban bayramı

Əziz müəllimlər qurbanınız qoyun, niyətiniz qəbul olsun, səadət dolu günləriniz olsun, bayramınız mübarək olsun.

Allaha qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim Peyğəmbər oğlu İsmayılı qurban kəsməyə hazır idi. Lakin uca Allah bunu öz elçisinə rəva bilmədi və qurbanlıq üçün ona bir qoç göndərdi. Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana "İsmayıl qurbanı" da deyirlər.

Çox sevdiyi balasını Allah yolunda qurban verməyə hazır olması peyğəmbərin Allah qarşısında imanının, səmimiliyinin və mütiliyinin bariz sübutudur. Odur ki, din tarixində dərin iz salmış bu hadisə Allaha inamın, dərin etiqadın nümunəsidir. Bu hadisə onu göstərir ki, insanlar Allahı sonsuz imanla sevməli və öz sevgilərində bu cür səmimi olmalıdırlar. Çətin anlarda Allahı da yada salıb, yaxşı zamanlarda Onu unutmaq möminə yaraşan hərəkət deyil!

Bu rəvayətin başqa bir fəlsəfi-əxlaqi mənası ondan ibarətdir ki, İslamda insanın Allah yolunda qurban kəsilməsi qəbul olunmur. İslama qədər bir çox dinlərdə insanları qurban vermə ayinlərinə rast gəlmək mümkündür. Məsələn, atəşpərəstlər insanı odda yandırırdılar. Onlar bu yolla Allaha yaxın olduqlarını göstərirdilər. Qədim Çində də insanları tanrılara qurban vermək adəti var idi. Bu ölkədə təbii fəlakətlərdən, daşqınlardan hifz olunmaq üçün uşaqları suya atırdılar.
"Rəbbin üçün namaz qıl və qurban kəs!", "De ki: "Mənim namazım da, kəsdiyim qurban da, həyatım və ölümüm də aləmlərin Rəbbi – Allah üçündür", "Biz hər bir ümmət üçün bir qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi verdiyi dördayaqlı heyvanların üstündə (onları kəsdikləri zaman) Allahın adını çəksinlər" kimi münasibətlər göstərilir. Ənəs ibn Malikdən rəvayət olunan hədisdə isə Peyğəmbər demişdir: "Bayram namazından sonra qurban kəsən ibadətini tamamlamış və müsəlmanların sünnəsinə (yoluna) əməl etmişdir".
Qurban bayramında hər bir imkanlı müsəlman qurban kəsib, onun ətini imkansızlara, kasıblara paylamalıdır. Burda əsas məqsəd dindarlığa nail olmaqdır. Quranda yazılıb: "Allaha nə ət, nə onun qanı çatmır, ancaq sizin dindarlığınız çatır".


пятница, 3 октября 2014 г.

            Müəllimlik ən müqəddəs sənətdir.

 

Beynəlxalq müəllimlər günü, 5 oktyabr - Bu tarixin qeyd edilməsinə dair qərarı ilk dəfə 1966-cı il oktyabrın 5-də YUNESKO verib. Bu təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul edilib.  İndi dünyanın 100-dən çox ölkəsində oktyabrın 5-də müəllimlər peşə bayramını qeyd edir.Hər il oktyabrın 5-i bütün dünyada Müəllim Günü kimi qeyd olunur. Bu gün müəllimlər öz peşə bayramlarını keçirirlər.Hər kəs özünün ibtidai məktəbdə, birinci sinifdə oxuduğu illəri xoş xatirə kimi anır və bu xatirələrdə ən əziz yeri, əlbəttə ki, ona sevgi və qayğı ilə qələm tutmağı, yazı yazmağı, kitab oxumağı öyrədən müəllim tutur.Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən ğözəl peşədir.Bu gözəl və şərəfli işin dəyərini bilən əcdadlarımız həmişə müəllimə hörmətlə yanaşmışlar.Müəllimlər şagirdlərin dərin və hər tərəfli bilik almaları, yaşadıqları dövrün problemlərindən baş çıxarmaları üçün bütün bilik və bacarıqlarını sərf edirlər. Valideynlə bərabər, bəlkə də, ondan daha çox, uşağın hər cür şıltaqlığına, əziyyətinə dözmək, kədəri ilə kədərlənib, sevinci ilə sevinmək müəllimlərin üzərinə düşən ağır yükdür.Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir.Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olmuşdur. Günlər keçir, illər illərə calanır, biz həyatımızda çox şeyi unuduruq. Amma heç zaman ilk müəllimimiz və sevimli müəllimimiz yaddan çıxmır, xatirədən silinmir. Axı bizlərin hər birinə elm qapısının açarını ilk müəllimimiz təqdim edib, bizləri əsrarəngsiz dünya ilə müllimlərimiz qovuşdurub.

İlk dəfə əlimə qələm almağı,
Oturub partada yazı yazmağı,
Özümə yeni bir dünya qurmağı,
Sən öyrətdin mənə ilk müəllimim.



 Müəllimlik ən müqəddəs sənətdir. Maddi-mənəvi aləmdə heç bir ehtişam, əzəmət, qüdrət müəllim üçün meyar ola bilməz. Sarayların naxışını, həyatın sinfoniyasını, dastanların nəğməsini, sözünü yaradan şairlərin, yazıçıların, möhtəşəmliyi ilə göz oxşayan binaları ucaldan, parkları salan memarların, insanlara həyat bəxş edən həkimlərin və yüzlərlə digər sənət sahiblərinin yaradıcısı kimdir?! Əlbətdə ki, müəllim! Müəllim böyük memardır, həyatın yaradıcısıdır.Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən gözəl peşədir. Bu gözəl və şərəfli işin dəyərini bilən əcdadlarımız həmişə müəllimə hörmətlə yanaşmışlar. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı , bilikli, dünyagörüşlü nümunəvi əxlaqa malik insanlar yetişir.
Müəllim, ulu öndərimizin söylədiyi kimi, bizi həyata hazırlayan və bu günlərə gətirib çıxaran insandır. Əgər həyat yolumuza nəzər salsaq, yaşından, vəzifəsindən, mövqeyindən asılı olmayaraq hər birimizin valideynlərimizlə bərabər müəllimlərə borclu olduğumuzu görərik. Biz hər birimiz müəllimlərimizin göstərdiyi yolla hədəflərə doğru getmişik. Bu bir missiyadır.

Müdriklər deyir ki, müəllim o deyil ki, öyrədir, o şəxsdir ki, ondan öyrənirlər. Azərbaycanda bizim öyrənməyi öyrəndiyimiz böyük müəllimlərimiz olub: Üzeyir Hacıbəyov, Firudin Köçərli, Mehdi Mehdizadə, Mir Cəlal, Abbas Zamanov və adları bu şərəfli siyahını davam etdirən onlarla digər müəllimlər. Onlar dünən də olub, bu gün də var, gələcəkdə də olacaqlar.

Azərbaycanın yeni təhsil fəlsəfəsinin də əsas sütunlarından biri müəllim şəxsiyyəti üzərində qurulub. Müəllim peşəsinin ictimai nüfuzunun artırılması, onun yüksək maddi və mənəvi motivasiyası, pedaqoji təhsilə istedadlı gənclərin cəlb olunması - bunlar ölkəmizdə təhsil islahatlarının uğurla həyata keçirilməsi üçün ən vacib amillərdir.

Dövlətimiz həmişə müəllim adını, müəllim əməyini yüksək tutub. Bu günlərdə cənab Prezidentin sərəncamı ilə təltif olunan müəllimlərimizin əməyinin yüksək qiymətləndirilməsi və onların ən yüksək adlara layiq görülməsi bunu bir daha əks etdirir.

Müəllimlər Günü

четверг, 2 октября 2014 г.

Bilik Fondu müəllimlərin peşə bayramını təbrik etdi

Bilik Fondunda Müəllim günü ilə bağlı “Azərbaycan müəllimi bu gün” mövzusunda dəyirmi masa keçirilib. Fondun İnformasiya Təminatı sektorundan Publika.az-a verilən  məlumata görə,  tədbirdə paytaxtın bir sıra məktəblərinin müəllim və şagird kollektivi iştirak edib.  Fondun direktoru Oktay Səmədov qonaqları qarşıdan gələn Beynəlxalq Müəllimlər Günü münasibəti ilə təbrik edib. Fondun maarifçiliklə bağlı layihələrindən geniş bəhs edən icraçı direktor müəllimlərin bu layihələrdə yaxından iştiraknın vacibliyini vurğulayıb.
 Dəyirmi masada əməkdar müəllim, pedaqoji elmlər doktoru, professor, Təhsil Şurasının sədri Əjdər Ağayev çıxış edib. Müəllimlik peşəsinin müqəddəsliyindən danışan professor hər bir şagirdə fərdi yanaşmanın zəruriliyini və təlim-tərbiyə prosesinin fədakarlıq tələb etdiyini deyib. “Bir şagirdin qəlbini fəth etmək bir ölkə fəth etməkdən daha alidir”. 
Dəyirmi masada Qaradağ rayonu, 320 saylı orta məktəbin direktoru Namik Cəfərov, Xətai rayonu Heydər Əliyev adına liseyin direktoru Fikrət Xəlilov, Xəzər rayonu, Buzovna qəsəbə, 26 saylı orta məktəbin direktoru Natiq Səmədov, Binəqədi rayonu, R.Əliyev adına 3 saylı tam orta məktəbin direktoru Nizami Novruzov, Nəsimi rayonu, 46 saylı orta məktəbin direktoru Sevinc Budaqova, Səbail rayonu, 160 saylı Klassik Gimnaziyanın direktoru Faina Ələkbərova, Nizami rayonu, Ə.Mahmudov adına 220 saylı məktəb-liseyin direktoru Almaz Əsgərova, BSU-nun Məktəb lisey Kompleksinin direktor müavini Naibə Kərimli və kompleksin birinci sinif şagirdləri, Ali məktəblərin pedaqoji fakültələrinin tələbələri və Fondun əməkdaşları iştirak ediblər.

Dəyirmi masada təhsillə bağlı müzakirələr aparılıb. Əjdər Ağayev tələbələri maraqlandıran sualları cavablandırıb. İştirakçılar belə tədbirlərin davamlı keçirilməsinə ehtiyac olduğunu bildiriblər. Sonda birincilər müəllimlər üçün şeirlər səsləndiriblər.

понедельник, 29 сентября 2014 г.

Təhsil Nazirliyindən məktəb gündəliyi biabırçılığına reaksiya


“Təhsil Nazirliyi gündəliklərin çapı ilə məşğul olmur”.
Bu sözləri Axar.az-a məktəb gündəliklərində reklam yerləşdirilməsi ilə bağlı göndərilən sorğuya cavab olaraq Təhsil Nazirliyindən bildiriblər.
 Nazirlik bu məsələni özəl qurumların həyata keçirdiyini qeyd edib: 
“Gündəliklərin çapı özəl nəşriyyatlar tərəfindən həyata keçirilir”.
Qeyd edək ki, məktəb gündəliklərinin içində reklam xarakterli məlumatlar yerləşdirilib. Gündəliklərin təkcə ön və arxa hissələrində deyil, dərs tapşırıqlarını qeyd etmək üçün nəzərdə tutulan cədvəllərin də arasında müxtəlif reklamlara rast gəlmək mümkündür.
Gündəliklərdə mobil operatorların təklif etdikləri tariflərdən tutmuş internet paketləri haqqında məlumatlar qədər, müxtəlif reklamlar yerləşdirilib.

воскресенье, 28 сентября 2014 г.

Prezidentdən müəllim və şagirdləri sevindirəcək xəbər

Azərbaycan prezidenti İlham Əliyev Bakının Xəzər rayonunun Şağan qəsəbəsindəki 124 nömrəli orta məktəbin kollektivi və yerli ictimaiyyət nümayəndələri ilə görüşüb.
 
Prezident görüş zamanı təhsil sahəsində aparılan islahatlara toxunub. “Bizim əsas istəyimiz odur ki, təhsilin keyfiyyəti artsın. Burada, əlbəttə ki, aparılan islahatların böyük rolu var. Bu islahatlar aparılır. Əminəm ki, yaxın gələcəkdə artıq gözəl nəticələr də olacaq. Eyni zamanda, təhsil prosesinin keyfiyyəti çox önəmlidir. Müəllimlərin hazırlığı burada xüsusi yer tutur. Əlbəttə ki, uşaqlar da yaxşı oxumalıdırlar. Uşaqlar başa düşməlidirlər ki, onların gələcəyi özlərinin əlindədir”, - deyə o vurğulayıb.
 
Dövlət başçısı qeyd edib ki, yaxşı bilikli insan həyatda yaxşı iş də tapa, yaxşı dolanışıq da qura bilər, həm də öz ölkəsinə, xalqına daha da böyük xidmət göstərmiş olar: “Ona görə uşaqlar da bunu dərk etməli və bilməlidirlər ki, onların gələcəyi özlərinin əlindədir. Müəllimlər isə əlbəttə ki, uşaqlara yaxşı tərbiyə verməlidirlər. Uşaqlar, eyni zamanda, vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar. Bizim gənclərimiz müstəqillik illərində formalaşır. Müstəqilliyin üstünlüklərini hər bir insan görür. Ancaq müstəqil olan zaman Azərbaycan xalqı, dövlətimiz sürətlə inkişaf edir. Müstəqillik bizim ən böyük xoşbəxtliyimizdir, ən böyük sərvətimizdir”.
 
Dünyada qloballaşma prosesinin getdiyini deyən Azərbaycan prezidneti bunun həm mənfi, həm də müsbət tərəflərinin olduğunu önə çəkib. “Mən çox istəyirəm ki, uşaqlarımız məhz milli ruhda böyüsünlər, Vətənə, xalqa bağlı olsunlar. Öz milli ənənələrinə sadiq və dəyərli vətəndaş olsunlar. Əlbəttə ki, buna nail olmaq üçün ailələrdə və məktəblərdə tərbiyə düzgün aparılmalıdır. Belə gözəl məktəbin özü artıq bir tərbiyə üsuludur. Çünki burada oxuyan uşaq bu gözəlliyi, təmizliyi görəcək, uşaqlıq yaşlarından buna öyrəşəcək və gələcəkdə də öz həyatında bu prinsipləri rəhbər tutacaq. Bir daha demək istəyirəm ki, son 10 il ərzində 2900 məktəbin tikintisi, təmiri tarixi hadisədir. Bu məktəblərin əksəriyyəti 1930-cu, 1940-cı, 1950-ci, 1970-ci illərdə tikilib. Onların bir çoxu artıq bərbad, qəzalı vəziyyətdə idi. Əfsuslar olsun ki, hələ də bölgələrimizdə qəzalı vəziyyətdə məktəblər var. Amma onların sayı kəskin şəkildə aşağı düşür. Dövlətin gördüyü işlər, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında, o cümlədən Bakı və onun qəsəbələrinin inkişafına dair Dövlət Proqramında bütün məktəblərin təmiri, tikintisi nəzərdə tutulur. Proqrama görə 2016-cı ilə qədər Bakıda məktəblərin təmiri başa çatmalıdır. Amma hesab edirəm ki, artıq gələn il Bakıda bir dənə də olsun təmirsiz məktəb qalmayacaq”.


суббота, 27 сентября 2014 г.

Kitab oxumağın şagirdlərin inkişafına təsiri haqqında mütəxəssis fikirləri

ƏJDƏR  AĞAYEV,

pedaqoji elmlər doktoru, professor
Bədii ədəbiyyat uşaqların şəxsiyyət kimi formalaşmasında mühüm vasitələrdən biridir. Kiçik yaşlardan onların yaşlarına və maraqlarına uyğun ədəbiyyatla tanış olmaları onlarda həyat hadisələrinə, insanlara, təbiətə böyük maraq yaradır.
Bədii əsərlərdəki obrazlar, psixoloji hallar, hadisələrin inkişafı uşaqların dünyagörüşünü genişləndirdiyi kimi, məlumatlarını da artırır. Şagirdlər təlim prosesində öyrəndiklərini bədii ədəbiyyatı oxuyub təhlil edərkən bir daha təsdiqləyirlər. Ona görə də uşaqların kamilləşməsinə, bədii-estetik zövqünün inkişafına təsir edən bədii ədəbiyyatın oxunması tədris proqramlarına daxil edilməli, sistemli 

və müntəzəm şəkildə həyata keçirilməlidir.

Ənvər ABBASOV,

Təhsil Problemləri İnstitutunun direktor müavini
Şifahi və yazılı ünsiyyət şəxsiyyətin mühüm atributlarından olan mədəniyyətlərdir. Bunlar özündə dinləyib- anlama, danışma, oxu, yazı mədəniyyətlərini ehtiva edir. Biz gələcəkdə cəmiyyəti irəliyə apara bilən övladlarımıza bu mədəniyyətləri aşılamalıyıq. Bu mədəniyyətin aşılanması yollarından və vasitələrindən biri də mütaliədir. Təbii ki, müasir insan üçün son dərəcə zəruri olan bu bacarıqların formalaşdırılmasının ağırlıq mərkəzi daha çox məktəbin, təhsil müəssisələrinin üzərinə düşür.
Təhsil islahatları dövründə bu məsələlərin müzakirəsi həmişə gündəmdə olub və yeni təhsil proqramlarının (kurikulumların) hazırlanmasında metodoloji əsas kimi nəzərə alınıb. İstər Nazirlər Kabinetinin təsdiq etdiyi milli səviyyəli səriştələrdə (kompetensiyalarda), istərsə də siniflər üzrə standartlarda şagirdlərin oxu və yazı bacarıqlarını inkişaf etdirməklə onu dəyərə (oxu mədəniyyətinə, yazı mədəniyyətinə) çevirmək başlıca hədəf kimi müəyyənləşdirilib. Azərbaycan dili fənni üzrə "Oxu" və "Yazı", ədəbiyyat fənni üzrə "Ədəbiyyat və həyat", "Şifahi nitq", "Yazılı nitq" məzmun xətləri üzrə qruplaşdırılmış standartların başlıca funksiyası, məhz oxu və yazı bacarıqlarının formalaşdırılmasına xidmət göstərməkdən ibarətdir. Əgər digər fənlərin təlimi prosesindəki oxu və yazı fəaliyyətləri və şagirdlərin özlərinin müstəqil mütaliəsi də buraya əlavə edilmiş olarsa, o zaman yalnız ümumi təhsildə oxu və yazı mədəniyyətlərinin formalaşması üçün xeyli əlavə imkanların yaradıldığı aydın görünər.
Standartların reallaşdırılması, oradakı tələblərin yerinə yetirilməsi səviyyəsi müəllimin özünün tədris fəaliyyətini planlaşdırmasından, fəaliyyət kurikulumunu hazırlamasından çox asılıdır. O, buna nail olmaq üçün kurikulum və dərslik komplektini nəzərdən keçirməli, şagirdlərini standartların tələbinə uyğun inkişaf etdirmək üçün planlaşdırma aparmalı, oxu və yazı üzrə, o cümlədən mütaliə üçün zəruri hesab etdiyi müxtəlif üslublarda olan ədəbiyyatları müəyyənləşdirməlidir.


  ASİF  CAHANGİROV,
əməkdar müəllim, təhsil eksperti
Mütaliənin əhəmiyyətini, vacibliyini daim mütaliə edənlər dərk edir və başa düşür. Bir çox gəncimizin, eləcə də, açığını deyək, sayı o qədər də az olmayan pedaqoji işçilərin bədii ədəbiyyata, müxtəlif növ elmi-kütləvi, elmi-pedaqoji kitablara maraq göstərməməsi məni həmişə narahat etmişdir. İstər müəllimlər, istər valideynlərlə görüşlərdə, istərsə də ictimaiyyət arasında vurğulamışam ki, mütaliə inkişaf, öz üzərində daim işləmək deməkdir və mütaliə edənlər öz erudisiyası, geniş bilik və mükəmməl kompetensiyaları, karyera inkişafı ilə həmişə ətrafdakılardan seçilir.
Bəziləri düşünür ki, indiki kompüter, informasiya dövründə mütaliədən danışanda söhbət yalnız nəşr olunmuş kitablardan gedir. Əslində elektron vasitələri mütaliə üçün daha geniş imkanlar açmış, əlverişli şərait yaratmışdır.
Sözsüz ki, məktəblilərimizin mütaliəyə şüurlu və sistemli şəkildə yanaşması üçün Təhsil Nazirliyinin, Təhsil Problemləri İnstitutunun dəstəyinə ehtiyac vardır. İlk növbədə, mövcud çap məhsulları və elektron resurslarının dərin təhlili aparılmaqla, müxtəlif yaş qrupları üzrə tövsiyə edilən ədəbiyyatın siyahısı hazırlanmalıdır. Məsələn, elektron resursları, bədii ədəbiyyatın əhəmiyyətliliyini nəzərə almaqla fənlər üzrə sinifdənxaric oxu üçün 250-300 kitab müəyyənləşdirib 2-3 illik proqram hazırlamaq olar. İnformasiyanın daim çoxaldığını nəzərə alsaq hər il üçün hər bir fənn üzrə 10-15 adda ən mühüm sayılan bədii, elmi-kütləvi ədəbiyyatı, mütəfəkkir və alimlərin həyatı, fəaliyyəti, yaradıcılığı haqqında olan kitabları, bioqrafik əsərləri seçib mütaliə üçün tövsiyə etmək məqsədəuyğun olardı.
Yalnız mütaliə deyil, həmin prosesin məktəb rəhbərliyi və müəllimlər, eləcə də təhsili idarəetmə orqanları tərəfindən sistemli idarəolunmasının, onun monitorinqinin vacibliyini də vurğulamaq istərdim. Yəni, əgər biz məsələnin əhəmiyyətini dərk ediriksə, ona bir kampaniya kimi, formal yanaşılmamalıdır. Bunu, məsələn, hər bir əsər üzrə inşaların yazdırılması, diskussiyaların təşkil olunması, valideynlər də cəlb olunmaqla hansısa kütləvi tədbirlərin keçirilməsi və ya başqa şəkildə etmək olar.
Bununla biz nə qazanırıq?
İlk növbədə, şagirdlərdə oxu zövqünü formalaşdırmaqla bərabər özlərinin inkişafına marağı artırırıq. İkincisi, müxtəlif sahələrdə biliklərini dərinləşdiririk, tədqiqat fəaliyyətini yüksəldir və inkişaf etdiririk. Biz onlarda elə zövq formalaşdırırıq ki, sonralar özləri kitab seçərkən artıq müqayisələr aparmaq onlara asan olur. Məsələn, Nizamini, Şekspiri, Heminqueyi, Tolstoyu, Hüseyn Cavidi, Çingiz Aytmatovu oxuyan, onların əsərləri əsasında formalaşan gənc hansısa eybəcər və bayağı əsərləri artıq vərəqləməyəcək, ciddi məna kəsb etməyən elektron saytlarına daxil olmayacaq. Bu dahilərin əsərləri ilə tanış olan adam primitiv ədəbiyyatı oxumayacaqdır.
Eyni zamanda biz internet resurslarından elm, bədii ədəbiyyat sahəsində saytları uşaqlara verəndən və onlar bu internet saytlarından istifadə edəndən sonra onların lüzumsuz saytlara meyli də azalacaqdır.
"Azərbaycan müəllimi" qəzeti